ABŞ-ın Rusiya ilə bağlı Azərbaycandan gözləntisi nədir?

ABŞ, Azərbaycan, sanksiya, Rusiya, Antony Blinken

Şəklin mənbəyi, Reuters

    • Müəllif, Fərid Həsənov
    • Vəzifə, BBC News Azərbaycanca, Bakı

ABŞ dövlət katibi Antony Blinken-in Prezident İlham Əliyevlə son telefon söhbətində dedikləri rəsmi Vaşinqtonun Rusiya ilə bağlı Bakıdan gözləntisi olduğuna işarə edir.

Azərbaycan-Ermənistan liderlərinin Brüssel görüşü ərəfəsində edilmiş bu zəngdə dövlət katibi vurğulayıb ki, ABŞ və tərəfdaşları Ukraynaya qarşı "səbəbsiz və əsassız müharibəyə" görə Rusiya və onun yardımçılarının məsuliyyətə cəlb olunması öhdəliyini davam etdirməlidirlər.

ABŞ rəsmiləri bugünədək dəfələrlə müxtəlif platformalarda Azərbaycanı "tərəfdaş ölkə" adlandırıblar. Belə olan halda, ABŞ-ın Rusiya ilə bağlı Azərbaycandan gözləntiləri nə ola bilər?

ABŞ-ın Azərbaycandakı səfirliyi BBC News Azərbaycancaya rəsmi Bakıdan gözləntiləri ilə bağlı detallı məlumat verməsə də, yalnız onu bildirib ki, Azərbaycanı "həm sözdə, həm əməldə" Ukraynanı dəstəkləməyə "təşviq edirlər".

BBC News Azərbaycancaya Blinkenin dediklərini şərh edənlərin bəziləri bunu Azərbaycana xəbərdarlıq kimi yozur, yəni Azərbaycan Rusiyaya sanksiyalardan yayınmağa kömək edərsə, özü də ciddi sanksiyaya məruz qala bilər.

Amma Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibinin dediklərində hər hansı mesaj axtarmır və hesab edir ki, Azərbaycanla ABŞ arasında siyasi baxımdan ciddi gərginliyin yaranacağı inandırıcı deyil.

Rusiyanın Ukraynaya başlatdığı müharibəyə görə, ABŞ və Qərblə münasibətləri kəskinləşib və o, sərt sanksiyalarla üzləşib.

Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan dərhal sonra rəsmi Bakı Kiyevə humanitar yardımlar göndərməkdə fəal iştirak etsə də, Rusiya əleyhinə BMT Baş Assambleyasında qəbul edilən qətnamələrin səsvermə mərhələsində iştirak etməyib.

Prezident İlham Əliyev aprelin 4-də, Rusiya ilə diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibəti ilə rusiyalı həmkarına ünvanladığı təbrik məktubunda qeyd edib ki, "Azərbaycan Rusiyanın çoxsaylı subyektləri ilə fəal qarşılıqlı əlaqə saxlayır, bununla da bütün səviyyələrdə əlaqələrin genişlənməsinə şərait yaradır", məlumatı president.az saytı yayıb.

Xarici siyasətdə daha çox balans yaratmağa çalışan Azərbaycan hökuməti Rusiya ilə yanaşı Avropa İttifaqı və ABŞ ilə əlaqələrini zədələməməyə cəhd göstərir.

Bir müddət əvvəl Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov rəsmi Bakı və Vaşinqton arasında siyasi əlaqələrə toxunarkən bildirib ki, son 30 il ərzində Azərbaycan və ABŞ arasında münasibətlər "qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri çərçivəsində inkişaf yolu" keçib.

Ukrayna, müharibə, Rusiya, Azərbaycan

Şəklin mənbəyi, Getty Images

ABŞ-ın Azərbaycandakı səfirliyi: "Azərbaycanı Ukraynanı dəstəkləməyə təşviq edirik"

ABŞ-ın Azərbaycandakı səfirliyindən BBC News Azərbaycancanın sualına cavab olaraq bildirilib ki, "Putinin müharibəsi" bütün ölkələrin təhlükəsizliyini və inkişafını sual altına salır.

Açıqlamada qeyd olunur ki, Rusiyanın işğal siyasəti digər ölkələrin də suverenliyinə, ərazi bütövlüyünə, eləcə də insan haqları, enerji və qida təhlükəsizliyi kimi vacib sahələrə təhdid yaradır.

