Azərbaycan və Ermənistan arasında sülh danışıqlarından nə gözləməli?

İlham Əliyev, Nikol Paşinyan

Şəklin mənbəyi, Getty Images

Azərbaycan və Ermənistan liderləri aprelin 6-da Brüsseldə görüşüblər.

Bu görüşdən əvvəl siyasi təhlilçi Fuad Şahbazov BBC News Azərbaycanca üçün Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı danışıqların perespektivlərini şərh edib:

Son məlumatlara əsasən, Azərbaycan ordusu Rusiya sülhməramlı kontingentinin nəzarəti altında olan Fərrux kəndi və ətraf ərazilərdə nəzarəti əlinə alaraq burda dislokasiya məntəqələri qurub. Bundan əlavə, cənub istiqamətində strateji əhəmiyyətə malik Qarakolluq yüksəkliyinin də Azərbaycanın nəzarətinə keçdiyinə dair iddialar var. Bu yüksəkliyin əsas üstünlüyü həm ətraf kəndlərə, həm də Ağdərəyə gedən yola nəzarət imkanıdır.

Diqqət çəkən məqam odur ki, bu, Azərbaycan ordusunun 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 10 noyabr bəyannaməsindən sonra Qarabağda ilk hərbi irəliləyişidir.

İkinci Qarabağ müharibəsi başa çatandan bəri Azərbaycan və Ermənistan beynəlxalq sərhədlərində bir neçə dəfə hərbi qarşıdurma olsa da, Qarabağ ərazisində vəziyyət nisbətən daha stabil idi.

Lakin indiki mərhələdə Azərbaycan ordusunun Rusiya sülhməramlıların olduğu əraziyə doğru irəliləməsi və Moskvanın tənqidlərinə məhəl qoymaması rəsmi Bakının yaranan vəziyyətlə bağlı narazılığını göstərir. 2020-ci ildən bu yana Ermənistanla sülh cəhdlərinin nəticə verməməsi, regional kommunikasiya xətlərinin bərpası ilə bağlı danışıqların uzanması Rusiya-Azərbaycan arasında narazılığın artmasına gətirib çıxarıb.

Bu hadisələr fonunda Rusiya Müdafiə Nazirliyinin Azərbaycanı ittiham edən bülleten yayması və Azərbaycanın rəsmi qurumlarının buna tənqidi şəkildə cavab verməsi münasibətlərdəki narazılığın bir müddət daha səngiməyəcəyini göstərir. İndiki halda rəsmi Bakı üçün vacib olan əsas məsələ Ermənistanla yekun sülh müqaviləsinin imzalanması və siyasi barışıq prosesinin başlamasıdır.

Ermənistan siyasi rəhbərliyi indiki şərtlər altında sülh müqaviləsini imzalamaq üçün Azərbaycan tərəfinin qarşısına müəyyən ilkin şərtlər (status məsələsi, hərbi əsirlərin qaytarılması, beynəlxalq sərhədlərin delimitasiyası, dəhliz layihəsinin geri çəkilməsi) qoyurdu və rəsmi Bakının şərtləri altında sənəd imzalamaqdan boyun qaçırırdı.

Ancaq artıq Ermənistandan "Dağlıq Qarabağın müstəqilliyinin" rəsmi Yerevanın gündəliyində olmadığına dair mesajlar və siqnallar gəlir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "Armenpress"ə müsahibəsində deyib ki, rəsmi Yerevan üçün "Dağlıq Qarabağ münaqişəsi ərazi məsələsi deyil, hüquq məsələsidir".

Hərçənd, Qarabağdakı son hadisələr zamanı rəsmi Yerevan Azərbaycanı Qarabağın enerji infrastrukturundan yerli erməni icmasına qarşı təzyiq vasitəsi kimi istifadədə ittiham etdi. Buna səbəb isə mart ayının əvvəlindən Xankəndi/Stepanakertdə təbii qazın nəqlində yaranan problem idi. Ermənistan Baş naziri Nikol Paşinyan da öz çıxışında Azərbaycanı qaz boru xəttini qəsdən sıradan çıxarmaqda ittiham etmişdi. Azərbaycan isə bu poblemin "pis hava şəraitində baş vermiş texniki qəza" kimi şərh etmişdi.

Hər halda ortada məsələnin "texniki qəza", yoxsa "siyasi təzyiq" olduğuna dair dəlillər olmasa da, müşahidə edilən gedişat onu göstərir ki, Azərbaycan Qarabağdakı əsas infrastruktur xətlərini nəzarətə götürərək separatçı rejimə olan təzyiqlərini artırmağa davam edir.

