Azərbaycan və Ermənistan liderləri Brüssel görüşü barədə

İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel, Ermənistan, Nikol Paşinyan, Azərbaycan Brüssel, 6 aprel 2022-ci il

Şəklin mənbəyi, President.az

Azərbaycan Prezidenti İlham Əliyev Brüssel görüşünün nəticələrini "müsbət qiymətləndirib". Ermənistan Baş naziri Nikol Paşinyan isə bildirib ki, sülh sazişi ilə bağlı Azərbaycanın təqdim etdiyi təkliflərdə Ermənistan üçün "qəbuledilməz bir şey yoxdur, lakin onlar gündəlik məsələlərini tam əks etdirmir".

Azərbaycan və Ermənistan liderləri çərşənbə günü Brüsseldə bu ayın sonunadək sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Birgə Sərhəd Komissiya yaradılmasına, o cümlədən sülh sazişi üzərində işləməyə razılaşıblar.

President.az yazıb ki, İlham Əliyev türkiyəli həmkarı Recep Tayyib Edoğana zəng edərək gözlənən sülh sazişindən danışıb.

O deyib ki, sülh müqaviləsinin Azərbaycanın təqdim etdiyi baza prinsipləri, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı tanınması və ərazi iddialarından imtina edilməsi daxil olmaq şərti ilə hazırlanması üzrə Ermənistan və Azərbaycan arasında işçi qrupunun yaradılmasına razılaşıblar.

Prezident Rəcəb Tayyib Ərdoğan bu nəticədən məmnun qalıb, president.az saytı yazır.

Əliyevlə Erdoğan-ın söhbət zamanı Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının, nəqliyyat-kommunikasiya xətlərinin qurulmasının regionda davamlı sülhün və sabitliyin təmin olunmasına, region ölkələrinin inkişafına və firavanlığına xidmət edəcəyi vurğulanıb.

Ermənistan Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin növbəti həftəlik iclasında Brüssel görüşündən danışaraq deyib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinə gələcək sülh sazişi ilə bağlı hazırlıq işlərinə başlamaq, danışıqlar aparmaq və təmaslar yaratmaq tapşırığı verilib.

Onun sözlərinə görə, sülh sazişi ilə bağlı Azərbaycanın təqdim etdiyi təkliflərində Ermənistan üçün qəbuledilməz bir şey yoxdur, "lakin onlar gündəlik məsələlərini tam əks etdirmir".

Paşinyan Qarabağda rus sülhməramlılarının məsuliyyət zonasında yaşayan erməni əhalisini nəzərdə tutaraq deyib ki, onlar üçün "Dağlıq Qarabağ xalqının təhlükəsizlik qarantiyaları, hüquq və azadlıqlarının müdafiəsi, eləcə də Dağlıq Qarabağın son statusunun dəqiqləşdirilməsi məsələləri prinsipial əhəmiyyət kəsb edir".

Bu məsələlər sülh sazişi üzrə Ermənistanın cavablarında əks olunur və "danışıqlar gündəliyinə daxil edilməlidir", Paşinyan deyib.

Azərbaycan və Ermənistan liderləri Brüssel görüşündə nələrdə razılaşıblar?

Azərbaycan və Ermənistan liderlərinin Brüsseldəki görüşü Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel-in (Şarl Mişel) vasitəçiliyi və təşəbbüsü ilə baş tutub.

Azı 4 saat davam etmiş görüşdən sonra o, jurnalistlərə bildirib ki, Cənubi Qafqazda "sabitlik, təhlükəsizlik, rifah Avropa İttifaqı üçün son dərəcə mühümdür", ona görə bütün səyləri, etimad yaratma tətbirlərini dəstəkləyirlər: "Bu gecə böyük irəliləyişə nail olduq. Bu isə o deməkdir ki, biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başalamağa və mümkün sülh sazişini hazırlamağa, bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik".

