Azərbaycanın 2014 planları: sənaye ili, liman və TANAP layihəsi

Şəklin mənbəyi, presidentaz
Azərbaycan prezidenti İlham Əliyev 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə Nazirlər Kabinetinin iclasında sosial siyasət, xarici siyasət, iqtisadiyyat, təhsil və digər sahələrdən danışıb.
Sosial siyasətə toxunan İlham Əliyev bildirib ki, birinci rübdə valyuta ehtiyatları 53 milyard dollar təşkil edir, prezidentin rəsmi saytı yazır, əhalinin banklarda əmanətləri isə 20 faizdən çox artıb.
Əmək haqqının artdığını deyən prezident Əliyev qeyd edib ki, orta əməkhaqqı təxminən 7 faiz artıb və Azərbaycanda orta əməkhaqqı 430 manat səviyyəsindədir.
Səhiyyə sahəsində isə o, icbari dispanserizasiyadan söz açıb, "ilin iki ayında dörd milyon insan dispanserizsiya müayinəsindən keçib və bu hər il davam etdiriləcək".
Xarici siyasət: İkili standartlar və sanksiyalar
Xarici siyasətə gəldikdə isə, cənab Əliyev İrana səfərini yada salıb. “Hökumətlərarası birgə komissiyanın yeni formatı müəyyən edilir, yaxın zamanlarda tam şəkildə formalaşacaqdır. Bütün istiqamətlər üzrə çox fəal iş aparılacaqdır”.
O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə deyib ki, keçən ilin sonlarında vasitəçilərin müəyyən nikbin fikirləri olub, lakin “onlar özünü doğrultmur”.
“..Ermənistan sadəcə olaraq vaxt uzatmaqla məşğuldur. Nə hərb, nə sülh vəziyyətini saxlamaq istəyir və beynəlxalq vasitəçilər əfsuslar olsun ki, onlara ciddi təzyiq etmirlər”.
Əslində çoxdan Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməli idi, cənab Əliyev deyib.
“Nə vaxta qədər biz bu ikili standartlarla üzləşəcəyik? Bunun səbəbi nədir? Nə üçün qondarma "Dağlıq Qarabağ respublikası"nın rəhbərləri sanksiyalardan əziyyət çəkmir? Nə üçün onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır”.
Onun sözlərinə görə, əməkdaşlıq edilən Qərb ölkələrin rəhbərlərindən tanınmamış "Dağlıq Qarabağ respublikası"nın "rəhbərləri"ni öz ölkələrinə buraxmamaq və sanksiyalar tətbiq etmək xahiş edilsə də, onlara viza verilir.
“Biz bu ikili standartlardan yorulmuşuq. Bu qədər ədalətsizliyə dözmək mümkün deyildir”.
Azərbaycan və Naxçıvan Ordusu
Azərbaycan Ordusuna məxsus texnika baxımından “ən güclü” adlandıran prezident Əliyev Naxçıvan Əlahiddə Ordusundan söz açıb.
“Artıq orada (Ordu) həm müasir artilleriya qurğuları, döyüş və nəqliyyat helikopterləri, tank əleyhinə qurğular, hava hücumuna qarşı qurğular, ən müasir “T-72”, “T-90” tankları və digər hərbi silah-sursat vardır, daha da artacaqdır”.
Nazirlərin çıxışı
Vergilər naziri Fazil Məmmədov bildirib ki, Azərbaycanda hesabat dövründə 29 minə yaxın yeni iş yeri açılıb.
Enerji naziri Natiq Əliyev məruzə edib ki, “Azəri-Çıraq-Günəşli” yataqlarında 2011-2012-ci illərdə neft hasilatının həcminin kəskin surətdə azalması ilə əlaqədar “bp-Azərbaycan” şirkətinin rəhbərliyinin ünvanına İlham Əliyevin söylədiyi “haqlı tənqid və iradlar ... müsbət nəticələnib”.
Nəticədə, ötən ilin yekun nəticələrinə əsasən, AÇG yataqlarından 30 milyon 623 min ton proqnoz göstəricilərinə qarşı 32 milyon 717 min ton xam neft hasil edilib.
Təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, sistemin daxilində “qanunazidd işə qəbul edilən xeyli sayda insan da vardır”. Bu problemin həlli üçün müəllimlərin attestasiyadan keçirilməsi nəzərdə tutulub.
Dərslik mövzusuna toxunan nazir Cabbarov müəlliflərin “az” olduğunu bildirib. Bu məqsədlə, müəlliflik iddiasında olan mütəxəssisləri dərslik yazmağa təşviq etmək üçün ikinci və üçüncü yer tutan dərslik müəlliflərinə pul mükafatının verilməsi nəzərdə tutulub.
Nazir Cabbarov qeyd edib ki, ali məktəblərin nizamnamələri yenidən işlənməli, rektorların və digər idarəetmə strukturlarının hesabat müddəti, məsələn, beş ildən bir tərtib olunmalıdır.
Növbəti akademik ildən isə nazirlik öz imkanları hesabına ali təhsildə pilot layihə kimi tələbə qrantları və kreditləri sistemini tətbiq edə bilər.
Sənaye ili
İlham Əliyev yekun nitqində bildirib ki, bu il Dövlət İnvestisiya Proqramı tam şəkildə icra edilməlidir. Proqram, infrastruktur layihələri - qazlaşdırma, kənd yollarının, içməli su və kanalizasiya xətlərinin çəkilişi layihələrini əhatə edir.
2014-cü ilin “Sənaye ili” elan edildiyini deyən Prezident Əliyev əsas sənaye mərkəzlərini sadalayıb - Bakı, Sumqayıt, Gəncə və Mingəçevir.
O, yayda Xəzərdə "ən böyük" beynəlxalq dəniz limanının birinci hissəsinin istifadəyə veriləcəyini bildirib. Bu halda indiki dəniz limanı şəhərin mərkəzindən köçürüləcək və onun yerində ictimai yerlər, bulvar salınacaq.
Ordu quruculuğu ilə bağlı bu il görüləcək işlər arasında, o, Hərbi Dəniz Qüvvələri bazasının tikilməsini "xüsusilə" qeyd edib.
TANAP layihəsinin tikilməsi ilə bağlı cənab Əliyev əsas risklərin Azərbaycanın üzərində olduğunu vurğulayıb.
"Artıq tenderlər elan edilibdir. Ümid edirəm ki, yaxın zamanlarda biz tikintiyə başlayacağıq. Maliyyə risklərini, texniki risklərin hamısını Azərbaycan öz üzərinə götürüb. Əminəm ki, biz bu layihəni də uğurla icra edəcəyik".
"Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər"
Ətraf mühitin qorunmasına gəldikdə isə, o, ictimaiyyəti və özünün "narahat olduğu" məsələlərdən biri kimi, ağacların kəsilməsindən bəhs edib.
"Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır".
"Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir".
O "son" xəbərdarlıq olaraq bildirib ki, şəhərdə "bir dənə də olsun" ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz.
Bakıda olan göllərin təmizlənməsi proqramına start verildiyini deyən İlham Əliyev, Bakının indi parklar şəhəri olduğunu, sonra isə "təmiz göllər şəhəri" olacağını qeyd edib.
Bu proqram çərçivəsində artıq ərazisi 11 kvadrat kilometr olan Böyükşor gölünün təmizlənməsi başladılıb. Təmizlənmədən sonra, göl üzərində bulvar tikiləcək.
Ümumilikdə 9 gölün təmizlənməsini nəzərdə tutuan proqram yaxın 5-6 ay ərzində yerinə yetirilməlidir.




