Nikol Paşinyanın sülhməramlılarının mandatı ilə bağlı təklifi rədd edilib

Şəklin mənbəyi, Parlament.am
Ermənistanın Baş naziri Nikol Paşinyan Soçidə Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli görüş zamanı Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması barədə təkliflə çıxış edib, lakin bu təklif rədd edilib.
Bu barədə Ermənistan Baş naziri çərşənbə günü Ermənistan parlamentində büdcə müzakirələri zamanı çıxışında danışıb.
"Biz mandatı qeyri-müəyyən müddətə - 5, 20 ilə - uzatmağı təklif etdik. Bu təklif qəbul olunmasa da, fikrimcə, məsələ artıq aktuallaşıb və gündəliyə salınacaq", - Paşinyan deyib.
Nikol Paşinyan bu açıqlamasından öncə Rusiya Prezidenti Vladimir Putinin son Soçi görüşündən sonra mətbuata açıqlamasında "Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı mandatının uzadılması məsələsi gələcək danışıqlardan asılıdır" demişdi.
Azərbaycan, Ermənistan və Rusiyanın 9 noyabr [2020-ci il] tarixli üçtərəfli bəyanatına əsasən, tərəflərdən heç biri beşillik müddətin başa çatmasına 6 ay qalmış etiraz etməzsə, sülhməramlıların mandatı avtomatik olaraq uzadılır.
Paşinyan Yerevan üçün sülhməramlıların mandatının avtomatik olaraq uzadılmasına dair tərəflərdən heç birinin etiraz etmədiyi və etməyəcəyinin qabaqcadan təsbit edilməsinin vacibliyini qeyd edib.
"Sülhməramlıların Dağlıq Qarabağda olması, etibarlı mexanizmlər yaradılmayınca və zəmanət verilməyincə, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının təmin edilməsinin önəmli qarantıdır", - o deyib.
Soçi Sammitindən sonra Putin nə demişdi?

Şəklin mənbəyi, Getty Images
Daha əvvəl, Soçi sammitindən sonra keçirilən brifinq zamanı, Rusiya Prezidenti Vladimir Putin də sülhməramlılar üzrə Ermənistan Baş nazirinin təklifinin müzakirə olunduğunu bildirib. Rusiya Prezidenti qeyd edib ki, mandatın uzadılması məsələsində üçtərəfli razılıq olmalıdır. Və bu razılıq imzalanacaq mümkün sülh sazişi, sərhədlərin demarkasiyası və delimitasiyasından asılı olacaq.
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidə Azərbaycan-Ermənistan arasında sülh sazişi üzrə müzakirələrindən sonra Vladimir Putin deyib, hələ ki, iki ölkə arasında sülh müqaviləsi yoxdur.
Bazar ertəsi keçirilmiş Soçi görüşü Putinin iki ölkə arasında sülh sazişi üçün Qarabağ üzərində Azərbaycanın nəzarətini ehtiva edən Washington və Qarabağın müqəddaratını müzakirəyə açıq sayan Rusiya təklifləri barədə ötən həftə sonu danışmasından sonraya təsadüf edir.
Prezident Vladimir Putin Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Azərbaycan-Ermənistan arasında sülh sazişi üzrə üçtərəfli müzakirələrindən sonra verdiyi açıqlamasında Soçi görüşünü "gələcək mümkün razılaşmalar üçün çox yaxşı atmosfer yaradan faydalı görüş" kimi qiymətləndirib.
Üçtərəfli danışıqlardan sonra keçirilən mətbuat konfransında o əlavə edib ki, hələlik sülh müqaviləsi yoxdur.
"Sülh müqaviləsinə gəlincə, o, hələ yoxdur. Və burada bu sənədin əsas tərkibi haqqında danışmaq tezdir. Ona görə ki, bu, yəqin hər iki tərəfin istəyi və Rusiyanın vasitəçiliyi ilə nail olacağı güzəştlər predmetidir", - Putin deyib.
Putin Rusiyanın Ermənistan və Azərbaycan arasında vəziyyətin nizamlanmasına yönəlmiş istənilən səyləri dəstəklədiklərini açıqlayıb. Rusiya Prezidenti, eləcə də sərhədlərin delimitasiyası və demarkasiyası üçün "ilkin şərtlərin tapıldığını" deyib və Qarabağda yerləşmiş sülhməramlıların bölgədə qalma məsələsinə toxunub.
"Rusiya problemlərin həlli üçün Sovet Baş Qərargahının "ən dəqiq xəritələrini" təqdim etməyə hazırdır. Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı mandatının uzadılması məsələsi gələcək danışıqlardan asılıdır", - o bildirib.
Vladimir Putin razılığa gəlinməyən məsələlərin olduğunu vurğulasa da, onlar barədə danışmağın "lazım olmadığını" deyib.
Soçi görüşündən sonra qəbul edilmiş bəyanatda nə deyilirdi?
Soçi görüşündə qəbul edilən bəyanatda deyilir ki, liderlər 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatların icrasını müzakirə ediblər.
"Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi maraqları naminə yuxarıda qeyd olunan sazişlərə ciddi əməl etməyə sadiq olduğumuz təsdiq etdik", - bəyanatda deyilir.
İki saatdan çox davam edən görüşdə liderlər birgə bəyanatla razılaşıblar, Rusiya Prezidenti deyib.
Onun sözlərinə görə, Rusiya Federasiyası, Ermənistan və Azərbaycan gələcəklə bağlı razılığa gəlmək bacarığını nümayiş etdirib.
Vladimir Putin bildirib ki, Rusiya Federasiyası Ermənistan və Azərbaycan arasında yekun nizamlanmaya nail olmaq üçün hər şeyi edəcək.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, eyni vaxtda üç ölkənin xarici işlər nazirləri də görüşürlər, amma ayrı-ayrılıqda.