"Biz bütün ölkələrin sanksiyalara əməl etməsini gözləyirik və Azərbaycanı da həm sözlərində, həm də əməllərində Ukraynanı dəstəkləməyə təşviq edirik," - səfirlik bildirib və vurğulayıb ki, Azərbaycan hökumətinin və xalqının Ukraynaya humanitar yardım göndərməsi onları "ürəkdən sevindirir".

BBC News Azərbaycanca Azərbaycan Xarici İşlər Nazirliyindən ABŞ Səfirliyinin şərhinə reaksiya ala bilməyib.

"Əgər Azərbaycan şirkətləri Rusiya ilə iqtisadi əlaqələrini davam etdirərsə..."

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich BBC News Azərbaycancaya bildirib ki, rəsmi Vaşinqton, görünür, bu mesajla "Azərbaycan kimi tərəfdaş ölkələri Rusiyaya investisiya qoymamağa" çağırır. Bu isə Azərbaycanın "Rusiyaya qarşı sanksiyalara qoşulması" deməkdir.

Onun fikrincə, əgər Azərbaycan şirkətləri Rusiya ilə iqtisadi əlaqələrini davam etdirərlərsə, onlar da ABŞ-ın maliyyə sanksiyalarına məruz qala bilər.

"Hətta birbaşa sanksiyalar olmasa belə, Rusiyaya qarşı iqtisadi qadağaların genişlənməsi fonunda, xüsusilə də neft və qaz sektoru ilə bağlı sanksiyaların qüvvəyə minməsi ilə Rusiyanın Lukoil şirkətinin Azərbaycanda pay sahibi olduğu sahələr ciddi itkilərə məruz qala bilər. Bundan əlavə, Azərbaycan bank sektorunda Rusiyaya köməklik göstərməyə və ya əməkdaşlıq etməyə çalışarsa, bu zaman Azərbaycanın və prosesdə iştirak edən bankların xaricdəki aktivlərinə çatımı sərt sanksiyalarla üzləşə bilər,"- keçmiş səfir deyib.

Azərbaycan, Xarici İşlər Nazirliyi, Elmar Məmmədyarov

Şəklin mənbəyi, Getty Images

Azərbaycanın "ağıllı, uzunmüddətli strateji hədəfli" siyasəti

Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov isə hesab edir ki, Antony Blinken-in sözlərini sanksiyalara qoşulmağa çağırış kimi qiymətləndirmək düzgün deyil.

Onun fikrincə, amerikalı diplomatın bu fikirləri "ümumi xarakter" daşıyır. Keçmiş nazir BBC-yə bildirib ki, indiki məqamda bu məsələdə Azərbaycanla ABŞ arasında siyasi baxımdan ciddi gərginliyin yaranacağı inandırıcı deyil.

"Çünki Azərbaycan həm Ukrayna ilə, həm də Rusiya ilə ağıllı, uzunmüddətli strateji hədəflər qurub. Blinken-in dediklərini isə ümumi açıqlama kimi başa düşürəm. Çünki hazırda belə bir məsələ yoxdur ki, Azərbaycan Rusiyaya qarşı sanksiyaya qoşulsun, ya yox. Ümumiyyətlə, bununla bağlı indiki məqamda siyasi baxımdan ABŞ-la Azərbaycan arasında hər hansı problemin yaranacağına inanmıram".

"Rusiyanın icazəsi ilə" hərəkət etmək

Keçmiş səfir Richard Kauzlarich deyir ki, Rusiyanın Ukraynaya qarşı işğala başlamazdan bir neçə gün əvvəl Azərbaycanla müttəfiqlik haqqında bəyannamə imzalaması rəsmi Bakıya digər ölkələrlə müstəqil əlaqələr qurmağa mane olur.

Azərbaycan bu il fevralın 22-də Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalayıb.

Sabiq amerikalı diplomat deyir, müttəfiqlik bəyannaməsinin müddəalarından belə görünür, Azərbaycan digər təşkilat və ya ölkələrlə, o cümlədən ABŞ-la hər hansı əməkdaşlıq münasibətlərini "Rusiyanın icazəsi ilə həyata keçirəcək".

"Lakin bu, qarşısına Rusiyanı küncə sıxışdırmaq məqsədi qoyan ABŞ-ı digər ölkələrə, o cümlədən də Azərbaycana təzyiq göstərməkdən çəkindirməyəcək," - Richard Kauzlarich əlavə edib.

