Simferopolda nümayişçilər arasında toqquşma

Şəklin mənbəyi, Reuters
Krım yarımadasının inzibati mərkəzində Maydanı dəstəkləyən və ona qarşı olan mitinq iştirakçıları arasında toqquşmalar baş verir.
Krım parlamentinin qarşısında Kiyevdəki yeni hakimiyyəti tanımamaq tələbi ilə aksiya ötən gün başlayıb. Bununla yanaşı hakimiyyəti dəstəkləyən Krım tatarları icmasının üzvləri daha bir mitinq keçirirlər.
Yarımadanın Ali Radası yeni hakimiyyətə etimad məsələsini müzakirə etməlidir.
Lakin ukraynayönlü mitinq iştirakçıları ölkənin ərazi bütövlüyünün də gündəmə çıxarıla biləcəyindən narahatdırlar.
"Yaşasın Ukrayna! Allahu Əkbər!"
Yeni hakimiyyəti dəstəkləyənlər "Yaşasın Ukrayna!", "Allahu Əkbər!", və Maydan tərəfdarları arasında hakimiyyət əleyhinə səsləndirilən “Bandu - het!” ("Banda - rədd ol!") şüarlarını qışqırırlar.
Qarşı tərəfin nümayişində rus vətənpərvər mahnıları arasında “Rusiya!” çağırışı səslənir.
Mitinqə qatılan kazak təşkilatının fəallarından biri BBC Rus Xidmətinin müxbirinə deyib ki, əsas tələb yeni hakimiyyətin tanınmaması və yarımadaya geniş muxtariyyətin verilməsindən ibarətdir.
Referendum mübahisəsi
Onun sözlərinə görə nümayişçilər istəyirlər ki, Ukrayna və yaxud da Rusiya ilə qalmaq məsələsi Krımda keçirilən referendumda həll olunsun.
Krım tatarları referendum keçirilməsinin əleyhinədirlər.
Qarşı düşərgəyə mənsub aksiya iştirakçıları arasında dava düşərkən hadisə yerində az sayda polis olub, BBC Rus Xidmətinin müxbiri xəbər verir.
Ukraynayönlü nümayişçilər Rusiya fəallarının əlindən Rusiya bayrağını almağa cəhd göstəriblər.
Bundan əvvəl MDB işləri üzrə Rusiya Dumasının komitə rəhbəri Leonid Slutski deyib ki, Krımın müstəqiliyi barədə müraciətin və yaxud da yerli referendumun nəticəsinin daxil olduğu təqdirdə, Duma Krımın Rusiyaya birləşməsi məsələsinə çevik şəkildə baxa bilər.
Rusiya Dumasına etnik ruslara Rusiya pasportunun verilməsi barədə qanun layihəsi də <link type="page"><caption> daxil olub</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2014/02/140225_russia_crimea_passport.shtml" platform="highweb"/></link>.




