Bakı-Şuşa-Bakı sərnişin avtobusuna bileti necə ala bilərəm? Bu və digər 5 sualınıza cavab

Şəklin mənbəyi, AZERTAG
Yanvarın 24-də uzun illərdən sonra ilk dəfə Bakıdan Şuşa və Ağdama sərnişin avtobusu yola düşüb.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti bildirib ki, səfər bir gün ərzində həyata keçiriləcək və gedənlər təyin olunmuş vaxtda geri qayıtmalıdırlar.
Sərnişinlərin Şuşada vaxt keçirmək müddəti 2,5 saatdır.
BBC News Azərbaycanca Şuşa və Ağdama səfərə getməklə bağlı yarana biləcək sualları cavablamağa çalışıb.
Biletləri necə ala bilərəm?
Avtobuslara biletləri yolumuzqarabaga.az platforması vasitəsilə almaq olar.
Səfərə getmək istəyənlər bu sayta "ASAN login" sistemi vasitəsilə daxil olduqdan sonra, bilet almaq üçün səfərin istiqaməti və tarixini seçə bilərlər.
Daha sonra bilet alan şəxs müxtəlif mərhələlərdən keçərək ödəniş mərhələsinə çatır, portalda deyilir.
İlkin olaraq, Ağdama və Şuşaya səfərləri nəzərdə tutan sistemdə daha sonra işğaldan azad edilən digər bölgələrə də səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.
Sərnişindən hansı məlumatlar tələb olunur?
Bilet almaq üçün sistemə elektron ("email") ünvanı, şəxsiyyət vəsiqəsinin seriyası və fərdi identifikasiya nömrəsi daxil olunmalıdır.
Bundan başqa, mobil telefonun nömrəsi də tələb olunur. Tələb olunan məlumatlar sistemə daxil edilən zaman şəxsin məlumatları müvafiq informasiya sistemlərindən yoxlanılır.
Onun şəhid ailəsi olub-olmaması, eyni zamanda COVİD-19 peyvəndi və ya immunitetlə bağlı məlumatlar yoxlanılır.
Portalda verilən məlumata görə, şəhid ailəsinin üzvlərinə səfərdən bir dəfə ödənişsiz olaraq istifadə imkanı verilib.
Ödəniş necə olur, pulsuz biletləri kim ala bilər?
Bilet ödənişləri "ASAN ödəniş" sistemi vasitəsilə onlayn həyata keçirilir.
Məlumata görə, Bakı-Şuşa 10,4 manat, Bakı-Ağdam avtobuslarının qiyməti 9,4, Əhmədbəyli-Şuşa-Əhmədbəyli (express) 7 manat, Bərdə-Ağdam (express) 5 manat, Füzuli BHL - Şuşa (express) biletinin qiyməti isə 6 manat olacaq.
Sərnişinlər qayıdış biletini də qabaqcadan almalıdırlar.
Müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir. İmtiyazlı şəxslər də daxil olmaqla bütün şəxslərə işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir.
Saytda bildirilir ki, ödəniş uğurlu olduqdan sonra, vətəndaş portala yönləndirilir və bilet məlumatları ilə tanış olur. Onlayn biletlər yüklənilə, həm də çap edilə bilər.
Həftədə neçə reys olacaq?
Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilib.
Fevralın 16-dan etibarən Bakı-Şuşa-Bakı istiqamətində artıq həftədə 2 dəfə deyil, 3 dəfə avtobus reysi həyata keçiriləcək və ildə yalnız bir dəfə işğaldan azad olunmuş torpaqlara səyahət etmək məhdudiyyəti aradan qaldırılır, Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) BBC News Azərbaycancaya bildiriblər.
"Artıq məhdudiyyət aradan qaldırılıb. Sərnişinlər məhdudiyyət olmadan istədikləri istiqamətdə bir neçə dəfə səfərlərini təmin edə bilərlər. İki saat yarım təyinat məntəqələrində gəzintidən sonra sərnişinlər geri qaytarılır. Reyslər Şuşa istiqamətində artırılıb. Fevralın 16-dan sonra həftədə 3 dəfə olmaqla Bakı-Şuşa-Bakı reysi təşkil ediləcək", - DANX sözçüsü Günay Zeynallı qeyd edib.
31 yanvara qədər Şuşa və Ağdam istiqamətində 12 reys həyata keçirilib, ümumilikdə 1100-dən çox bilet alınıb.
Füzuli Beynəlxalq Hava Limanı-Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq.
Kim gedə bilər, hansı şərtlər var?
Şuşaya və Ağdama yaşı 18-dən yuxarı olan Azərbaycan vətəndaşları gedə biləcəklər.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmisi Rəhman Hümmətov hazırda hər kəsin işğaldan azad edilmiş ərazilərə səfər etmək istədiyini, lakin avtobusların sayının buna imkan vermədiyini bildirib.
Məhz bu səbəbdən də hər bir şəxsin ildə bir dəfə səfər etməsi şərt kimi qoyulub.
Lakin rəsminin sözlərinə görə, prosesin gedişində avtobusların sayı artırıla bilər: "Həmçinin tələb irəli sürülüb ki, insanlar gediş-dönüş biletini eyni anda alsınlar. Çünki ərazidə minalanmış yerlər ola bilər və əgər kimsə başqa yerlərə getmək istəsə bu fəsadlara gətirə bilər. Bu səbəbdən də belə şərt qoyulub".
Rəhman Hümmətov deyib ki, hələlik bu səfərlər yalnız ölkə vətəndaşlarına aiddir: "Gələcəkdə lazım gələrsə, xarici vətəndaşlar üçün də turizm səfərləri təşkil olunacaq".
Sərnişinlərin təhlükəsizliyi necə təmin olunacaq?
Daxili İşlər Nazirliyinin açıqlamasına görə, bu reyslərə səfər üçün bilet almış şəxsin icazəsi elə həmin tarixdən başlayır.
DİN həmçinin avtobusların polislə müşayiət ediləcəyi də bildirilir.
Sərnişindaşımanı həyata keçirəcək sürücülər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən mina təhlükəsinə dair maarifləndirmə təlimlərinə cəlb edilib.
Sürücülərə yalnız müəyyən edilmiş marşrut xətti üzrə hərəkət etmək tövsiyyə olunur.
Həmçinin oxuyun:








