"Ermənistan Qarabağı Rusiyanın üzərinə atıb" - Rusiya Dumasının üzvü

Zatulin

Şəklin mənbəyi, RIA Novosti

Şəklin alt yazısı, Konstantin Zatulin, Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini
    • Müəllif, Elçin Süleymanov
    • Vəzifə, BBC News Azərbaycanca

Rusiya parlamentinin veteran siyasətçisi bildirir ki, Qərblə əlaqələrini yaxşılaşdıran Ermənistan "Qarabağ problemini" Rusiyanın üzərinə atıb.

Konstantin Zatulinin bu müsahibəsi "Arqumentı i Faktı" qəzetinin saytında Ermənistana avropalı müşahidəçilərin gəlməsindən sonra dərc olunub.

Çərşənbə axşamı günü rusiyalı deputat bildirib ki, Ermənistan parlamenti onun Ermənistana "qarşı bəyanatlarına" görə ölkəyə səfərini "arzuolunmaz" adlandırıb. Bu səfər vaxtı cənab Zatulin Azərbaycanla-Ermənistan sərhədində sentyabrda baş verən qarşıdurma ərazilərinə baş çəkməli idi.

Moskva uzun illər regionda hərbi qüvvə ilə təmsil olunan yeganə vasitəçi idi və o, Qərbin fəallığına tənqidi yanaşır.

Keçmiş SSRİ respublikaları ilə əlaqələrə cavabdeh Duma komitəsinin sədr müavininin dedikləri məhz belə bir şəraitdə səslənir.

"Eyni zamanda, Rusiya Dağlıq Qarabağda sülhməramlı missiyanı tam şəkildə daşımaqda davam edir. Ermənistan rəhbərliyi Qarabağ problemini mahiyyətcə, Rusiyanın üzərinə atdı", - Konstantin Zatulin AİF saytına deyib.

Azərbaycan "öz şərtləri" əsasında sülh müqaviləsi bağlamaq istəyir ki, Rusiya da buna tərəfdar çıxır, Zatulin belə hesab edir.

Lakin onun sözlərinə görə, Moskva öz "müqəddəratını təyinetmə" problemini, "Dağlıq Qarabağdakı erməni əhalisinin" hüquq və azadlıqlarını müzakirə etməkdən imtina etməyi mümkün hesab etmir.

"Azərbaycan isə bunu məsələnin müzakirəsinin bağlanması kimi qiymətləndirir. Onlar hesab edirlər ki, müqavilə imzalanan kimi erməni əhalisinə zəmanət məsələsi Azərbaycanın daxili quruluşu məsələsinə çevriləcək".

Rusiya sülhməramlısı

Ötən həftə Ermənistanа Avropa mülki missiyasının üzvləri gəliblər. Onların yerləşdirilməsi ilə bağlı razılıq Ermənistan, Azərbaycan, Fransa və Avropa Şurası liderlərinin Praqada keçirilən son görüşü zamanı əldə olunub.

Avropa mülki missiyasının gəlişini AİF-ə şərh edən Konstantin Zatulin deyib ki, Yerevan Rusiya ilə ittifaqdan imtina etməsə də, Qərblə əlaqələrini inkişaf etdirdiyi bir vaxtda, Rusiya ilə fəal təmaslarını faktiki olaraq, dondurub.

"Əslində, Rusiyanın danışıqlar fəaliyyəti bu prosesin kənarında qalır".

Azərbaycan "Dağlıq Qarabağ" məsələsini həll etdiyini deyir. 6 oktyabrda Praqada müsahibə verən Ilham Əliyev bildirib ki, sülh müqaviləsində bu məsələnin yer almasından "söhbət gedə bilməz".

Azərbaycanla-Ermənistan arasında sülh sazişinin perspektivləri Yerevanda və "Dağlıq Qarabağda" tənqidlə qarşılanır. Bunun təzahürünü sentyabr ayında Nikol Paşinyan sülh bəyanatına reaksiyasında görmək olar. Minlərlə insanın küçələrə axışdığını görən Ermənistan lideri ikinci müraciətində onun sözlərinin düzgün anlaşılmadığını deyib.

Ötən ay Azərbaycan-Ermənistan sərhədində İkinci Qarabağ müharibəsindən sonra ən şiddətli döyüşlər baş verib. Bu qarşıdurma ardınca Azərbaycan və Ermənistan liderlərin Avropa Siyasi İcması sammitində görüşü təşkil olunub. Fransanın təşəbbüsü ilə yaradılmış bu forumda verilən bəyanatlar sülh sazişinin imzalanması ilə bağlı yeni ümidlər yaradıb.