Erdoğanın problemləri: sual-cavab

Recep Tayyip Erdoğan

Şəklin mənbəyi, BBC World Service

Baş nazir Recep Tayyip Erdoğan Twitterin "kökünü qazıyacağı" barədə xəbərdarlıq edəndən sonra ölkədə sosial şəbəkəyə giriş bloklanıb.

Cənab Erdoğan YouTube və Facebook kimi sosial media saytlarını bəyənmədiyini tez-tez bəyan edib və bu şəbəkələrdən ona hücum etmək üçün istifadə olunduğunu düşünür.

Amma Twitterin qadağan olunması geniş şəkildə - o cümlədən Prezident Abdullah Gül tərəfindən tənqid olunub.

Buna baxmayaraq sosial media cənab Erdoğanın yeganə problemi deyil. Ona qarşı korrupsiya ittihamları var, keçmiş müttəfiqi Fetullah Gülen ilə çəkişmə yaşayır.

Erdoğan Twitteri nə üçün qadağan edir?

Ötən ay anonim Twitter hesabı cənab Erdoğanın oğlu ilə böyük məbləğdə pulları gizləmək barədə "danışmasının" səs yazısını yayıb.

Cənab Erdoğan bunun montaj olduğunu bəyan etmişdi.

"Beynəlxalq icmanın nə deməsi heç vecimə deyil. Hamı Türkiyə Respublikasının gücünü görəcək", cənab Erdoğan cümə axşamı demişdi.

Buna baxmayaraq, milyonlarla internet istifadəçisi proxy serverləri və digər vasitələrlə Twitterə daxil olmağa davam edib. Twitter özü də bu barədə təlimat verib. Bəzi adamlar isə İstanbulda qrafitilər vasitəsilə qadağadan necə yan keçməyin yolunu göstəriblər.

Şəklin mənbəyi, BBC World Service

Baş nazirin ən sərt tənqidçiləri ona qarşı etirazlar planlaşdırmaq və zərər vuran məlumat yaymaq üçün Twitterdən istifadə edib.

Ötən ay qüvvəyə minən qanun hökümətin internetə nəzarətini gücləndirir və Türkiyə hakimiyyətinə məhkəmə qərarı olmadan saytları bloklaşdırmaq səlahiyyətini verib.

Bundan savayı yeni qanuna görə internet provayderləri istifadəçilər barədə məlumatlarını iki il saxlamalı və bu məlumatları hakimiyyətə ötürməyə hazır olmalıdırlar.

Müxalifət və insan haqları təşkilatları bu addımı tənqid edib, onu "ifadə azadlığına hücum" adlandırıblar.

Ankara meri sosial mediada BBC Türkcə müxbirini hədəfə alandan sonra BBC həmçinin öz narahatlığını bildirmişdi.

Korrupsiya ittihamları nədən ibarətdir?

Şəklin mənbəyi, BBC World Service

Twitterdə yayılan səs yazısından belə çıxır ki, cənab Erdoğan oğlu Bilaldan milyonlarla avro nəğd pulu evdən çıxarıb yerbəyer etməsini xahiş edir.

Cənab Erdoğan deyir ki, ittihamlar onu hakimiyyətdən çıxarmaq istəyən düşmənlər tərəfindən hazırlanan plandır.

Dekabrda, oğulları rüşvət ittihamlarına görə həbs olunandan sonra üç nazir istefa verib.

Nazirlərin oğulları daha sonra sərbəst buraxılıb.

Fetullah Gülen kimdir?

Şəklin mənbəyi, BBC World Service

Vaxtilə cənab Erdoğanın müttəfiqi olan islamşünas Fetullah Gülen ictimai və mədəni şəbəkə qurub. Hazırda Türkiyədə bu şəbəkənin 900 məktəbi var.

Cənab Gülenin özü isə 1999-cu ildən öz seçimi ilə ABŞ-da, sürgündə yaşayır.

Onun Hizmet ("xidmət") hərəkatından olan bir çox adamın Türkiyə polisində, məhkəməsində və cənab Erdoğanın AK Partiyasında yüksək vəzifələr tutduğu deyilir.

Amma cənab Gülenin tənqidçiləri deyirlər ki, Hizmet hərəkatının məqsədi mühafizəkar islamçı mövqeyi dünyaya yaymaq və müxalifəti boğmaqdır.

Cənab Erdoğan onu "dövlət içində dövlətə" rəhbərlik etməkdə suçlayıb. Fetullah Gülen bu ittihamı rədd edir.

Dekabrda Türkiyənin hökümətpərəst mediası iddia edib ki, cənab Gülenə bağlı olan prokurorlar minlərlə məhşur şəxsin telefon danışıqlarını lentə alıb.

Məlumata görə, onların arasında nazirlər və biznes liderləri də olub.

Bundan bir neçə saat sonra cənab Erdoğana məxsus olduğu deyilən telefon danışığının səs yazısı yayılıb.

Erdoğana qarşı kütləvi etirazların səbəbi nədir?

Şəklin mənbəyi, BBC World Service

Ötən ilin iyun ayında komaya düşən 15 yaşlı oğlan bu yaxınlarda öldükdən sonra ötən ilin kütləvi etirazlarına gətirib çıxaran qəzəb yenə özünü göstərib.

Berkin Elvan çörək almağa gedərkən polisin atdığı gözyaşardıcı qaz kanistri onun başına dəyib.

Cənab Erdoğan deyib ki, oğlanın "terrorçu təşkilatlarla" əlaqəsi olub.

Onun ölümündən sonra ötən ilki iğtişaşlar nəticəsində ən azı səkkiz adam, o cümlədən bir polis işçisi ölüb.

Etirazlar İstanbulun Gezi Parkının yerində məscid və ticarət mərkəzi tikmək planına görə başlasa da, daha ümumi anti-hökümət nümayişlərinə çevrildi.

Erdoğan və Türkiyə üçün bu nə deməkdir?

İllərdir ki, müsəlman ölkələrinin liderləri cənab Erdoğana demokratik və plüralist cəmiyyətdə bir nümunə kimi baxırdılar. Tənqidçiləri deyir ki, 11 ildir baş nazir olan siyasətçi getdikcə avtokratlaşır.

Türkiyə Nato üzvüdür və Avropa İttifaqına qoşulmağa namizəddir. Avropa Komissiyasının vitse-prezidenti Neelie Kroes Twitterə qoyulan blok barədə narazılığını öz Twitter səhifəsində bildirib: "#Türkiyə-də Twitter qadağası əsassızdır, mənasızdır, qorxaqlıqdır. Türkiyə xalqı və beynəlxalq ictimaiyyət buna senzura kimi baxacaq. Elədir".

Almaniya höküməti həmçinin qadağanı tənqid edib. ABŞ-da yerləşən Human Rights Watch təşkilatı isə bunu "ifadə azadlığına fundamental zərbə" adlandırıb.

Güman ki, cənab Erdoğan xarici tənqidçilərinin tənqidlərinə fikir verməyəcək. Amma martın 30-da bələdiyyə seçkiləri keçiriləcək və Türkiyənin Baş naziri seçicilərin qərarına qulaq asmağa məcbur olacaq.

Şəklin mənbəyi, BBC World Service