"Sadəcə, sərhəd əvvəl Horadizdən keçirdi, indi Qafandan keçir" - Azərbaycan-Ermənistan sərhədində atışmanın səbəbləri barədə

Şəklin mənbəyi, Getty Images
- Müəllif, İlkin Həsənov, Aleksey Manvelyan
- Vəzifə, Bakı, Yerevan, BBC News Azərbaycanca
Azərbaycan və Ermənistan rəhbərlərinin ötən ilin sonu ardıcıl görüşməsindən, nəqliyyat dəhlizinin tikintisi barədə razılaşmadan, Ermənistan liderinin Qarabağın statusu ilə əlaqəli şərhlərindən sonra sərhəddə sakitlik müşahidə olunurdu.
Tərəflər 2021-ci ilin noyabrında sərhəddə adsız yüksəkliklər uğrunda gedən döyüşlərdə əldə etdikləri mövqelərdən də geri çəkilmişdilər.
Ancaq yanvarın 11-də baş verən və səhərədək davam edən atışmalar vəziyyətin hələ də, göründüyündən daha həssas olduğunu göstərir.
Azərbaycanda siyasi təhlilçilər hesab edir ki, tərəflər arasında razılaşdırılmamış məsələlər qalır. Yerevan müxbirimizin söhbət etdiyi Ermənistan politoloqları isə sərhəddə atəşkəsin pozulmasını Azərbaycanın Ermənistan üzərinə təzyiqi kimi nəzərdən keçirirlər.
Hələ ki, nə Azərbaycan, nə də Ermənistandan rəsmiləri son atışmaların səbəbləri barədə rəsmi açıqlama veriblər. Hər iki ölkə ancaq müdafiə nazirlikləri səviyyəsində qarşılıqlı ittiham səsləndiriblər.
"Stabilləşmə heç də hamının ürəyincə deyil"
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Ermənistan-Azərbaycan sərhədində atışmaların qızışmasının bir neçə səbəbi ola bilər. Onun sözlərinə görə, Ermənistanda siyasi vəziyyət sabit deyil və orada Ermənistan ordusunda da dayaqları mövcud olan bir neçə siyasi güc mərkəzləri var.
Cənab Zülfüqarov ehtimal edir ki, "Ermənistanda bu təxribatlar hansısa orta və aşağı hissələrdə olan təşəbbüs ola bilər".
"Stabilləşmə prosesi heç də hamının ürəyincə deyil. Orada Paşinyana müxalif olan qüvvələr belə təxribata əl ata bilərlər", - Tofiq Zülfüqarov deyib.
Keçmiş nazir onu da deyib ki, Ermənistan həm də sərhəddə atışmalarla üçüncü tərəfləri münaqişəyə cəlb etmək istəyə bilər.
"Ermənistan əvvəlcə Fransanı cəlb etmək istəyib, sərhəddə Rusiyanın qoşunlarını yerləşdirməsi ilə bağlı təkliflər səslənirdi. Onlar yaxşı başa düşürlər ki, Azərbaycanla Ermənistan arasındakı balans çoxdan pozulub, Azərbaycan qat-qat onlardan güclüdür. Burda məqsəd odur ki, özlərini sığortalamaq istəyirlər", - Tofiq Zülfüqarov deyib.
"Güzəştlər üçün təzyiq"
Hərçənd ki, ermənistanlı politoloq Aleksandr İskandaryan əsasən, son hadisələrdə elə bir xüsusi cəhət nəzərə çarpmır. "Bunda, sərhədin indi başqa yerdən keçməsindən başqa, yeni heç bir şey yoxdur. 1994-cü ildən 2020-ci ilə qədər vaxtaşırı sərhəddə gərginlik baş verib. Sadəcə, sərhəd əvvəl Horadizdən keçirdi, indi Qafandan keçir", - politoloq BBC News Azərbaycancaya deyib.
Onun sözlərinə görə, Qarabağ müharibəsindən sonra Azərbaycanın siyasəti təzyiqlərlə "erməni tərəflərindən müəyyən güzəştlər almaq, özünə lazım olanı almaq strategiyasıdır".
"Azərbaycan müharibənin nəticələrindən maksimum bəhrələnməyə tələsir. Çünki müharibə Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnib. Lakin bu qələbə heç bir sənəddə qeyd olunmayıb. 9 noyabr bəyanatı - adi bəyanatdır, əslində atəşkəs haqqında bəyanatdır", - Aleksandr İskandaryan deyir.
Tofiq Zülfüqarova görə, "Qazaxıstan hadisələrindən sonra Ermənistanda düşünə bilərlər ki, KTMT onların müraciətinə daha da çevik cavab verə bilər".
O deyib ki, sərhəddəki atışmaların üçüncü variantı da Ermənistanda bəzi hərbi qüvvələrin Azərbaycanın hərbi imkanlarını sınaqdan keçirmək istəyi ola bilər.
"İndi qışdır, Kəlbəcərdə çox sərt şərait mövcuddur və orada Azərbaycanın kommunikasiya imkanları məhduddur", - Tofiq Zülfüqarov deyib.
Keçmiş nazir deyib ki, o, sərhəddəki atışmaların Zəngəzur dəhlizinin tikintisinə hansısa təsir göstərməsini ehtimal etmir.
Aleksandr İskandaryan hesab edir ki, Azərbaycan demarkasiya-delimitasiya prosesini tələsdirir, lakin belə proseslər "bir həftəyə, ya bir aya, ya bir ilə başa çatan proses deyil".
"Rusiyanın Ermənistan ordusunda təsiri"
Siyasi məsələlər üzrə təhlilçi Qulu Məhərrəmliyə görə, sərhəddə üz-üzə dayanan və "o bölgələrə təsiri olan təkcə Azərbaycan və Ermənistan orduları deyil, həm də Rusiya sülhməramlılarının təsiri var".
"Başqa bir məsələ bu gün Nikol Paşinyanla ordu arasında fikir ayrılığı var və lazım olduğu təqdirdə sərhədlərdə bu cür qabarmalar ola bilir. Kənar təsirlərin mövcudluğunu danmaq olmaz. Bu kimi toqquşmalar burdan qaynaqlanır", - Qulu Məhərrəmli deyib.
Cənab Məhərrəmli hesab edir ki, hazırkı sərhəd gərginliyinin iki səbəbi ola bilər: "Bir - Rusiyanın Ermənistan ordusuna təsiri, ikincisi, Ermənistan ordusundakı yüksək rütbəli zabitlərin İkinci Qarabağ savaşından aldığı mənəvi zərbə və qisascılıq ruhu. Bunu danmaq olmaz və onlar ələ düşən hər fürsətdən istifadə etmək istəyirlər", - Qulu Məhərrəmli bildirib.
BBC News Azərbaycancaya danışan ermənistanlı şərhçilər sərhəddəki gərginliyi Ermənistan üzərinə təzyiq forması kimi dəyərləndirirlər.
"Azərbaycan sərhədin demarkasiyası və delimitasiyasını Ermənistanla Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıması baxımından nəzərdən keçirir və hesab edir ki, beləliklə Qarabağ məsələsi tamamilə aradan götürülər. "Lakin Qarabağ məsələsinin Ermənistanla Azərbaycanın ərazi bütövlüklərinin tanınması məsələsinə heç bir aidiyyəti yoxdur"", - siyasi icmalçı Armen Bağdasaryan bildirir.
"Ermənistan heç vaxt Qarabağı Azərbaycana qarşı ərazi iddiası kimi təqdim etməyib. Qarabağ xalqı öz müqəddəratını həll etmək hüququna malikdir. Ancaq bu müqəddəratın tam müstəqil yaxud hər hansı şəkildə Azərbaycanın tərkibində müəyyənləşdirilməsi başqa məsələdir və Ermənistanla Azərbaycan arasında ərazi mübahisəsi deyil", Bağdasaryan deyib.
