Xarkovdakı qarşıdurmada iki nəfər həlak olub

Kharkiv

Şəklin mənbəyi, AFP

Böyüklüyünə görə Ukraynanın ikinci şəhərində yeni hökumətin əleyhdarları ilə onu dəstəkləyənlər arasında zorakı toqquşmalar iki adamın ölümünə səbəb olub.

Ən azı beş nəfərin xəsarət aldığı bildirilir.

Azadlıq Meydanında başlayan qarşıdurma daha sonra ukraynapərəst qüvvələrin yaxınlıqdakı ofis binalarının ətrafında qızışıb.

Şahidlərə əsasən əli silhalı fəallar “Prosvita” və “Ukrayna vətənpərvərləri” təşkilatlarının mənzilləndiyi binaya hücum edərkən Molotov kokteyllərindən istifadə ediblər.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Hər iki tərəf hadisənin öz versiyasını irəli sürür və zorakılığın necə və kim tərəfindən başlanılmasını dəqiqləşdirmək çətindir.

Adamların öldüyü barədə ilk xəbəri ev həbsində qalan sabiq Xarkov meri Gennadiy Kernes yayıb.

Xarkov vilayətinin başçısı İqor Baluta baş verənləri təxribat adlandırıb.

Kiyevdən sonra böyüklüyünə görə Ukraynanın ikinci şəhəri olan Xarkov ölkənin rusdilli şərqində ən mühüm sənaye və ticarət mərkəzlərindən biridir.

Kiyev Xarkov və ölkənin şərgindəki digər şəhərlərdəki qarşıdurma arxasında Rusiyanın durduğunu bildirir.

Yeni hökumətə əsasən Moskva müdaxiləyə əsas yaratmaq üçün Ukraynanı qarışıqlıq və xaosa düçar olan bir ölkə kimi göstərmək istəyir.

Rusiya Ukraynanın şərqinə müdaxilə etmək barədə iddiların əssasız olduğunu deyib.

Cümə günü şərqdəki Donetsk şəhərində rusiyameylli və ukraynapərəst qüvvələr arasında toqquşmada bir adam həlak olub.