Rusiya, yoxsa Qərb: Cənubi Qafqazda müharibəni kim dayandıra bilər?

Последствия обстрела города Сотк в Армении

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, Qriqor Atanesyan
    • Vəzifə, BBC, Yerevan

Ermənistan-Azərbaycan sərhədində döyüşlər atəşkəslə başa çatıb, lakin ölkələr arasında hələ də dərin ziddiyyətlər qalmaqdadır. Hətta atəşkəsə kimin nail olması ilə bağlı versiyalar da fərqlənir: Yerevan ABŞ-ın rolunu qeyd edirsə, Bakı Rusiyaya minnətdarlığını bildirir.

Rusiya və KTMT-nin yeni eskalasiyaya reaksiyası müttəfiqlərindən umduğu köməyi almayan Ermənistanda məyusluq yaradıb. Moskva regionda əsas vasitəçi idi və onun rolu son illər ərzində artmaqda idi. Amma indi o, ciddi itkilər verdiyi Ukraynadakı müharibə ilə məşğuldur.

Qərb Rusiyanın Qafqazdakı yerini istəyəcəkmi və onu tuta biləcəkmi?

"Gözəl sözlər" və Amerika bayraqları

Bazar günü Yerevana uçan Rusiya Baş nazirinin müavini Aleksey Overçuku paytaxt yüzlərlə Amerika bayraqları ilə qarşılayıb. Yerevan ermənipərəst mövqeyi ilə tanınan konqresmenlərlə birlikdə gələn Konqresin aşağı palatasının spikeri Nancy Pelosinin səfəri üçün bəzədilmişdi.

Spikerin bu səfəri tarixidir: o, ABŞ hökumətinin indiyə qədər Ermənistana səfər etmiş ən yüksək vəzifəli nümayəndəsidir. Spikerin səfəri Yerevanda baş xəbərə çevrildi və "Pelosi" adı kafelərdə, küçələrdə, bütün telekanalların efirində səslənirdi.

Pelosi

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Pelosi Ermənistanı dəstəklədiyini bildirib, lakin o, ABŞ hökumətini təmsil etmir

Bu səfər indiyədək kiçik qərbyönlü müxalifətə təkan verdi - bazar günü yürüşə qatılan bir neçə min nəfərdən ibarət nümayişçi ABŞ və Ermənistan bayraqları ilə Rusiyanın rəhbərlik etdiyi regional hərbi alyans olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq çağırışını səsləndirdi.

Yerli jurnalistlərə əsasən, onlar Yerevanda bu mitinqdəki qədər Ukrayna bayrağını heç vaxt görməmişdilər.

Son eskalasiyasının baş verdiyi iki gün ərzində Ermənistan hakimiyyət orqanlarının məlumatına görə, 207 nəfər (hərbçilər və üç mülki şəxs) həlak olub və ya itkin düşüb. Azərbaycan 79 hərbçisinin həlak olduğunu bildirir.

Pelosi bu hadisələri suveren Ermənistan ərazisinə "Azərbaycanın qanunsuz hücumu" adlandırıb, Konqres adından bunu pisləyib və Ukrayna və Tayvanla birlikdə Ermənistanı da müdafiəyə ehtiyacı olan demokratik ölkələrə aid edib.

O, Ermənistan hökumətinə "təhlükəsizlik sahəsində ABŞ-ın dəstəyini" ifadə etdiyini bildirib.

Erməni əsgərinin dəfn mərasimi

Şəklin mənbəyi, KAREN MINASYAN/AFP

Şəklin alt yazısı, Erməni əsgərinin dəfn mərasimi

Azərbaycan Xarici İşlər Nazirliyi amerikalı spikerin bəyanatlarını kəskin pisləyib, ona qarşı irəli sürülən ittihamları əsassız adlandırıb və əlavə edib ki, bu, yeni eskalasiyaya səbəb ola bilər.

Konqresin aşağı palatasının spikeri xarici siyasəti müəyyən etmir və ya ABŞ hökumətinin adından danışmır. Ölkənin beynəlxalq arenada mövqeyini rəsmən açıqlayan Dövlət Departamenti Pelosi-dən daha təmkinli, amma əvvəlkindən daha qətiyyətlə çıxış edir.

Dövlət katibi Antony Blinken həftə ərzində Azərbaycan Prezidenti ilə iki dəfə danışdı. Birinci dəfə İlham Əliyevə çərşənbə axşamı zəng edən Blinken atəşkəsə çağırdı. Daha sonra o, bazar günü axşam yenidən atəşkəsə əməl etməyə, qoşunları çıxarmağa və mübahisəli məsələləri dəyirmi masa ətrafında həll etməyə səslədi.