Charles Michel-in görüşdən sonra yaydığı bəyanatda deyib ki, ikitərəfli sərhədlərin delimitasiyası və demarkasiyası "vacib olacaq".

"Bu məqsədlə aprelin sonunadək 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq Birgə Sərhəd Komissiyasının çağrılması da razılaşdırılıb. Birgə Sərhəd Komissiyasının mandatı aşağıdakılardan ibarət olacaq:

  • Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası və
  • sərhəd xətti boyunca və onun yaxınlığında stabil təhlükəsizlik vəziyyətini təmin etmək".

Charles Michel jurnalistlərə açıqlamasında da vurğulayıb ki, növbəti həftələrdə bu istiqamətdə əldə olunmuş "tərəqqini nəzərdə keçirmək üçün" onların arasında "güclü kommunikasiya və koordinasiya" olacaq.

Avropa İttifaqı Şurasının prezidenti sülh sazişinin nə vaxt imzalanacağını "proqnozlaşdırmaqda çətinlik çəkdiyini" deyib, amma əlavə edib ki, "proses artıq başlayıb".

"Dekabrda Brüsseldə hər iki liderlə ilk şəxsi görüşdə hiss etdim ki, maraqlı bir adddım atıldı, tərəflər bir-birini dinləməyə və bir-birini narahat edən məsələləri, proritetləri, hər iki tərəf üşün həssas olan məsələləri daha yaxşı anlamağa meyilli idilər, bu, birinci vacib element idi," - Charles Michel deyib.

O bilirib ki, hər iki tərəfdə olan çətinlikləri istisna etmir, lakin onun fikrincə, irəliləyişə nail olmaq və əməkdaşlıq etmək, proritetləri, birlikdə ata biləcəkləri addımları müəyyən etmək üçün "ortaq iradə var".

Onun görüşdən sonra yaydığı bəyanatında da qeyd edilir ki, Azərbaycan və Ermənistan liderləri 2021-ci ilin dekabrında Brüsseldə keçirdikləri son görüşdən və 2022-ci ilin fevralında Fransa Prezidenti Emmanuel Macron-la video-konfransdan sonra baş verənləri nəzərdən keçirərək götürülmüş öhdəliklərin icrasına baxıblar.

10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyini təkrarlayıblar və son zamanlarda bəhs edilən gərginliyi müzakirə ediblər.

Onlar 2022-ci il martın 30-da Aİ-nin vasitəçiliyi ilə Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli nümayəndələrinin görüşünü alqışlayıblar və liderlər səviyyəsində əldə olunmuş razılaşmaların adekvat davamını təmin etmək üçün bu əlaqənin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər.

Azərbaycan və Ermənistan liderləri Ermənistan və Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya/əlaqə infrastrukturunun bərpasını da müzakirə ediblər.

Prezident Michel qüvvələrin müvafiq məsafədə saxlanmasının təmin edilməsini insidentlərin qarşısının alınması və gərginliyin azaldılmasının vacib elementi adlandırıb. O, Aİ-nin bu məsələdə məsləhət və dəstək verməyə hazır olduğunu bir daha vurğulayıb, bəyanatda qeyd edilir.

Charles Michel Azərbaycan və Ermənistan liderləri ilə görüşü "konkret və nəzərəçarpacaq nəticəli məhsuldar axşam" adlandırıb.

O bu barədə tvitində "bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək öhdəliyi"ni xatırladıb.

Aprelin 6-da Bakı vaxtilə axşam saat 9-da başlayan görüş azı dörd saat çəkib.

Bu gün görüşdən qabaq Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla ayrılıqda təkbətək görüşüb. Təkbətək görüşdə Prezident İlham Əliyev bugünkü üçtərəfli görüşün "nəticəyönümlü olacağına ümidvar" olduğunu deyib, president.az saytı yazır.

Nikol Paşinyan isə təkbətək görüşdə Qarabağın ermənilər yaşayan ərazilərindəki vəziyyətdən, humanitar məsələlərdən danışıb, Ermənistan mediası yazır.