Türkiyədə YouTube portalı da bağlandı

YouTube is banned in Turkey

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Hakimiyyətin Twitter-ə girişi bağlamaq qərarı Türkiyədə şiddətli etirazlara səbəb olmuşdu

Türkiyə inzibati məhkəməsi tərəfindən Twitter şəbəkəsi üzərindən qadağa götürüldükdən bir gün sonra Türkiyə hökuməti YouTube video portalına girişi bağlayıb.

Türkiyə Telekommunikasiya İdarəsinə əsasən, "işin hüquqi araşdırılmasından və texniki analizdən sonra sayta qarşı inzibati tədbirlər tətbiq edilib".

Portalın bloklanması haqqında məlumat ziddiyyətlidir: bəzi Türkiyə istifadəçiləri YouTube-yə girişin bağlı olduğunu bildirir, eyni zamanda başqaları portalın işində heç bir dəyişiklik müşahidə etmədiklərini deyirlər.

Bununla belə, portalın sahibi olan Google şirkəti Türkiyə ərazisində bir çox istifadəçilər üçün YouTube saytına girişin bağlı olması faktı təsdiqləyib.

“Bizdə heç bir texniki nasazlıq baş verməyib və biz vəziyyəti öyrənirik”, - Google nümayəndəsi deyib.

"Cinayətkarlıq və fırıldaqçılıq"

Bundan əvvəl, deyilənə görə, guya Türkiyə XİN başçısı, müdafiə nazirinin müavini və Türkiyə kəşfiyyatının rəhbəri arasında Suriyada hərbi əməliyyatlar imkanının müzakirəsini əks etdirən audioyazısı YouTube saytına yerləşdirilmişdi.

Türkiyənin cənub-şərqində seçkiqabağı çıxışı zamanı Türkiyənin baş naziri Recep Tayyip Erdoğanın bəyanatı yazının həqiqiliyini ehtimal etməyə əsas verir.

“Onlar hətta milli təhlükəsizlik üzrə görüşü gizli yazıblar. Bu, cinayətkarlıqdır, fırıldaqçılıqdır... Onlar, belə bir mühüm görüşü yazarkən, kimə xidmət edirlər?” – Erdoğan deyib.

Türkiyə baş naziri Twitter-in başlanmasını fəal surətdə dəstəkləyib və ölkə ərazisində başqa sosial şəbəkələri bağlamaqla təhdid edib.

Twitter Türkiyədə ötən cümə günü bloklanıb. Baş nazirin dəftərxanası bildirmişdi ki, Twitter Türkiyə məhkəməsinin bəzi keçidləri silmək qərarına heç cürə münasibət bildirməyib, bu da Türkiyə hakimiyyətini saytı bağlamağa məcbur edib.

Söhbət ilk növbədə cənab Erdoğanın ünvanına korrupsiya ittihamlarından gedir.

Erdoğan sosial şəbəkələrə qarşı

Türkiyə sosial şəbəkələrinin təqiblərə məruz qalmasının təşəbbüskarı Baş nazir Erdoğandır. O, sosial şəbəkələrdə peyda olan məlumatın dezinformasiya olduğunu israr edir.

“Mən başa düşmürəm, sağlam düşüncəli insanlar bu, yalanla dolu Facebook, YouTube və Twitter-ləri necə müdafiə edə bilirlər”, - bu yaxınlarda seçkiqabağı çıxışında Recep Tayyip Erdoğan bəyan edib.

Sosial şəbəkələrdə Erdoğanı artıq dəfələrlə korrupsiyada ittiham ediblər.

Bir müddət öncə YouTube-də baş nazirin oğlu ilə iri məbləğdə puldan necə azad olmaq haqqında söhbəti çap olunmuşdu. O zaman cənab Erdoğan audioyazının montaj olunduğunu bildirib, lakin onun gerçəkliyini təkzib etməmişdi.