Belə bir yanaşma Dövlət Departamentinin hər iki tərəfə adətən eyni çağırışlarla müraciət etmək təcrübəsindən kəskin şəkildə fərqlənir.

Bu məsələdə ABŞ tək deyil: Fransa və Hindistan nümayəndələri də Fransanın təşəbbüsü ilə çağırılan BMT Təhlükəsizlik Şurasının iclasında son döyüşləri Azərbaycanın Ermənistanın suveren ərazisinə təcavüzü adlandırıblar.

Azərbaycan əsgərinin dəfn mərasimi

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Azərbaycan əsgərinin dəfn mərasimi

Lakin həm Ermənistanın, həm də Azərbaycanın formal müttəfiqi olan Rusiya bu cür qiymətləndirmələrdən çəkinir.

Rusiya Baş nazirinin müavini Overçuk Pelosi-nin ünvanına üstüörtülü hücumdan çəkinə bilməyərək deyib ki, o, "gözəl sözlər söyləmək üçün deyil, konkret iqtisadi problemləri həll etmək üçün" gəlib.

Eyni tənqid xəttini Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da seçib, o, Pelosi-nin gəlişini şərh edərkən deyib ki, Rusiya "sözdə deyil, əməldə, yüksək səslə və populist deyil, sakit və işgüzar şəkildə" nizamlamaya töhfə verən istənilən təşəbbüsləri alqışlayır.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "təcavüzkarla bizim aramıza bərabərlik işarəsinə son qoyan" ölkələrə minnətdarlığını bildirib.

Amma o, təəssüfləndi ki, "ayrı-ayrı ölkələrə və ya bir ölkəyə gəlincə, bizim gözləntilərimiz yüksək idi və ola bilsin ki, bəzi hallarda bu, o qədər də özünü doğrultmadı".

Şərhçilərin fikrincə, burda Rusiya təsvir olunub.

"KTMT-nin beyin ölümü"

Ermənistan-Azərbaycan sərhədinin böyük bir hissəsində genişmiqyaslı döyüşlər bazar ertəsindən çərşənbə axşamına keçən gecə, sentyabrın 13-ü başlayıb.

Təkcə sərhəd rayonları deyil, Ermənistan ərazisinin dərinliklərində yerləşən Sevan gölündəki Cermuk kurortu və Martuni kimi şəhərlər də atəşə tutulub.

Sentyabrın 14-ü çərşənbə günü axşam saatlarında atəşkəs əldə olunub.

ŞƏT çərçivəsində görüşdən görüntü

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, ŞƏT çərçivəsində görüşdən görüntü

Rəsmi olaraq Azərbaycan erməni təxribatının olduğunu bildirir. Lakin hətta hökumətyönlü azərbaycanlı şərhçilər də etiraf etdilər ki, döyüşlərin təşəbbüskarı onlar olub.

Eskalasiya başlayandan sonra Ermənistan yardım üçün həm ikitərəfli saziş çərçivəsində birbaşa Rusiyaya, həm də Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın da daxil olduğu KTMT-yə müraciət edib.

"Biz müraciət etdik, Ermənistanın ərazi bütövlüyünü bərpa etmək, Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisindən çıxarılmasını təmin etmək üçün hərbi kömək də daxil, yardım istədik", Ermənistanın Baş naziri parlamentdə deyib.

Nikol Paşinyan Ermənistan ərazisinə irəliləyən Azərbaycan qoşunlarının çıxarılması ilə bağlı, KTMT-yə bundan əvvəl də, 2021-ci ilin mayında müraciət etmişdir. O zaman Yerevan müttəfiqlərinə üz tutsa da, bu, heç bir nəticə verməmişdir.

Hələlik KTMT Ermənistana monitorinq missiyası göndərmək qərarına gəlib - bu ideya, təşkilatın qeyd etdiyi kimi, Vladimir Putinə məxsusdur.

Bu reaksiya Ermənistanda məyusluq yaradıb. "Bizim gözləntilərimiz özünü doğrultmur. Xalqla daimi təmasda olduğumuz üçün KTMT-nin nəzərdə tutulan tədbirləri qəbul etmədiyini onlara izah etmək çətin olacaq. Təbii ki, biz nəticə çıxarmışıq, çıxarırıq və çıxaracağıq", - deyə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

Ekspertlər və siyasətçilər göstərirlər ki, təşkilatın nizamnaməsinə əsasən, "iştirakçı dövlətlərdən biri təcavüzə məruz qalarsa [...] bu, iştirakçı dövlətlər tərəfindən bütün iştirakçı dövlətlərə qarşı təcavüz kimi qiymətləndiriləcək".

