Paşinyan: sülhməramlıların mandatının uzadılması ilə bağlı sənədi "imzalamağa hazıram"

Şəklin mənbəyi, Gov.am
Ermənistanın Baş naziri "Dağlıq Qarabağdakı" Rusiya sülhməramlılarının mandatının 20 ilə qədər uzadılmasına dair sənədi imzalamağa hazır olduğunu deyib.
Azərbaycan bu bəyanata münasibət bildirməyib. Cümə axşamı Rusiya Prezidenti deyib ki, əgər Ermənistan Qarabağ üzərində Azərbaycanın suverenliyini nəzərdə tutan "Washington variantını seçirsə, buyursun".
Şənbə günü Ermənistan lideri deyib ki, Rusiya sülhməramlıları missiyasının davam etdirilməsini istəyir.
"Mən Soçidə sülhməramlıların mandatının 10, 15 və ya 20 il uzadılması ilə bağlı sənəd imzalamağa hazıram. Rusiya Prezidentinin belə bir təşəbbüslə çıxış etməsini təklif edirəm. Mənim özüm də bu təklifi verə bilərəm, amma Rusiya tərəfi onu dəstəkləməlidir", - Ermənistanın Vətəndaş Müqaviləsi Partiyasının qurultayında çıxış edən Nikol Paşinyan deyib.
Bakı bu bəyanata münasibət bildirməyib. Lakin bundan əvvəlki rəsmi açıqlamalarda sülhməramlı qüvvələrin "Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti" yerləşdirilməsi xüsusi olaraq qeyd edilib.
Ermənistan liderinin açıqlaması bazar ertəsi Soçidə keçiriləcək Rusiya-Ermənistan-Azərbaycan rəhbərləri arasında üçtərəfli görüş ərəfəsində səslənir.
Putinin Qarabağın müqəddəratı açıqlamasına Azərbaycandan və Ermənistandan reaksiyalar

Şəklin mənbəyi, TASS
Prezident Vladimir Putin cümə axşamı "Valday" forumunda çıxış edərkən deyib ki, sülh müqaviləsi üçün variant seçimi Ermənistanın öz ixtiyarındadır. Amma o vurğulayıb ki, Washington-dan gələn təklif Qarabağ üzərində Azərbaycanın suverenliyini əks etdirir.
"Erməni xalqı və ya Ermənistan rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin bütövlükdə Qarabağ üzərində Azərbaycanın suverenliyinin tanınmasını nəzərdə tutan Washington variantını seçməlidir, buyursunlar, özləri bilərlər. Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağın öz xüsusiyyətləri var və bu xüsusiyyətlər gələcək sülh müqaviləsində nəzərə alınmalı, danışılmalıdır, bu da mümkündür. Amma təbii ki, Azərbaycanla razılaşdırmaq lazımdır. Bu razılaşmaların qarşı tərəf - Azərbaycan üçün də məqbul olması lazımdır", - Putin deyib.
Onun bu açıqlaması bölgədə birmənalı qarşılanmayıb. BBC-yə danışan azərbaycanlı və erməni ekspertlər arasında bunu Rusiyanın Qarabağ münaqişəsində "nəhayət ki, öz niyyətini daha aydın ifadə etdiyi" kimi şərh edənlər də var, Rusiyanın "növbəti manipulyasiyası" sayanlar da, Qarabağın müqəddəratı ilə bağlı Qərblə Rusiya arasında ciddi bir fikir ayrılığı olmadığını deyənlər də.
"Əgər onlar Azərbaycan vətəndaşlığını tanıyarlarsa…"
"Washington variantı" və Putinin "Qarabağın öz xüsusiyyətləri" ilə bağlı açıqlamasına nə Ermənistanda, nə də Azərbaycanda hər hansı birbaşa rəsmi cavab var.
Amma cümə günü Qazaxıstanda keçirilən MDB ölkələrinin iclasında Azərbaycanın baş naziri Əli Əsədov Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanı Azərbaycanın ünvanına "bir sıra əsassız ittihamlar" səsləndirməkdə ittiham edərkən deyib ki, Azərbaycanın suveren ərazisi müzakirə mövzusu deyil.
"Demişik ki, Azərbaycan ərazisində heç bir Dağlıq Qarabağ mövcud deyil. Qarabağ iqtisadi rayonu və Azərbaycanın erməni mənşəli vətəndaşları var. Əgər onlar Azərbaycan vətəndaşlığını tanıyarlarsa, bizim Prezident İlham Əliyevin dediyi kimi, əgər onlar Azərbaycan qanunlarına tabe olsalar, Azərbaycanın başqa millətlərdən olan bütün vətəndaşları kimi, onların da bütün hüquqları təmin ediləcək".