"Rusiyaya köməklik etməyin, başınız ağrayacaq"

Millət vəkili Rasim Musabəyov isə Rusiya ilə müttəfiqlik bəyannaməsinin Azərbaycanın müstəqil xarici siyasət yürütməsinə mane olması fikri ilə razılaşmır.

Onun fikrincə, rəsmi Bakı özünün iqtisadi maraqlarını və hədəflərini hansısa ölkənin maraqlarına qurban vermək niyyətində deyil.

Parlament üzvü ABŞ-ın Azərbaycanla yanaşı, Ermənistan və Qazaxıstan kimi digər dövlətlərə də eyni xəbərdarlıq etdiyini diqqətə çatdırıb.

Rasim Musabəyov deyir ki, belə olan halda təbii ki, ölkələr öz maraqları naminə və ABŞ-ın sanksiyalarının hədəfinə çevrilməməsi üçün Rusiyaya dəstək verməkdən boyun qaçıracaqlar.

O əlavə edib ki, ABŞ-ın əsas gözləntisi ondan ibarətdir ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyaların effektiv olması üçün Azərbaycan kimi ölkələr də dəstək versinlər.

"Rusiya sanksiyalar üzündən nə dollarla, nə də banklarla hər hansı maliyyə əməliyyatları həyata keçirə bilir. Ona görə də Rusiyada çoxları çalışacaqlar ki, misal üçün, Azərbaycanın bank sistemi vasitəsilə [əməliyyatı] həyata keçirsinlər. Bu halda isə Rusiyaya köməklik edən ölkənin özü həmin sanksiyalara məruz qalacaq. Rəsmi Vaşinqton Rusiya üçün nəzərdə tutulan iqtisadi qadağaları digər ölkələrə tətbiq etmək istəmir. Ona görə də həmin dövlətlərə xəbərdarlıq edir və açıq deyir ki, bu məsələdə Rusiyaya köməklik etməyin, başınız ağrayacaq".

ABŞ ölkələrin Rusiyadan "asılılığını azaltmaq istəyir"

Britaniyanın Oxford Universiteti və Robert Bosch Academy-nin siyasi məsələlər üzrə elmi tədqiqatçısı Leyla Əliyeva isə Antony Blinkenin İlham Əliyevə dediklərini yalnız Rusiyaya qarşı sanksiya ilə əlaqələndirilməsini doğru saymır.

Onun sözlərinə görə, bu yolla ABŞ həm də keçmiş sovet ölkələrinin Rusiyadan iqtisadi asılılığını azaltmaq istəyir. Bura həm də regiona təsir imkanının bərpa edilməsi daxildir.

"Blinken-in Prezident İlham Əliyevlə danışması, eləcə də Avropa İttifaqının Ermənistan və Azərbaycan liderləri arasında silsilə görüşlər təşkil etməyə maraq göstərməsi onu deməyə əsas verir ki, artıq Qərb də regionda öz mövqeyini bərpa etməyə çalışır. Onlar Cənubi Qafqazda mövcud olan dondurulmuş münaqişələrin, sadəcə Rusiyanın təsiri altında qalmasını istəmir," - Leyla Əliyeva deyib.

O əlavə edib ki, Gürcüstan və Azərbaycan hökumətlərinin Ukrayna məsələsində Rusiyaya qarşı sərt bəyanat verə bilməmələri də, görünür, Qərbin diqqətindən yayınmayıb.

Leyla Əliyevanın fikrincə, Rusiyanın Ukraynada "başının qarışmasından istifadə etməyə çalışan Qərb" Cənubi Qafqazda mövqeyini möhkəmləndirmək istəyir.

ABŞ və Qərbin sanksiyaları ilə üzləşməsindən sonra Rusiyanın maliyyə və sənaye sahələri ilə yanaşı, kənd təsərrüfatı və qida təhlükəsizliyi ilə bağlı sahələrinə də ciddi ziyan dəydiyi bildirilir.

ABŞ prezidenti Joe Biden bir müddət əvvəl verdiyi açıqlamasında sanksiyaların təsirini azaltmaq niyyəti ilə Rusiyaya kömək etmək istəyən hər hansı ölkənin də ciddi iqtisadi qadağalarla üzləşəcəyini bəyan edib.