Ermənistanda etirazlar: qadınların nümayişi, yürüş və itaətsizlik aksiyaları

Şəklin mənbəyi, Yerevan.today
Ermənistanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət üzvləri ölkənin şimalındakı Vanadzor şəhərinə doğru yürüş təşkil ediblər. Şənbə günü Yerevanda qadınların mitinqi keçirilib, şəhərin müxtəlif yerlərində itaətsizlik aksiyaları davam etdirilib.
Bəzi saytlarda etiraz aksiyaları canlı yayımlanıb.
Müxalifət Nikol Paşinyanı Azərbaycanın "Dağlıq Qarabağ üzərində hakimiyyətini tanıyaraq", güzəştə getməyə hazır olmaqda ittiham edir. Hakimiyyət müxalifətin tələbini rədd edir və Baş nazirin istefası tələbinin geniş ictimaiyyət tərəfindən dəstəklənmədiyini bildirir.
Nümayişlər Yerevanla yanaşı ölkənin dörd iri şəhərində keçirilir. Ötən ayın sonunda paytaxtdakı aksiyalara dörd bölgədən gələn etirazçılar qatılıb.
Şənbə günü isə yürüş iştirakçıları böyüklüyünə görə ölkənin 3-cü şəhəri olan Vanadzora üz tutublar. Gün ərzində etirazçılar arasında saxlanılanlar barədə məlumat verilib.
Mitinqdə, o cümlədən Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyan da iştirak ediblər.

Bölgələrlərdən paytaxta piyada yürüş
Mayın 1-də paytaxt Yerevanda planlaşdırılan müxalifətin "ümumxalq" mitinqinə qatılmaq üçün ölkənin müxtəlif bölgələrindən paytaxt istiqamətində piyada yürüş başlanıb.
Aprelin 26-da etiraz aksiyalarına 2020-ci il 44 günlük Qarabağ müharibəsində həlak olan hərbçilərin valideynləri, həyat yoldaşları və yaxın qohumları da qatılıb.
Onlar Yerevanın mərkəzində toplaşıb və müharibədə həlak olan övladlarının şəkilləri ilə Ermənistanın Baş Prokurorluğu binasına yollanıblar.
Valideynlər Baş nazir Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb olunması üçün "kifayət qədər material toplayıb" prokurorluğa təqdim etdiklərini bildirirlər.

Şəklin mənbəyi, AFP/Getty images
Valideynlərin ittihamı Nikol Paşinyanın ötən həftə Ermənistan parlamentində çıxışı zamanı 44 günlük müharibənin başlanmasında "günahının boynuna alması"na əsaslanır. Onlar hesab edirlər ki, Paşinyan faktiki olaraq, minlərlə insanın müharibə nəticəsində həlak olmasında günahını etiraf edib və onun bəyanatı "cinayət törətmək haqqında məlumat" kimi nəzərə alınmalıdır.
Valideynlərin ittihamı Paşinyanın parlament tribunasından səsləndirdiyi bu sözlərinə əsaslanır: "Məndən soruşurlar: biz müharibəyə yol verməyə bilərdikmi? Bəli, bilərdik, lakin nəticədə vəziyyət eyni olardı, ancaq qurbanlar olmazdı".
Ötən ay Nikol Paşinyan parlamentdə bəyan edib ki, beynəlxalq ictimaiyyət "Dağlıq Qarabağın statusu" ilə bağlı tələbin həddinin "aşağı salınmasını" istəyir. Bu bəyanat geniş rezonans doğuraraq, küçə etirazlarına təkan verib.
Müxalifət Paşinyan hakimiyyətini "Dağlıq Qarabağ məsələsində yolverilməz güzəştlərə getməkdə" ittiham edir. İqtidar partiyasından olan bəzi millət vəkilləri hesab edirlər ki, müxalifət öz hərəkətləri ilə "müharibəyə təhrik edir".
Aprelin 6-da Brüsseldə görüşmüş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişi üzərində işləməyə razılaşıblar.