Rusiyanın təklifləri əsasında Bakı ilə işləmək
Putinin son açıqlamasından bir gün sonra Nikol Paşinyan da öz Twitter hesabında yazıb ki, o, sentyabrın əvvəlində Ermənistanla Azərbaycan arasında beynəlxalq münasibətlərin qurulması üçün Rusiyanın təqdim etdiyi əsas prinsiplər və parametrlər əsasında işləməyə razılaşıb və bunu Soçidə gözlənilən görüşdə də təsdiqləməyə hazırdır və ümid edir ki, Rusiya da öz təkliflərini dəstəkləyəcək.
Amma Baş nazir Rusiyanın təkliflərinin nədən ibarət olduğunu açıqlamayıb.
Dağlıq Qarabağla bağlı həm Azərbaycandan, həm də Ermənistandan verilən bəyanatlardan ehtimal etmək olar ki, rəsmi Bakının Qarabağ üzərində Azərbaycanın suverenliyini tanıması ilə bağlı rəsmi Yerevanla problemi yoxdur. Paşinyan bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü hələ 1992-ci ildə, müstəqil Dövlətlər Birliyi yaradılanda qəbul edib.
Oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyi klubunun sammiti zamanı Azərbaycan, Ermənistan, Fransa, Avropa İttifaqı liderlərinin görüşündən sonra da verilən bəyanatda Azərbaycan və Ermənistan BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq ediblər.
Nikol Paşinyan bir müddət öncə ölkənin İctimai TV-nə açıqlamasında bildirib ki, ABŞ, Qərb, hətta Rusiya belə Qarabağın müstəqilliyini tanımağa hazır deyil və onlardan heç biri Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa hazır deyil. Bundan əvvəl isə o, parlamentdə oxşar bəyanat vermişdi.

Şəklin mənbəyi, kremlin.ru
"Putin Minsk qrupunu bərpa etmək istəyir"
Putinin açıqlamasını BBC-yə şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarova görə, Rusiya ATƏT-in Minsk qrupunun fəaliyyətini bərpa etmək istəyir və buna həm də münasibətinin gərginləşdiyi Qərblə əməkdaşlığın bərpası kimi baxır.
Amma o hesab edir ki, Putinin Qarabağın müqəddəratı ilə bağlı dedikləri ilə Qərbin sülh sazişi variantı arasında ciddi bir ziddiyyət yoxdur, onun fikrincə, Qərb Dağlıq Qarabağın "təhlükəsizliyi və hüquqları"nı tələb edir ki, elə bunun özü də statusu ehtiva edir.
"Ehtimal etmək lazımdır ki, həm Qərb, həm də Rusiya Azərbaycan hakimiyyəti ilə "yerli ermənilər" arasında format yaratmaq və danışıqlarda iştirak etmək üçün çox çalışacaqlar".
"Çətin və məsuliyyətli seçim anı"
Siyasi şərhçi Şahin Cəfərlinin sözlərinə görə, Putin bu açıqlaması ilə Qərbin konkret təklifləri olduğu söz-söhbətini doğrulamış oldu.
Onun sözlərinə görə, görünən odur ki, Qərb Qarabağ münaqişəsinə qəti şəkildə nöqtə qoymaqda və yekun sülh sazişində bunun əksini tapmasında maraqlıdır.
"Rusiyanın təklifində isə biz yenə də münaqişəni təxirə salma, dondurma cəhdləri görürük, əslində Rusiya bunu gizlətməmişdi də ki, biz status məsələsini gələcəyə saxlamalıyıq", - deyə siyasi şərhçi Putinin "Qarabağın öz xüsusiyyətləri" ilə bağlı dediklərini xatırladıb.
Şahin Cəfərli hesab edir ki, Azərbaycan və Ermənistan münaqişəni bitirəcək sülh müqaviləsi imzalamağa yaxınlaşarsa, Rusiya hər vəchlə buna mane olmağa çalışacaq, çünki sülh sazişi Rusiya sülhməramlılarının Qarabağdan çıxması demək olacaq.
"Amma hər iki ölkə bunun qarşısını ala bilər", - deyə siyasi şərhçi düşünür ki, rəsmi Bakı və Yerevan hazırda "çətin və məsuliyyətli seçim anındadır".
"Burdan yeganə effektiv çıxış yolu odur ki, Əliyev və Paşinyan anlaşsınlar və Rusiyanın köməyi ilə hansısa aktik üstünlük əldə etməyə çalışmasınlar. Məsələn, sərhəd toqquşmalarında aydın idi ki, Rusiya Azərbaycanın Ermənistan üzərində hərbi təzyiq qurmasına göz yumurdu, çünki Rusiyaya kiçik hərbi toqquşmaların davam etməsi ilə iki ölkə arasında düşmənçiliyin qalması sərf edir".
Şahin Cəfərli deyir ki, bundan sonra Rusiya hətta tərəflərdən birinə taktiki üstünlük yaratmağa çalışarsa, həm Azərbaycanın, həm də Ermənistanın strateji maraqları tələb edir ki, buna razı olmasınlar: "Əgər iki tərəf anlaşarsa, Qərbin də dəstəyi ilə burda Rusiyanın təzyiqlərini,təxribatlarını neytrallaşdırmaq olar".