Yanvarda iğtişaşlarla mübarizə üçün erməni kontingenti də daxil olmaqla, KTMT qoşunlarını qəbul edən Qazaxıstan Ermənistana hərbi yardımı istisna edib. O bildirib ki, tərəflərin məlumatlarının bir-birinə zidd olduğu üçün obyektiv məlumata ehtiyac var.

Ermənistan versiyasına əsasən, Azərbaycan ordusunun irəliləməsi

Şəklin mənbəyi, ARMENIAN DEFENCE MINISTRY

Şəklin alt yazısı, Ermənistan versiyasına əsasən, Azərbaycan ordusunun irəliləməsi

Moskva həmçinin neytrallığını nümayiş etdirirdi: Rusiyanın Yerevandakı səfiri atəşin açıldığı çərşənbə axşamı və çərşənbə günü bir çox başqa diplomatların, o cümlədən ABŞ nümayəndələrinin də olduğu Cermuxa səfərdə iştirak etməyib.

Teleqram kanalları isə qəzəblə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə toplantısından fotoları yayıb. Burada qeyri-rəsmi görüş zamanı Əliyevlə Türkiyə Prezidenti Receb Tayyip Erdoğanı masanın başında görmək olar. Onların yanında üzü gülən Ermənistana müttəfiq ölkələrin liderləri əyləşiblər. Masanın kənarında isə üzündə təbəssüm olmayan yeganə şəxs - İran lideri Rəisi oturub.

İran Ermənistanın ərazi bütövlüyünü dəstəkləyərək, onun hər hansı pozuntusunu qəbuledilməz adlandırır.

Amma Qafqazdakı münaqişə KTMT-nin yeganə problemi deyil. Bununla paralel olaraq Qırğızıstan və Tacikistan sərhədində yenidən döyüşlər başlayıb. Hər iki ölkə bu blokun üzvüdür.

Qırğızıstan və Tacikistan sərhədində nə baş verir? Rusiyalı sosioloq Qriqori Yudin təbirincə: "KTMT beyin ölümünü keçirib"

Rusiyanın nüfuzunun sonudurmu?

Bazar ertəsi, sentyabrın 19-da dövlət katibi Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri New-Yorkda görüşüblər. Son illərdə belə görüşləri, əsasən, Moskva təşkil edərdi. Amma o, bu işdə tək deyildi - Avropa İttifaqı da Bakı ilə Yerevan arasında vasitəçilik etməyə çalışır.

KTMT nümayəndə heyəti Ermənistanda

Şəklin mənbəyi, RUSSIAN DEFENCE MINISTRY

Şəklin alt yazısı, KTMT nümayəndə heyəti Ermənistanda

Lakin yeni eskalasiya göstərdi ki, Aİ-nin rolu simvolik olub və onun real təsiri yoxdur. Üstəlik, Avropa İttifaqının sadəcə olaraq xüsusi təhlükəsizlik alətləri və ya güc strukturu yoxdur.

Erməni siyasətçiləri deyirlər ki, atəşkəsə Washington nail oldu, Əliyev Putinə təşəkkür etdi, Brüsselin adını çəkən isə olmadı.

Lakin Birləşmiş Ştatlar indiyədək yalnız Avropa İttifaqına bənzər diplomatik vasitəçi rolunda çıxış edib.

Rusiya təhlükəsizlik sahəsində hər iki tərəflə fəal əməkdaşlıq edən yeganə gücdür: o, münaqişənin hər iki tərəfinə silah satır, Ermənistanda hərbi bazası var, FSB sərhədçilərinin isə ölkə sərhədlərində bazaları var.

Azərbaycan da fevralda Rusiya ilə hərbi yardım haqqında saziş imzalayıb. Artıq iki ilə yaxındır ki, Dağlıq Qarabağda olan məhz Rusiya sülhməramlılarıdır.

Bu sahədə regionda Rusiyadan başqa yalnız Türkiyə fəaldır, amma münaqişənin yalnız bir tərəfində - o, Azərbaycana silah verir və onun bütün tələblərini dəstəkləyir.

Bununla belə, Rusiyanın Ukraynaya müdaxiləsi həm Bakını, həm də Yerevanı Rusiyanın ciddi zəifləməsi və ya onun regiondan tamamilə çıxacağı təqdirdə plan qurmağa vadar etmişdir, hökumət dairələrindəki müzakirələrdən xəbəri olan politoloqlar bildirirlər.

Ukrayna ordusunun İzüm şəhərini azad etməsi və digər istiqamətlərdə əks hücuma keçməsi bu qorxuları xeyli artırıb.

"Biz Qarabağdakı Rusiya sülhməramlılarını ukraynalılarla əvəz etmək barədə düşünməliyik", - deyə adının açıqlanmasını istəməyən Ermənistanın hakim fraksiyasının keçmiş deputatı bildirib, - "Və bu, yarızarafatdır".