Azərbaycan-Ermənistan sülh danışıqları: Avropa İttifaqı sükanı əlində saxlaya biləcəkmi?

İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel, Ermənistan, Nikol Paşinyan, Azərbaycan Brüssel, 6 aprel 2022-ci il

Şəklin mənbəyi, President.az

Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada rəsmi səfərdədir. O, Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Ermənistanla Azərbaycan arasında Moskvanın vasitəçiliyi ilə qəbul olunmuş bəyanatları müzakirə edir.

Amma Nikol Paşinyan səfərindən öncə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Charles Michel ilə telefonla danışıb. Söhbət mövzusu 6 apreldə Brüsseldə Azərbaycan lideri İlham Əliyevlə görüşdə əldə olunan razılaşmaların yerinə yetirilməsi, regionda vəziyyət və Ermənistan-Avropa münasibətləri olub.

Bu gün isə İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı Bakıda qəbul edib və görüşdə Brüssel görüşünün uğurlu keçdiyi vurğulanıb.

Azərbaycan və Ermənistan liderləri arasında baş tutmuş ikinci Brüssel görüşündə tərəflərin sülh sazişi üzərində işləməyə razılaşması Aİ-nin Qarabağ sülh danışıqlarında mövqelərini gücləndirə biləcəkmi? Siyasi təhlilçi Fuad Şahbazov BBC News Azərbaycanca üçün şərh edib:

Rusiyanın iki ilə yaxın vasitəçilik etdiyi sülh danışıqlarında hər hansı ciddi bir irəliləyişin olmaması fonunda Avropa İttifaqının vasitəçiliyi ilə əldə edilən bu razılaşma Qərb institutlarının Azərbaycan və Ermənistan arasında sülhyaratma prosesində davamlı iştirak sərgiləmək niyyətini biruzə verir.

Avropa Şurasının Prezidenti Charles Michel-in (Şarl Mişel) təşəbbüsü ilə baş tutmüş ikinci görüşdə qəbul edilən mühüm qərarlar arasında cari illin aprel ayının sonuna qədər Azərbaycan və Ermənistan beynəlxalq sərhədlərinin demarkasiyası və delimitasiyası üzrə birgə işçi qrupunun yaradılması, regional kommunikasiya xətlərinin bərpa edilməsi üzrə konkret fəaliyyət planları və hər iki ölkə arasında yekun sülh müqaviləsinin imzalanmasına hazırlıq kimi məsələlər yer alıb.

Hər iki ölkənin yerli mətbuatı bu görüşü post-münaqişə dövründə baş tutan görüşlər arasında ən ümidverici olduğu haqda fikirlər bölüşüblər.

Azərbaycan və Ermənistan rəhbərləri Brüsseldən öncə bir neçə dəfə Rusiyanın təşəbbüsü ilə Moskvada sülh danışıqları üçün görüşsələr də indiyədək heç bir substantiv nəticə əldə edə bilməmişdilər. Rusiyadakı görüşlərin nəticəsiz qalması isə həm Azərbaycan, həm də Ermənistan cəmiyyətində Moskvanın sülhyaratma rolu tənqidi fikirlərə yol açmışdı.

Hazırda isə Rusiyanın sülhyaradıcı imici Ukrayna müharibəsi ilə birlikdə daha neqativ bir hal alıb.

Rusiya-Ukrayna müharibəsinin qızğın bir dövründə Avropa İttifaqının özünün Cənubi Qafqazdakı rolunu yenidən gözdən keçirməsinə qərar verərək, regiondakı siyasi proseslərə əvvəlki təsirini yenidən maksimuma qaldırmaq istəməsi şübhə doğurmur.

İkinci Qarabağ müharibəsinin aktiv mərhələsi dövründə Avropa İttifaqının neytral mövqedə dayanaraq cərəyan edən hadisələrə aktiv şəkildə müdaxilə etməməsi hər iki münaqişə tərəfində ciddi tənqidlərə səbəb olmuşdu. Lakin indi görünən odur ki, Avropada dərin təhlükəsizlik böhranı və Rusiyanın ekspansionist siyasəti Aİ-ni Cənubi Qafqaz ölkələri ilə daha sıx təmas qurmağa və əməkdaşlığı dərinləşdirməyə məcbur edir.

Belə demək olar ki, Ukrayna böhranının davam etdiyi bir zamanda Avropa Cənubi Qafqazda yeni münaqişə ocağının yaranmasını qəti şəkildə istəmir və təşəbbüsü ələ alaraq hər iki tərəfi danışıq masası arxasına otuzdurmaq üçün diplomatiyadan istifadəyə üstünlük verir.

Maraqlı məqam isə odur ki, Brüsseldə Bakı ilə Yerevan arasında keçirilən hər iki görüş Rusiyada keçirilən görüşlərlə müqayisədə daha konkret nəticələrə gətirib çıxarıb. Nəticə etibarilə, həm Azərbaycan, həm də Ermənistan siyasi hakimiyyətində Qərbə olan inam və pozitiv gözləntilər yenidən dirçəlmə mərhələsinə keçib.