Şəklin mənbəyi, Azertag
Üçtərəfli görüşdən əvvəl Rusiya Prezidenti Putin azərbaycanlı həmkarı İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla təkbətək görüşüb.
Putin deyib ki, Soçi görüşü İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın təşəbbüsü ilə keçirilir. O deyib ki, Soçi görüşünün məqsədi indiyə kimi tərəflərin əldə etdiyi razılaşmaların icrası, yerinə yetirilməsi ilə bağlıdır.
Əliyevlə görüşündə Putin vurğulayıb ki, bu gün mövcud olan vəziyyəti müzakirə etməli, problemlərin həll yolunu axtarmalıdırlar.
İlham Əliyev deyib ki, uzun illər mövcud olmuş Qarabağ münaqişəsi artıq geridə qalıb və indi Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində "müzakirə etmək, hərəkət etmək" vaxtıdır.
"Qarabağ münaqişəsi artıq tarixdədir, iki il əvvəl artıq həll olunub və praktiki olaraq, bu baxımdan müzakirəsi olunası bir şey yoxdur, amma Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sözsüz ki, ciddi addımlar tələb edən formatdır və biz Rusiyanın bu sahədə töhfəsini, bu məqsədə çatmaqda rolunu səbirsizliklə gözləyirik", - İlham Əliyev deyib.
Ermənistanın Baş naziri Nikol Paşinyan Putinlə görüşdə deyib ki, o, Valday forumundakı çıxışında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tənzimlənməsi ilə bağlı danışarkən bir neçə mühüm məqama toxunub: "Xüsusilə də Dağlıq Qarabağla əlaqədar. Qeyd etdiniz ki, erməni tərəfinin dəstəklədiyi formatlara və yanaşmalara üstünlük verəcəksiniz".

Şəklin mənbəyi, TASS
Nikol Paşinyan deyib ki, Rusiyanın baza prinsipləri ilə bağlı təklifləri Ermənistan üçün məqbuldur və o ümid edir ki, üçtərəfli görüşdən sonra veriləcək bəyanatın mətnində də Rusiyanın təklifləri öz əksini tapacaq, amma bununla bağlı indiyə kimi onda hər hansı təsdiq yoxdur.
Nikol Paşinyan deyib ki, Azərbaycan silahlı qüvvələri bu ilin martında Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasına müdaxilə edib və hələ də ordan çıxmayıb. O ümid edir ki, üçtərəfli görüşdə onlar bu məsələni də müzakirə edəcəklər.
Azərbaycan artıq Dağlıq Qarabağ adlı ərazi vahidi olmadığını bəyan edib və Rusiya sülhməramlılarının ərazisində müvəqqəti olduğunu tez-tez diqqətə çatdırıb.
Təkbətək görüşdə Rusiya Prezidenti Vladimir Putin deyib ki, Qarabağ ətrafında münaqişə onilliklərdir ki, davam edir, buna son qoyulmalıdır.
O bildirib ki, nəqiyyat kommunikasiyalarının açılması Ermənistan iqtisadiyyatının inkişafına töhfə verə bilər.
Soçi görüşündən əvvəl Xankəndidə aksiya
Oktyabrın 30-da isə Azərbaycanda etnik ermənilərin yaşadığı və Rusiya sülhməramlılarının nəzarət dislokasiyasında olan Xankəndində (Stepanakert - ermənilər belə adlandırır) aksiya keçirilib və separatçı "Dağlıq Qarabağ Respublikasının parlamenti" Rusiyadan "Qarabağ xalqının təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərini yerinə yetirməyi" xahiş edib.

Şəklin mənbəyi, News.am/YouTube
Bundan bir gün əvvəl Nikol Paşinyan verdiyi açıqlamasında "Dağlıq Qarabağdakı" Rusiya sülhməramlılarının mandatının 20 ilə qədər uzadılmasına dair sənədi imzalamağa hazır olduğunu deyib.
Rəsmi Bakı son günlərdə Yerevan və Moskvadan Qarabağın müqəddəratı ilə bağlı deyilənlərə, Xankəndində olan aksiyaya münasibət bildirməyib.
Oktyabrın 6-da Azərbaycan və Ermənistan liderləri arasında Qərb ölkələrinin vasitəçiliyi ilə Praqada keçirilmiş son görüşdən sonra Pezident İlham Əliyev ilin sonuna kimi sülh sazişinin imzalana biləcəyini deyib.
Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Soçi görüşündə tərəflər arasında imzalanmış üçtərəfli sazişlər və komunikasiyaların bərpası məsələləri müzakirə olunacaq, TASS xəbər verib.
Putinin Paşinyan və Əliyevlə də ayrıca danışıqlar aparacağı gözlənilir, TASS yazıb.
Vladimir Putin cümə axşamı "Valday" forumunda çıxış edərkən deyib ki, "Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi ideyasını dəstəkləyir, lakin Yerevana diktə etmək fikrində deyil".
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, Soçi görüşünün təşkili Brüsselin fəallığına cavab kimi qiymətləndirilə bilər.
"Bu görüşdən çox şey gözləmək lazım deyil, Rusiya hazırda öz istəklərini diktə etmək iqtidarında deyil", - Tofiq Zülfüqarov deyib.
Ermənistan Qloballaşdırma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin direktoru Stepan Qriqoryanın fikrincə, hazırda Rusiya Ermənistanı dəstəkləmir və son sərhəd toqquşmasında da bu dəstəyi göstərməyib, indi isə narahatdır ki, regionda ABŞ və Qərbin simasında alternativ peyda olub.









