Xankəndində yenə qaz kəsilib: Ermənistan qazın bərpasını, Azərbaycan silahlıların çıxmasını istəyir

Azərbaycan Ermənistan Dağlıq Qarabağ münaqişəsi Xankəndi Stepanakert Şuşa Azərbaycan Dağlıq Qarabağa gedən qazı kəsib

Şəklin mənbəyi, Stepanakert bələdiyyəsi Facebook səhifəsi

    • Müəllif, Aygül Mehman, Xanım Cavadova
    • Vəzifə, BBC News Azərbaycanca

Avropa İttifaqı Stepanakert/Xankəndiyə qaz təchizatının "yenidən dayandırılmasından" narahat olduğunu bəyan edib.

Artıq iki həftədir ki, Qarabağda yaşayan ermənilər onlara verilən qazın tez-tez kəsilməsindən və soyuq və qarlı hava şəraitində dözülməz vəziyyətdə olduqlarından şikayətlənirlər. Onlar Azərbaycan hökumətini qazı "məqsədli şəkildə" kəsməkdə ittiham edib.

Qarabağda qazın kəsilməsi günlərdir ki, davam etsə də, Ermənistan daxildə tənqidlərdən sonra rəsmən ilk dəfə dünən bu barədə bəyanat verib və Azərbaycanı qazı kəsməkdə günahlandırıb.

Bu gün isə rəsmi Yerevan qazın bərpası üçün Rusiya hökumətilə danışıqlar apardığını bildirib.

Azərbaycan qazın kəsilməsilə bağlı heç bir rəsmi açıqlama vermir, ancaq Ermənistan XİN-in bəyanatından sonra rəsmi Yerevanı Azərbaycanın işlərinə qarışmaqda ittiham edib.

Bundan öncə Azərbaycanda hökumətyönlü media yazıb ki, rəsmi Bakı Qarabağdan "erməni silahlı birləşmələrinin çıxarılması üçün" Rusiya hərbi rəsmilərilə danışıqlar aparıb.

Sosial mediada yayılan spekulyasiyalara görə, Qarabağın erməni əhalisinə Azərbaycan vətəndaşlığını qəbul edəcəyi təqdirdə, onlara qazın verilməsinin bərpa ediləcəyi deyilib - BBC bu məlumatların doğruluğunu yoxlaya bilməyib.

Azərbaycan Qarabağdakı erməniləri öz vətəndaşları hesab etdiyini və onları inteqrasiya etməyə hazır olduğunu desə də, orada silahlı ermənilərin olmasından narazı olduğunu gizlətmir.

Azərbaycan XİN regional "sülh və əmin-amanlığa töhfə vermək" üçün Ermənistanı "bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etməyə" çağırıb.

Sosial medianın erməni istifadəçiləri Azərbaycanın qazdan Dağlıq Qarabağ hakimiyyəti üzərində təzyiq vasitəsi kimi istifadə etdiyini yazıb.

Ani Avetisyan adlı Twitter istifadəçisi yazıb ki, "bu günlərdə Stepanakertdə hava dəhşətlidir və 100 mindən çox Dağlıq Qarabağ sakininə yalnız həftəsonu qaz almağa icazə verilib.

Azərbaycan Dağlıq Qarabağ/Ermənistan hakimiyyətinə təzyiq göstərmək üçün böyük vasitə əldə edib".

Paylaşımını ötürün X, 1
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 1

Twitterin Azərbaycan seqmentində də bəzi istifadəçilər DQ-ya qazın verilişini təmin etməyin vacibliyi ilə bağlı tvit atıblar.

"Dondurucu temperaturu və Dağlıq Qarabağda sadə insanlar üçün müharibədən sonrakı qeyri-müəyyən vəziyyəti nəzərə alsaq, erməni icmasının qaz təchizatının/isitmənin bərpası etimad və barışıq üçün yaxşı jest olardı", - Azərbaycan Tədqiqatları Qrupu -AzStudies yazıb.

Paylaşımını ötürün X, 2
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 2

Qarabağda qaz niyə yoxdur?

Məlumatlara görə, martın 8-i gecə saatlarında Azərbaycanın nəzarətində olan Şuşa yaxınlığındakı ərazidən keçən qaz kəmərində baş vermiş qəzadan sonra Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində yaşayan erməni əhalisi mavi yanacaq almır.

