Rusiyada Maydana bənzər hadisələr baş verə bilərmi?

Rusiyada iqtidar və müxalifət nümayəndələrinin Ukraynadakı hadisələrə münasibəti fərqlidir. Hakim "Yedinaya Rossiya" partiyasını Dumada təmsil edən deputat Frants Klintseviç və müxalifət liderlərindən olan Boris Nemtsov BBC Rus xidmətilə öz baxışları ilə bölüşüblər.

Boris Nemtsov: Putin Yanukoviçin yolu ilə addımlayır

Nemtsov

Şəklin mənbəyi, RIA Novosti

Şəklin alt yazısı, Nemtsov hesab edir ki, Putini Yanukoviçin aqibəti gözləyir.

Müxalifətçi RPR-Parnas partiyasının üzvü Boris Nemtsov BBC Rus xidmətinə müsahibəsində Ukraynada hadisələr barədə və Maydan hərəkatının Rusiya müxalifət hərəkatına təsiri barədə fikirlərilə bölüşüb.

BBC: Rusiya Ukraynadakı hadisələrdən özü üçün hansı nəticə çıxara bilər?

Boris Nemtsov: Həm Ukraynada, həm Rusiyada istənilən küçə etirazının əsas səbəbkarı hakimiyyətdir. Hədsiz oğurluq, yalan və riyakarlıq, hakimiyyətin zəbt edilməsi, vətəndaşlara qəddar münasibət – bütün bunlar Ukraynada olduğu kimi, Rusiyada da var..

Lakin “Bolotnaya işi” üzrə məhkəmənin yekunu göstərir ki, Kreml rejimi Ukrayna hadisələrindən özünə heç bir nəticə çıxarmayıb və reperessiyaları gücləndirmək yolunu seçib.

Yəni Putin artıq birmənalı olaraq süngü, OMON, zopa gücünü seçib, bu ağılsızlıqdır və Putin rejimi üçün acınacaqlı sonluqla nəticələnəcək. Rusiyada hakimiyyət Yanukoviçin yolu ilə addımlayır.

BBC: Maydan hərəkatından Rusiya müxalifəti özü üçün hansı nəticə çıxarıb?

Boris Nemtsov: Bir yerdə olmağın, dəyanətli olmağın vacibliyi, heç zaman geri çəkilməmək, mübarizəni davam etdirməyin vacibliyi.

BBC: Son 1-2 ildir ki, Rusiyada etiraz hərəkatı sankı gücdən düşməkdədir…

Boris Nemtsov: Etiraz hərəkatı – kütlələrin yaradıcı fəallığının məhsuludur. Canlı orqanizmədəki kimi yoxuşları-enişləri olur. Lakin etiraz hərəkətinin bitdiyini düşünmək səhv olardı...

Frants Klintseviç: Ukraynada dövlət çevrilişi baş verib

Klintseviç

Şəklin mənbəyi, RIA Novosti

Şəklin alt yazısı, Deputat Klintseviç diqqəti Ukraynada dövlət çevrilişinin baş verdiyinə çəkir.

Rusiyanın hakim “Yedinaya Rossiya” partiyasını Dövlət Dumasında təmsil edən, müdafiə komitəsinin sədr müavini Frants Klintseviç Ukraynada baş verən hadisələrə münasibətilə bölüşüb və buna bənzər hadisələrin Rusiyada mümkünsüz olmasının səbəblərini BBC Rus xidmətinə izah edib.

BBC: Rusiya Ukraynadakı hadisələrdən özü üçün hansı nəticə çıxara bilər?

Frants Klintseviç: Ən əsası, hakimiyyət alnlamalıdır kı, camaat məmurların necə yaşadağını, onların kimliyini, nəyə qadir olduqlarını yaxşı bilir.

İkincisi: Hökümət güclü olmalıdır. Hakimiyyət hakimiyyətdirsə, asayişi və təhlükəsizliyi təmin etməlidir. Nümayişə əlində çubuqla gəlib, polisi daşqalaq edirlərsə, bunun qarşısı dərhal alınmalıdır - necə ki ABŞ, Almaniya və Fransada 20 dəqiqəyə hər şey qaydasına qoyulur.

Yanukoviç vaxtında belələrinə qarşı ölçü götürsəydi, indi də yerində oturmuşdu. İndi isə onu gec-tez harada isə tapacaqlar...

BBC: Rusiyada buna bənzər hadisələr baş verə bilərmi?

Frants Klintseviç: Rusiyada bu ola bilməz. Birincisi, bizdə iqtisadi-sosial durum fərqlidir. İkincisi, bizdə iqtidarın ağlı başındadır. İstənilən destruktiv proseslərin qarşısı kökündəcə alınacaq. Təkrar edirəm - kökündəcə!

BBC: Rusiya Ukrayna ərazisinə qoşun yeritmək variantını nəzərdən keçirirmi?

Франц Клинцевич: Rusiya Ukraynaya qoşun yeritməyə heç bir ehtiyac görmür. Putin aydın şəkildə bunu bildirib: "Ukraynalılar vəziyətdən özləri baş çıxararlar".

Bizi narahat edən isə Avropa İttifaqı və xarici xüsusi xidmətlərin dəstəyilə Ukraynada dövlət çevrilişinin baş verməsidir.

Yanukoviçin kimin necə adlandırmasından asılı olmayaraq – mən özüm də onun pərəstişkarı deyiləm – o, Ukraynanın legitim prezidentidir.