Rusiyanın "növbəti manipulyasiyası"
Ermənistan Qloballaşdırma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin direktoru Stepan Qriqoryanın fikrincə, Putini Ermənistanda insanların Rusiyanın yeritdiyi Azərbaycan meylli siyasətindən narazılığı narahat edir.
Siyasi şərhçi hesab edir ki, ortada ziddiyyətlər var və onun fikrincə, İkinci Qarabağ müharibəsindən əvvəl gedən danışıqlarda 5 rayonun qaytarılması təklifi ilə bağlı Putinin dedikləriylə 10 noyabrda bütün ətraf ərazilərin və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması bəyanatı bir-birinə ziddir.
Stepan Qriqoryan deyir ki, hazırda Rusiya Ermənistanı dəsəkləmir və son sərhəd toqquşmasında da bu dəstəyi göstərməyib, indi isə narahatdır ki, regionda ABŞ və Qərbin simasında alternativ peyda olub.
Siyasi şərhçi Putinin açıqlamasını Rusiyanın "növbəti manipulyasiyası" sayır: "Qorxuzur ki, Qarabağı itirərsiniz... Təkcə sadəlövh insanlar düşünə bilər ki, biz Qarabağı itirməmişik. Bu gün Ermənistanın Qarabağa heç bir təsiri yoxdur. Bir az maliyyə yardımı edir. Vəssalam. Rus sülhməramlıları oradadır. Odur ki, hazırda Qarabağ rus sülhməramlılarının əlindədir. Odur ki, qoy nağıl söyləməsinlər ki, Ermənistan Qarabağı itirər. İndi Qarabağın başına nə oyun gəlsə - rusların işidir, orada Ermənistan qoşunları yoxdur. Qarabağın özünümüdafiə qüvvələri var".
Stepan Qriqoryan hesab edir ki, Ermənistan hökumətinin regiona başqa oyunçular gətirməsi strategiyası alternativ olması baxımından düzgündür və bu əməkdaşlığı gücləndirmək lazımdır: "Qərb variantı birmənalı Rusiya variantından yaxşı olacaq. Və Rusiya variantının həmçinin Ermənistan üçün məqbul olması üçün onu təkmilləşdirməyə məcbur olacaq".
Putin "Valday"da daha nə deyb?
O bildirib ki, Rusiya uzun illərdir "Qarabağla bağlı məsələni həll etmək" üçün Ermənistanla dialoq aparıb.
Vladimir Putin cümə axşamı "Valday" forumunda çıxış edərkən deyib ki, "Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi ideyasını dəstəkləyir, lakin Yerevana diktə etmək fikrində deyil".
Rusiya Prezidenti Azərbaycanla Ermənistan arasında ilin sonuna kimi imzalanması gözlənilən sülh sazişinə toxunub:
"Bizim mövqeyimiz ondan ibarətdir ki, bu sülh müqaviləsi, əlbəttə ki, zəruridir və biz sülh yolu ilə nizamlanmanın, həmçinin sərhədin delimitasiyası və sərhəd məsələsinin tam həllinin tərəfdarıyıq. Məsələ ondadır ki, hansı variantı seçmək lazımdır? Bu, Ermənistanın, erməni xalqının və Ermənistan rəhbərliyinin öz işidir".
Onun sözlərinə görə, Rusiya sülhlə nəticələnəcək istənilən variantı alqışlayar.
Cənab Putinin sözlərinə görə, əvvəllər Moskva təklif edib ki, Yerevan Dağlıq Qarabağla əlaqələri saxlamaq üçün yeddi böyük rayondan ikisi üzərində nəzarəti saxlasın və qalan beş kiçik rayona nəzarətdən imtina etsin.
"Həmin regionlar üzərində nəzarəti saxlamaq üçün onlar lazımsız idi, qalanları heç bir məna kəsb etmirdi. Onlar sadəcə boş idi: bütün sakinlər artıq qaçmışdılar, de-fakto həmin ərazilərdən qovulmuşdular. Niyə onlardan yapışırdılar? Bunun heç bir mənası yox idi", - Vladimir Putin bildirib.
Rusiya Prezidenti onu da deyib ki, "Amma Ermənistan rəhbərliyi öz yolu ilə getmək qərarına gəldi. Məlum olduğu kimi, bizi indiki vəziyyətə gətirən də budur".
Putin deyib ki, qaçqınların geri qayıtmasına imkan yaratmağı ədalətli hesab edir və "bu, ümumilikdə regionda vəziyyətin normallaşması istiqamətində yaxşı addım olardı".
Soçidə görüş
Oktyabrın 31-də Ermənistan və Azərbaycan liderləri Soçidə Putinin vasitəçiliyi ilə bir araya gələcəklər.
Soçi görüşünün təşkilini Brüsselin fəallığına cavab kimi qiymətləndirən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bu görüşdən çox şey gözləmir, hesab edir ki, Rusiya hazırda öz istəklərini diktə etmək iqtidarında deyil.









