Xankəndiyə qaz nəqli: Azərbaycan kəmərə necə nəzarət edir? - 5 suala cavabda

Xankəndi

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, Fərid Həsənov
    • Vəzifə, BBC News Azərbaycanca, Bakı

"Azəriqaz" hazırda ermənilərin yaşadığı Xankəndi/Stepanakert şəhərinə gedən qaz xəttinin Azərbaycanın nəzarətindəki ərazilərdən keçən hissəsini dəyişmək niyyətindədir.

"Bizim iş görə biləcəyimiz ərazidə qaz təchizatının normal hala gətirilməsi nəzərdə tutulur," - "Azəriqaz"ın sözçüsü Eldəniz Vəliyev BBC News Azərbaycancaya deyib.

Ötən həftələrdə etnik ermənilərin yaşadığı, Rusiya sülhməramlılarının nəzarətində olan Xankəndinin qazla təminatında problem yaranmışdı. Azərbaycan bu əraziyə nəzarət etmir. Ermənistan və separatçı "Dağlıq Qarabağ Respublikası" iddia edirdi ki, qaz kəməri Azərbaycanın nəzarət etdiyi ərazidə zədələnib və Azərbaycan təmirə imkan vermir. Azərbaycan isə bu məsələni "texniki problemlər" kimi təsvir etmişdi. Azı iki həftə çəkən "qaz mübahisəsi" "Azəriqaz"ın apardığı "təmir-bərpa işlərindən" sonra Xankəndidə qazın bərpası ilə nəticələndi.

Xankəndi şəhəri və ətrafına qaz hardan gedir, Azərbaycan qaz kəmərinə necə nəzarət edir? BBC News Azərbaycancaya bu və digər suallara cavab tapmağa çalışıb.

Xankəndini qazla kim təmin edir?

Keçmiş SSRİ dövründə Xankəndinin qazla təminatı o vaxtkı Azərbaycan SSR-nin öhdəliyində idi və şəhərə qaz xəttləri Ağdamdan çəkilib.

Lakin 1991-ci ildə başlayan Dağlıq Qarabağ münaqişəsi nəticəsində əraziyə gedən qaz təchizatı dayanıb. Buna səbəb müharibə zamanı qaz nəqli infrastrukturunun tamamilə dağıdılmasıdır.

Ərazi 30 il ərzində Azərbaycanın nəzarətində olmadığı üçün regionun qazla təchizatı Ermənistanın hesabına reallaşıb. Hazırda Xankəndi və ona bitişik bəzi ərazilər istisna olmaqla, Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad etdiyi bölgələrə nəzarət edir.

Qarabağa qaz təchizatı İkinci Qarabağ müharibəsi zamanı fasilələrlə verilirdi. Amma 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında bağlanmış üçtərəfli atəşkəs bəyannaməsindən 12 gün sonra qazın Xankəndiyə nəqli bərpa olunmuşdu.

Etnik ermənilərin yaşadığı ərazilərin kommunal, o cümlədən qazla təminatını hələ də Ermənistan həyata keçirir.

"Dağlıq Qarabağın İnfrastruktur və Əraziyə Nəzarət Nazirliyinin" 2021-ci il üzrə açıqladığı rəqəmlərə görə, qaz nəqlinin "illik miqdarı təxminən 50 milyon kub metr" ətrafında dəyişir.

Ermənistandan alınan qaz, əsasən, kommersiya, sənaye və evlərin qızdırılması məqsədilə istifadə olunur.

Ermənistan qazı hardan alır?

Heç bir qaz yatağına malik olmayan Ermənistan mavi yanacağın idxalında tamamilə Rusiyadan asılıdır.

Ermənistanın illik qaza olan ehtiyacı 2.5 milyard kub metrdir ki, bunun da 2 milyarddan bir qədər çoxunu Rusiyadan alır.

Son illər ərzində rəsmi Yerevan İrandan illik orta hesabla 400 milyon kub metr qaz idxal etsə də, bu daxili tələbatı ödəmək və Rusiyadan asılılığı azaltmaq baxımından olduqca kiçik rəqəm hesab olunur.

Ermənistan İran qazını barter üsulu ilə alır. İrandan idxal edilən qazın hər kub metrinə görə Ermənistan qonşusuna 3 kilovat elektrik enerjisi ötürür.

Rusiyanın "Qazprom" şirkətinin törəmə müəssisəsi - "Qazprom Ermənistan" ölkənin mavi yanacağa tələbatını ödəyən yeganə monopolist qurumdur. Qarabağın ermənilər yaşayan ərazilərini də hazırda bu şirkət qazla təmin edir.

Xankəndi, Stepanakert. Qarabağ, Ermənistan, Azərbaycan, Rusiya, müharibə

Şəklin mənbəyi, Getty Images

Ermənistandan gələn qaz kəməri hansı ərazilərdən keçir?

Ermənistan mediasının yazdığına görə, Qarabağdakı etnik erməniləri qazla təmin edən kəmərin böyük hissəsi "Laçın dəhlizinə paralel" çəkilib.

Qaz xəttinin digər hissəsi isə Şuşadan keçərək Xankəndiyə daxil olur.

Kəmərin uzunluğu ilə bağlı konkret rəqəm olmasa da, onun Laçın dəhlizinə paralel olduğunu və Şuşadan keçməsini də nəzərə alsaq, o zaman qaz xəttinin Ermənistan sərhəddindən Xankəndiyə kimi olan hissəsi təxminən 80-84 kilometrdir.

Azərbaycan kəmərə necə nəzarət edir?

İki il əvvəl Ermənistan və Azərbaycan arasında baş vermiş 44-günlük müharibə nəticəsində qaz kəmərinin bir hissəsi Azərbaycanın nəzarətinə keçib.

Həmin ərazi kəmərin Şuşanın aşağı ərazilərindən Xankəndi şəhərinə gedən, (eyni zamanda kəmərin Xankəndinə giriş) hissəsini əhatə edir.

Ermənistan tərəfi iddia edir ki, Azərbaycan həmin ərazilərə nəzarəti bərpa etdikdən sonra qaz kəmərinə "kran quraşdırıb" və istədiyi vaxtı onu "bağlayır".

Rəsmi Bakı bu iddiaları rədd edib və bildirib ki, kəmərin təmir prosesinin uzanması uzun illər istifadə edilən kəmərin "korroziyaya uğraması və uçqunlar nəticəsində qaz sızmalarının" müşahidə edilməsidir.

Xankəndiyə qaz təminatının gələcək taleyi necə olacaq?

"Azəriqaz" İctimai Birliyinin cümə günü yaydığı məlumatda bildirilir ki, həmin ərazilər Azərbaycanın suveren ərazisi olduğu üçün orada qaz infrastrukturunun yaradılması və bərpası "yalnız Azərbaycan tərəfindən həyata keçirilə bilər".

Hazırda qurum Xankəndiyə yaxın olan ərazilərdə infrastruktur layihələri həyata keçirməyi planlaşdırır. Bununla bağlı artıq müzakirələrə və qiymətləndirmələrə də start verilib.

Şuşa və Ağdamın qazlaşdırılması ilə bağlı baş plan isə işğaldan azad edilən digər rayonlarla müqayisədə "daha tez hazır olacaq," - "Azəriqaz" bildirib.