Azəriqaz sabahdan Xankəndi və ətraf məntəqələrə təbii qazın verilişinin bərpa ediləcəyini bildirib

Xankəndi - Arxiv foto

Şəklin mənbəyi, Getty Images/Matthias Schumann

Azəriqaz martın 28-də Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilişinin bərpa olunacağını bildirib.

Azəriqaza istinadən yayılmış rəsmi məlumatda "ilk növbədə test işlərinin həyata keçiriləcəyi" vurğulanıb.

Bununla əlaqədar "istehlakçılara təbii qazdan istifadə zaman diqqətli olmaq, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək" tövsiyə edilib.

Martın 29-da test yoxlamaları başa çatdırıldıqdan sonra "Qarabağ iqtisadi rayonuna aid ərazidə təbii qazın verilməsi tam bərpa olunacaq", məlumatda bildirilib.

Məlumatlara görə, martın 8-i gecə saatlarında Azərbaycanın nəzarətində olan Şuşa yaxınlığındakı ərazidən keçən qaz kəmərində baş vermiş qəzadan sonra Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində yaşayan erməni əhalisi mavi yanacaq almır.

Bu məlumatlardan sonra Qarabağın Twitter istifadəçiləri ötən həftəsonu qazın verilişinin bərpa olunduğunu yazıb.

Martın 22-dən bəri yenə də Xankəndinə qazın verilişinin kəsildiyi bildirilib.

Ermənistan XİN məlumat yayıb ki, "Azərbaycanın birbaşa müdaxiləsi ilə Qarabağda qaz verilişi yenidən dayanıb".

Azərbaycan XİN martın 25-də açıqlamasında qaz problemini "bölgədə bir neçə gün ərzində ağır hava şəraiti ilə əlaqədar qaz xətlərində yaranan texniki problemlər" kimi təsvir edib və deyib ki, "Ermənistanın vəziyyətdən siyasi manipulyasiya aləti kimi istifadə etmək niyyəti göz qarşısındadır".

Martın 23-də rəsmi Yerevan qazın bərpası üçün Rusiya hökumətilə danışıqlar apardığını bildirib.

Azərbaycan Ermənistan XİN-in bəyanatından sonra rəsmi Yerevanı Azərbaycanın işlərinə qarışmaqda ittiham edib.

Azəriqaz qeyd edib ki, son günlər Qarabağ iqtisadi rayonu ərazisindədə "uzun illər texniki xidmət göstərilmədən istismar edilən qazpaylayıcı xətlərdəki nasazlıq qaz təchizatında problemlərin yaranmasına səbəb olub."

Azəriqaz-ın əraziyə ezam olunmuş əməkdaşları "çətin relyefli ərazidə qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görürlər", rəsmi məlumatda qeyd olunub.

2020-ci il sentyabrın 27-də Azərbaycanla Ermənistan arasında başlamış İkinci Qarabağ müharibəsi noyabrın 10-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış atəşkəs bəyannaməsi ilə dayanıb.