Bu məlumatlardan sonra Qarabağın Twitter istifadəçiləri ötən həftə sonu qazın verilişinin bərpa olunduğunu yazırdı.

Dünən bazar ertəsindən bəri isə, yenə də Xankəndinə qazın verilişinin durduğu bildirilib.

"Keçən dəfə, bir neçə gün çəkdi - 8 gündən çox qoymurdular, sonra işə başlayandan sonra iki-üç gün də belə uzandı. Bu müddətdə baş nazir də danışıb ABŞ dövlət katibi ilə, Rusiya prezidenti və Fransa prezidenti ilə. Xarici İşlər Nazirliyi də öz növbəsində öz səlahiyyətləri səviyyəsində bütün əlçatan əlaqələrdən istifadə edib. Eyniliklə bu dəfə. Artıq reaksiyaları görürük, həmçinin bizim səylərimiz sayəsində... Lakin təəssüflər olsun, yerində məsələ hələ də həll olunmayıb", Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə deyib.

Human Rights Watch-ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Gogia bugünki tvitində son iki həftədə ikinci dəfə Azərbaycanın nəzarət etdiyi ərazidən keçən qaz kəmərinə görə "Dağlıq Qarabağ əhalisinin dondurucu soyuqda istiliksiz qaldığını" bildirib.

O qazın kəsilməsinin təhsil müəssisələrinə də təsir etdiyini yazıb: "Onlar (təhsil müəssisələri) isidilmədiyi üçün bağlıdır. Humanitar böhranın yaranmaması üçün təcili addımlar atılmalıdır".

Paylaşımını ötürün X, 3
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 3

Bu arada bu gün Avropa İttifaqının sözçüsü təmsil etdiyi qurumun "Stepanakert/Xankəndiyə qaz təchizatının yenidən dayandırılmasından narahat olduğunu" yazıb.

"Xüsusilə ağır hava şəraitində zərər çəkmiş yerli əhalinin qaz təchizatının dərhal bərpasını təmin etməyə təcili ehtiyac var və Aİ nəzarətdə olan hakimiyyət orqanlarını buna imkan verməyə çağırır", - Peter Stano deyib.

Paylaşımını ötürün X, 4
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 4

Ermənistan və Azərbaycanın bəyanatları

Ermənistan Xarici İşlər Nazirliyi Qarabağın ermənilər yaşayan, Rusiya sülhməramlılarının nəzarətində olan hissəsinə "qaz verilişinin dayanmasıyla bağlı bütün diplomatik səylərdən" istifadə edir, nazir Ararat Mirzoyan bildirib.

Çərşənbə günü Ermənistan parlamentində çıxış edən XİN başçısı deyib ki, qazın kəsilməsilə bağlı "rusiyalı həmkarlarıyla sıx əlaqə saxlayıb".

O, "qazın kəsilməsini beynəlxalq tərəfdaşlarla da müzakirə etdiklərini" açıqlayıb.

"Biz bütün, o cümlədən diplomatik səylərimizi işə salmışıq, rusiyalı partnyorlarımızla müntəzəm əlaqədəyik, çünki, bildiyiniz kimi, qəza, və ya bilmirəm indi bunu necə adlandırmaq olar - qəza deyil... hər halda xarab olmuş yaxud bağlanmış yer sülhməramlıların məsuliyyət zonasında yerləşir və ilk növbədə bizim əlaqəmiz rusiyalı partnyorlarımızladır, lakin həmçinin bütün digər sivil aləmlədir", o deyib.

Ermənistan XİN ötən gün məlumat yayıb ki, "bazar ertəsi axşamından bəri Azərbaycanın birbaşa müdaxiləsi ilə Qarabağda qaz verilişi yenidən dayanıb". Erməni mənbələrinə görə, bu, son iki həftə ərzində baş vermis ikinci hadisədir.

Azərbaycan XİN-in bu gün verdiyi bəyanatda deyilir ki, Ermənistan XİN "Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərir" və "əsassız iddialarla" çıxış edir.

Azərbaycan XİN regional sülh və əmin-amanlığa töhfə vermək üçün Ermənistanı "bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etməyə" çağırıb.

2020-ci il sentyabrın 27-də Azərbaycanla Ermənistan arasında başlamış İkinci Qarabağ müharibəsi noyabrın 10-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış atəşkəs bəyannaməsi ilə dayanıb.