Təbii, bu məqam Rusiyanı narahat etməyə bilməz. Bəzi rusca mətbuat orqanları Brüsseldə keçirilən görüşləri "regional münaqişələrin həllində Rusiyanın vasitəçilik rolunun Avropa tərəfindən heçə endirilməsi" kimi qiymətləndirir.

Yerli mətbuatın bu mülahizəsi tam olaraq düzgün analiz olmasa da, aprelin 5-də ABŞ dövlət katibi Antony Blinken-in Brüssel görüşündən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışması və üçtərəfli sülh danışıqlarını dəstəkləməsi onu deməyə əsas verir ki, Qarabağ danışıqları ətrafındakı Qərb institutlarının fəallığı ABŞ-Aİ-nin ortaq siyasi təşəbbüsüdür.

İkinci Brüssel görüşü zamanı əldə edilən razılıqların növbəti aylar ərzində uğurlu icrası isə bu tip üçtərəfli görüşləri daimi format halına sala bilər. Növbəti aylarda sülh danışıqlarının təşkilində də Aİ-nin təşəbbüs göstərəcəyi artıq istisna deyil. Lakin bu təşəbbüslərin Rusiyanın etirazına səbəb olub-olmayacağı və ya Kremlin bu davamlı formata hansı reaksiyanı verəcəyini indidən demək çətindir.

Rusiyanın 2020-ci il noyabr müqaviləsinin əsas qarantoru rolunda çıxış etdiyini nəzərə alsaq, o zaman ehtimal var ki, Aİ gələcəkdəki ikitərəfli görüşlərə qismən də olsa, Rusiyanı da cəlb edəcək. Yeni geosiyasi reallıq isə belədir ki, Qarabağda yekun sülh müqaviləsinin imzalanması prosesini uzun illər kurasiya edən ATƏT-in Minsk Qrupu artıq legitim bir format olaraq mövcud deyil. Brüssel görüşünün yekun sənədində də Minsk Qrupunun adının çəkilməməsi bu formatın artıq tarixə qovuşduğunu da sübut etdi.

Yeni reallıq isə budur ki, sülh danışıqlarınıın başa çatdırılması üçün yeni bir formata ehtiyac duyulur və Aİ bu formatı yaratmaq üçün platforma rolunu öz üzərinə götürməyə hazırdır. Lakin Rusiyanın aprelin 14-də Azərbaycan - Ermənistan sülh danışıqlarına yardım etmək məqsədilə xüsusi nümayəndə təyin etməsi onu göstərir ki, rəsmi Moskva prosesdən kənarda qalmaq niyyətində deyil. Xüsusi nümayəndə vəzifəsinə Rusiyanın ATƏT-in Misk Qrupu üzrə həmsədri İqor Xovayevin olması isə onu göstərir ki, Minsk Qrupu artıq Qarabağ sülh prosesində tərəf müqabili deyil.

İkinci Brüssel görüşündən qısa müddət sonra, aprelin 11-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mrizoyanla birbaşa telefon əlaqəsi yaratması və sülh müqaviləsinə hazırlıq prosesini müzakirə etməsi tarixi bir hadisə olmaqla bərabər, Aİ-nin vasitəçiliyinin pozitiv təsirlərindən biri kimi də görülə bilər.

Brüssel görüşündən sonra Avropa Şurasının rəsmi bəyənatında Charles Michel "hər iki tərəf arasında əməkdaşlığın gücləndirilməsində Aİ-nin vacib rolu olduğunu və bundan sonra da Cənubi Qafqazda sülhün gücləndirilməsi uğrunda qarşılıqlı formada addımların atılmasının vacib olduğunu" qeyd edir. Həmçinin, aprelin 13-də isə Baş nazir Nikol Paşinyanın Ermənistan Parlamentində etdiyi çıxışın məzmununa baxsaq, o zaman düşünmək olar ki, hazırki iqtidar Ermənistan cəmiyyətini Azərbaycanla sülhə hazırlamaq üçün işə başlayıb.

Çıxış zamanı vurğulanan əsas tezislərdən biri "Azərbaycanla təcili sülh müqaviləsinin imzalanması" oldu. Həmçinin Nikol Paşinyanın sözlərinə görə, Qarabağ münaqişəsi ərazi yox, sırf status məsələsidir. Baş nazirin çıxışının əsas ideyasını "regionda dayanıqlı sülhə olan ümid" kimi də dəyərləndirmək olar.

Yekun olaraq, Brüssel formatının davamlı ola bilməsi növbəti aylarda sülhə hazırlıq prosesinin hansı məcrada inkişaf edəcəyindən birbaşa asılı olacaq. Görünən odur ki, rəsmi Bakı üçün ikinci Brüssel görüşü dialoq üçün son fürsətdir və rəsmi Yerevanın danışıqların vaxtını uzatmaq üçün təsir vasitəsi qalmayıb.