Hazırda Xankəndinə və ətraf ərazilərə verilən təbii qaz Ermənistan ərazisindən nəql edilsə də təbii qazın həcmi o qədər də böyük deyil. Yəni bu o deməkdir ki, yaxın gələcəkdə erməni icmasının təbii qaza olan ehtiyacı arta bilər və bu da qaz həcminin artırılmasını, bu isə öz növbəsində yeni qaz kəmərinin tikintisini tələb edəcək.

Lakin indiki şəraitdə Azərbaycan siyasi rəhbərliyi aydın şəkildə mesaj verir ki, yekun sülh müqaviləsi imzalanmamış və rəsmi Bakı ilə razılaşdırılmamış Qarabağda ermənilərin yaşadıqları ərazilərə hər hansı alternativ qaz kəmərinin çəkilməsi müzakirə mövzusu ola bilməz. Sülh müqaviləsinin imzalanacağı təqdirdə isə rəsmi Bakı Qarabağda yaşayan erməni icmasının burda qurulan yeni infrastrukturdan (qaz, işıq enerjisi, yol tikintisi) müstəqil şəkildə istifadə edə biləcəyini vəd edir.

Bununla belə, Ermənistan rəsmiləri əmindirlər ki, çox yaxın zamanda Azərbaycan Qarabağın enerji infrastrukturuna da tam nəzarəti əlinə alacaq və bununla da Qarabağdakı erməni icması üçün daha ciddi problemlər başlayacaq.

Moskva-Bakı arasındakı hazırkı siyasi gərginlik şəraitində də Rusiyanın sülhməramlı kontingentinin təbii qaz boru kəməri məsələsində Qarabağdakı ermənilərin xeyrinə hər hansı müdaxiləsinin mümkünlüyü şübhə doğurur.

Belə olan halda, martın 28-də Ermənistan Təhlükəsizlik Şurasının rəsmi Bakıya təcili olaraq sülh danışıqlarına başlamaq təklifi heç də təəccüblü deyil. Bundan bir müddət öncə də Azərbaycan Ermənistana beş bənddən ibarət sülh təklifi etmişdi.

Təkliflər arasında qarşılıqlı torpaq iddialarından vaz keçmə, qarşılıqlı şəkildə beynəlxalq sərhədlərin tanınması, qarşılıqlı şəkildə məsələlərin həllində hədə-qroxu və güc faktorundan tamamilə imtina, sərhədlərin delimitasiya və demarkasiyası, nəqliyyat və kommunikasiya xətlərinin bərpası var.

Bu təkliflərə cavab olaraq, rəsmi Yerevan bəndləri məqbul saydığını bildirmişdi. Ümumiyyətlə isə Rusiyanın digər münaqişələrdə olduğu kimi, Qarabağ münaqişəsində də sülhyaradıcı funksiyalarından sui-istifadə hallarına yol verməsi həm Azərbaycan, həm də Ermənistan cəmiyyətlərində birmənalı qarşılanmır.

Belə olan halda, Bakı və Yerevan da qlobal təhlükəsizlik kataklizmaları fonunda daha sıx təmaslara getməyin faydalarını anlamağa başlayıblar. Bunun nəticəsi olaraq, Ermənistan Baş Naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 6-da Brüsseldə növbəti görüşü gözlənir.

Görüşdən bir neçə gün əvvəl isə martın 30-da Azərbaycan Ali Məhkəməsinin 2020-ci ilin dekabr ayında Hadrutda həbs edilmiş erməni vətəndaşını sərbəst buraxmaq haqqında verdiyi qərarı isə Bakının Yerevana ötürdüyü pozitiv siqnal kimi qəbul etmək olar. Ehtimal oluna bilər ki, bu dəfəki Brüssel görüşündə hər iki lider müəyyən məsələlər üzrə (sərhədlərin demarkasiyası, regional dəhlizlər) daha konkret razılığa gələ biləcəklər.

Brüssel görüşündən əvvəl isə martın 31-də Rusiya Prezidenti Vladimir Putin həm İlham Əliyevlə, həm də Nikol Paşinyanla telefonla danışıb.

Danışıqların detalları məlum olmasa da, güman etmək olar ki, rəsmi Moskva Brüssel görüşündən əvvəl bir daha tərəflərə özünün regiondakı stabilliyin əsas qarantoru olduğunu vurğulamaq istəyib. Bu addım Rusiyaya regiondakı nüfuzunu qoruyub saxlamaq baxımından və Avropa İttifaqının təsirinin qarşısını almaq baxımından vacibdir.