Erdoğan: "Zəngəzur dəhlizi ilə bağlı bəzi çevrələrdəki qorxu və narahatlıqlar, mənə görə, yersizdir"

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Azərbaycan Prezidenti İlham Əliyev

Şəklin mənbəyi, Azertag

Azərbaycana səfərə gələn Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Zəngilan beynəlxalq aeroportunun açılışını edib.

O, çıxışında vurğulayıb ki, Türkiyə Azərbaycanın yanındadır və Qarabağın yenidən qurulmasında ağıllı şəhər, yaşıl enerji və aqrar sahədə iri layihələri birgə gerçəkləşdirməyə hazırdılar.

"Naxçıvanı Azərbaycana birləşdirəcək Zəngəzur dəhizi ilə bağlı bəzi çevrələrdəki qorxu və əndişələr, mənə görə, yersizdir. Artıq bütün Qarabağın atdığı bu addımlardan sonra belə qorxulara yer yoxdur", Erdoğan deyib.

Erdoğan əlavə edib ki, bu dəhliz bölgə ölkələri üçün ticarət və sərmayə imkanları yaradacaq.

Cümə axşamı Türkiyədən Zəngilan beynəlxalq aeroportuna uçan ilk xarici dövlət başçısı olan Recep Tayyip Erdoğan iki il əvvəl 44 günlük müharibədə azad edilmiş Cəbrayıl şəhərində rəsmi mərasimlə qarşılanıb.

Prezident İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın yanında olan Türkiyə işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında öz şirkətləri ilə iştirak edir.

O, Türkiyə ilə Azərbaycan birliyinin regionda sülhün və sabitliyin ciddi amilinə çevrildiyini bəyan edərək, "Əgər kimsə bizə qarşı yenidən haqsızlıq etmək istəyirsə, bunu ciddi şəkildə düşünməlidir.

Recep Tayyip Erdoğan bildirib ki, Azərbaycan-Ermənistanla Türkiyə-Ermənistan normallaşma müddəti bir-birini dəstəkləyəcək şəkildə irəliləyir və "bu fürsət ən yaxşı şəkildə dəyərləndirilməlidir".

Cümə axşamı Cəbrayıl rayonu ərazisində yaradılacaq "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi", "Ağıllı Tingçilik" və "Dostluq Meşəsi" Kompleksinin də təməlqoyma mərasimi keçirilib, əraziyə 15 baş ceyran buraxılıb.

Erdoğan "Dost Aqropark"da istehsal edilən ət məhsullarına ilk "Made in Karabağ" etiketlerini vurub, Anadolu agentliyi yazıb.

"Dost Aqropark" türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksidir, Azərtac izah edir.

Türkiyə Prezidentinin, həmçinin Cəbrayılda qatar stansiyasının açılışında iştirak edib.

Füzuli, Qarabağ, Türkiyə, Azərbaycan

Şəklin mənbəyi, Anadolu Agentliyi

Şəklin alt yazısı, İlham Əliyev və Erdoğan Füzuli hava limanının açılışında (2021)

Bu, Erdoğanın İkinci Qarabağ müharibəsindən sonra Qarabağa üçüncü səfəridir. O, bundan əvvəl, 2021-ci ilin oktyabrında Füzuli hava limanının da açılışında iştirak edib.