Türkiyə prezidenti Twitterin bloklanmasına qarşıdır

Şəklin mənbəyi, BBC World Service

Türkiyədə Baş nazir Recep Tayyip Erdoğan Twitter şəbəkəsini "siləcəyini" vəd edəndən sonra Prezident Abdullah Gül buna qarşı çıxış edib.

Cümə axşamı ölkədəki Twitter istifadəçiləri sayta daxil ola bilmədiklərini və saytın bloklandığını bildirib.

Amma bir çox istifadəçi kimi Prezident Gül də blokdan yan keçib və Twitter hesabında yazıb: "Sosyal medya platformlarının tamamen kapatılması tasvip edilemez".

Cümə axşamından etibarən bəzi istifadəçilər twitter.com saytına daxil olmaq istərkən Türkiyə telekommunikasiya nəzarətçi qurumunun bəyanatı ilə qarşılaşır.

Bəyanatda bildirilir ki, sayta məhkəmə qərarı ilə "təhlükəsizlik ölçüləri" tətbiq olunub.

Bu, baş nazir Recep Tayyip Erdoğanın yaxın dairəsinə qarşı korrupsiya ittihamları irəli sürüldükdən sonra "Twitteri silmək" kimi fikirlərindən sonra baş verib.

İstanbuldakı BBC müxbiri James Reynolds deyir ki, o da Twitterə daxil ola bilməyib.

"Beynəlxalq icmanın nə deməsi heç vecimə deyil. Hamı Türkiyə Respublikasının gücünü görəcək", cənab Erdogan ötən gün bildirib.

Baş nazir bu ifadəni, bəzi istifadəçilərin onunla əlaqəsi olduğu ehtimal edilən korrupsiya ilə bağlı sənədləri paylaşdıqdan sonra deyib. O, bu ittihamları rədd edir.

Cənab Erdoğanın ofisi bildirib ki, Twitter Türkiyə məhkəməsinin bəzi linkləri silmək kimi qərarlarına cavab vermirdi, nəticədə Ankara hərəkət etməli olub.

Twitter bu barədə hələlik heç bir bəyanat verməyib.

Twitterin Türkiyədən təxminən 10 milyon istifadəçisi var.

2010-cu ildə ölkədə YouTube video şəbəkəsinə qadağa qoyulub. İki ildən sonra götürülən qadağaya səbəb ölkə qurucusu, Mustafa Kemal Atatürkü "təhqir" edən videoların paylaşılması olub.