Bu arada Qulu Məhərrəmliyə görə, Rusiyanın hələ də Ermənistan ordusunda təsiri var.
"Rusiyanın Ermənistan ordusuna təsirləri hələ də qalmaqdadır və Nikol Paşinyanın bütün cəhdlərinə baxmayaraq bu təsirləri aradan qaldırmaq mümkün olmayıb. Yüksək çinli komandirlər, ordu rəhbərləri hələlik bu və ya başqa formada Rusiyaya bağlıdır. İkinci bir tərəfdən, Rusiyanın özünün hərbi bazası Ermənistan ordusu ilə təmaslar saxlayır və bu hələ uzun illər davam edəcək", - Qulu Məhərrəmli deyib.
Armen Bağdasaryan isə baş verən gərginliyin köklərini Ermənistan hökumətinin zəif reaksiyasında görür. O, hazırkı hakimiyyəti "sərt, aqressiv addımlara qarşı kifayət qədər sərt reaksiya" verməməkdə günahlandırır.
O, Ermənistan rəhbərliyinin "sülh dövrünü" açmaq niyyətində olduğunu və bölgədə müvafiq siyasət yeritmək niyyətini elan etməsini xatırladır, lakin bu layihənin "birtərəfli şəkildə" həyata keçirilməsinin mümkün olmadığını deyir: "Bu, o zaman dəyərli bir addım sayıla bilərdi ki, Azərbaycan tərəfi də buna meylli olsun".
Yoxsa, "sülh dövrü elan etmək yerinə, Qaragölün 30 faizi, yaxud biyaban dağlar üçün müharibə başlamağa dəyərmi?", demək düzgün deyil. Bağdasaryanın sözlərinə görə, Ermənistan hakimiyyətinin bu mövqeyi "Azərbaycanın aqressiv addımları üçün yaşıl işıq yandırır".
Təhlilçilərə görə, Rusiya Qafqazda və keçmiş Sovet respublikalarında münaqişə ocaqlarının qalmasında maraqlıdır. Şərhçilər deyirlər ki, iki ölkə sərhəd məsələlərini özləri həll etsələr, Rusiya onlara təsir imkanlarından məhrum qalar. İndiki halda isə Rusiya Müdafiə Nazirliyi və onların xəritələri delimitasiya məsələlərində son vaxtlar aktiv rol oynayır.
Regionda maraqlı tərəflər
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib ki, "Aİ münaqişənin hərtərəfli həllinə kömək etmək üçün hər iki tərəflə işləyir".
"Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr iki ölkə arasında etimadın möhkəmləndirilməsi üçün tədbirlərin görülməsi zərurətini bir daha təsdiq edir", - Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarının mətbuat katibi Peter Stano öz twitter hesabında yazıb.
Yanvarın 12-də Türkiyənin müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı Zakir Həsənova Azərbaycan-Ermənistan sərhədində Azərbaycan hərbçisinin həlak olması barədə başsağlığı verib.
Ermənistan Baş naziri Nikol Paşinyan çərşənbə günü Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışarkən Qarabağdakı vəziyyəti müzakirə edib.
Sərhəddə nə baş verib?
Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində baş verən atışma nəticəsində Azərbaycanın müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Ayaz Nəzərov həlak olub.
Ermənistan tərəfi atışmada üç hərbçi - Artur Mxitaryan və kiçik serjant Rudik Ğaribyan həlak oluğunu bildirib, daha iki nəfərin yaralandığı və onların həyatına təhlükə olmadığı elan edib.
Bu, son iki ayda sərhəddə Azərbaycan və erməni qüvvələri arasında ilk ciddi insidentdir. Son dəfə atəşkəs rejiminin pozulması nəticəsində 16 noyabr döyüşlərində Ermənistan 6 hərbçisinin həlak olduğu, 32 nəfərin əsir düşdüyünü, Azərbaycan isə 7 hərbçisinin həlak olduğu, 10 nəfərin yaralandığını bildirmişdi.







