İlham Əliyev Naxçıvana gedib

İlham Əliyev Naxçıvanda

Şəklin mənbəyi, AzerTac

Şəklin alt yazısı, İlham Əliyev Naxçıvan hərbi hissələrinə daxil olan yeni texnika və silahlara baxıb

Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Naxçıvan Muxtar Respublikasına səfər edib.

Səfər zamanı Prezident Əliyev Naxçıvan hərbi hissələrinə daxil olan yeni texnika və silahlara baxıb. Baxış zamanı ölkənin müdafiə nazirinin müavini, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev İlham Əliyevə raport verib, rəsmi məlumatda deyilir.

Naxçıvanda səfərdə ikən ölkə başçısı bir sıra açılış mərasimində, o cümlədən, Naxçıvan Beynəlxalq Hava limanının yeni inzibati binasının açılışında iştirak edib.

Ali Məclisinin Sədri Vasif Talıbov və "Azərbaycan Hava Yolları"nın prezidenti Cahangir Əsgərov deyib ki, hava limanının tikintisinə ötən ilin mart ayında başlanıb. Rəsmi məlumata görə, aeroportun sərnişin dövriyyəsi saatda 450-500 nəfərə çatması planlaşdırılıb.

Prezident Naxçıvan Biznes Mərkəzinin açılışında və sərgidə iştirak edib. Cənab Talıbov bildirib ki, Naxçıvanda hazırda 346 növ və 988 çeşiddə məhsul istehsal olunur. Sərgidə 88 şirkətin 280-dən çox çeşiddə məhsulu nümayiş olunub.

Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin açılışında iştirak edən cənab Əliyevə yeni kompleksin 90 minə yaxın əhalini və sənaye obyektini fasiləsiz ekoloji təmiz su ilə təmin edəcəyi bildirilib.

Ölkə başçısı həmçinin Gənclər Mərkəzi və Hərbi Prokurorluğun yeni inzibati binasının açılışını edib.