Erdoğan "oğlu ilə telefon danışığını" saxta adlandırıb

Recep Tayyip Erdoğan

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Cənab Erdoğan çərşənbə axşamı AK Partiyasının deputatları qarşısında bəyan edib ki, səs yazısı "utanmaz montaj" və ona qarşı şəxsi hücumdur.

Türkiyə Baş naziri Recep Tayyip Erdoğan onunla oğlu arasında böyük məbləğdə pulların gizlədilməsi barədə telefon danışığı yazısının gerçək olduğunu qəzəblə rədd edib.

O deyib ki, guya lentə alınan və sosial mediada yayılan telefon danışığı "xain hücumu" idi.

Audio yazıdan belə çıxır ki, cənab Erdoğan oğlu Bilaldan milyonlarla avro nəğd pulu yerbəyer etməsini xahiş edir.

Müxalifət bu iddialardan sonra Baş nazirin istefasını tələb edib.

Telefon yazılarının gerçəkliyini təsdiq etmək mümkün olmayıb. Deyilənə görə, yazılar 17 dekabr tarixindəndir. Həmin gün Baş nazirin üç nazir və biznes müttəfiqinin oğulları korrupsiya ittihamlarına görə saxlanılmışdı.

Müxbirlər deyirlər ki, martda keçiriləcək bələdiyyə seçkiləri ərəfəsinə təsadüf edən təhqiqat cənab Erdoğanın 11 illik hakimiyyətinə böyük zərbədir.

BBC Türkce müxbiri Cagil Kasapoglunun sözlərinə görə, maraqlıdır ki, nə Baş nazir, nə də partiyasının sözçüləri yazıdakı səslərin Erdoğanla oğluna məxsus olduğunu inkar ediblər.

İndiyə qədər onlar ancaq onu bəyan ediblər ki, səslər onları təqsirli göstərmək üçün "montaj" edilib.

"Utanmaz montaj"

Söhbət zamanı səslərdən biri pulları "sıfıra" endirmək üçün onları bir neçə biznesmen arasında bölüşdürmək üçün yolları müzakirə edir.

Bir məqamda ikinci səs deyir ki, hələ yerbəyer edilməyən 30 milyon avro qalıb.

Cənab Erdoğanın ofisinin bazar ertəsi gecə saatlarında yaydığı bəyanatda deyilir ki, səs yazısının yayılması, onu vəzifədən çıxarmaq üçün həyata keçirilən kampaniyanın bir hissəsidir.

"Türkiyə Respublikasının Baş nazirini hədəfə alan bu çirkli konspirasiyanı yaradanlar qanun qarşısında məsuliyyətə cəlb ediləcəklər", bəyanatda deyilir.

Cənab Erdoğan gecə saatlarında ölkənin kəşfiyyat başçısı ilə keçirdiyi görüşdən sonra çərşənbə axşamı AK Partiyasının deputatları qarşısında bəyan edib ki, səs yazısı "utanmaz montaj" və ona qarşı şəxsi hücumdur.

"Biz bu (dinləmə) fəaliyyətlərinə qarşı qanuni tədbirlər görəcəyik. Buna davam etməyə imkan versək bu ölkədə nə ailələr üçün, nə də dövlət üçün məxfilik olmayacaq", o deyib.

Çərşənbə axşamı günortaya qədər, yəni səs yazısının YouTube video paylaşma saytında yerləşdirilməsindən 24 saat keçməmiş ona 1.5 milyon dəfə baxılmışdı.

Çərşənbə axşamı hökümətin istefasını tələb edən yüzlərlə nümayişçi Ankarada etiraz edib, Reuters xəbər agentliyi məlumat verir. Çevik polis alayı onları gözyaşardıcı qaz və su şırnağı vasitəsilə dağıdıb.