Hulusi Akar Qazaxıstan barədə: "Biraz gözləməliyik"

Hulusi Akar

Şəklin mənbəyi, Getty Images/Anadolu Agency

Türkiyənin müdafiə nazri Hulusi Akar Qazaxıstan hadisələri barədə danışarkən bəyan edib ki, rəsmi Ankaranın mövqeyinin dəqiqləşdirilməsi üçün "biraz gözləmək lazımdır."

"Qarışıq məlumatlar var, mövqeyimizin dəqiqləşdirilməsi üçün biraz gözləməliyik", şənbə günü jurnalistlərlə görüşündə cənab Akar bildirib.

Qazaxıstanı "dost" adlandıran müdafiə naziri Hulusi Akar iki ölkə arasında hərbi təhsil sahəsində əməkdaşlıq da daxil, "çox yaxın əlaqələrin" olduğunu , Qazaxıstanın Türkiyənin önəmli müttəfiqi olduğunu deyib.

Qazaxıstan Orta Asiyanın türk respublikaları ilə müqayisədə Türkiyə ilə strateji əməkdaşlıq qurmaqdan və xarici siyasətində Türkiyənin iştirak dərəcəsini artırmaqdan çəkinmirdi.

Müdafiə naziri Prezident Recep Tayyip Erdoğanın Qazaxıstan hadisələri ilə bağlı "hər cür məlumat və təcrübə paylaşımına hazırıq" açıqlamasını xatırladaraq bunun Ankaranın Qazaxıstan siyasəti üçün "bir təlimat" olduğunu deyib.

Müdafiə naziri Ankaranın "hər hansı bir şəkildə, hər hansı bir ehtiyacları olduğunda, təlimat verildiyində" hər cür yardım etməyə hazır olduğunu deyib.

Etiraz, yoxsa mütəşəkkil hazırlıq?

BBC News Azərbaycanca ekspert və rəsmi şəxslərlə Qazaxıstan hadisələrinin Türkiyənin Orta Asiya siyasətinə təsirini müzakirə edib.

Xarici siyasət məsələləri üzrə ekspert, Yaxın Şərq Texniki Universitetinin professoru Oktay Tanrıseverə görə, Qazaxıstan da dünyanın bir hissəsi kimi Avropadakı qiymət artımlarından təsirlənsə də, bu ölkədəki hadisələr "qiymət artımlarına etiraza bənzəmir".

"Hiss olunur ki, Qazaxıstandakı bəzi çevrələr, bir müddətdir, bu istiqamətdə hazırlıq görüblər. Çünki atdıqları addımların çox mütəşəkkil olduğu görünür", cənab Tanrısever bildirib.

Ekspert Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hadisələrə müdaxiləsinin "Qazaxıstanın Rusiya tərəfindən işğal edilməsi" kimi anlaşılması fikrini "şişirdilmiş" adlandırıb.

"Qazaxıstandakı milli kimlik və milli həssaslıq güclü olduğu üçün Rusiyanın orada daimi olaraq qalmasını, KTMT-dən yardım gətirilməsini rus işğalı olaraq düşünmək şişirtmə olardı. Qazaxlar belə bir şeyi qəbul etməzlər. Bu, bütün Qazaxıstanı Rusiya qarşısında birləşdirər. İctimai nizamın qurulmasından sonra bu durum sona çatacaq", professor Tanrısever deyir.

Hakim Ədalət və İnkişaf Partiyasından (AK Parti) parlament üzvü Mehmet Ali Cevheri Qazaxıstanda hökumətə qarşı etirazların "arxa planda əsas hədəfinin" ölkənin siyasi sabitliyi olduğunu deyib.

Eyni zamanda, Türkiyə parlamentinin Qazaxıstanla Dostluq Qrupunun rəhbəri olan cənab Cevheri BBC News Azərbaycancaya müsahibəsində deyib ki, son dövrlərdə "təxribatçı hərəkətlər" həm regional, həm də dünya siyasətinə təsir etməyə başlayıb və daha müstəqilləşib. Bu da "imperial güclərin işinə yarayıb".

"Maye qaz qiymətlərinin bahalaşmasını bəhanə edərək üsyan başladıldı. Burada ciddi mənada daha əvvəldən aksiyanı hazırlayan təxribatçılar var. Bunlar sadəcə qazın bahalaşması üçün baş verə biləcək hadisələr deyil", Mehmet Ali Cevheri hesab edir.

O xatırladıb ki, Nursultan Nazarbayev "Türkistanı mənəvi bölgə elan edərək ora ciddi investisiya yatırmağa həvəsləndirmişdi."

"Orta Asiyanı Türkiyə ilə bağlayacaq İpək Yolunun inkişaf etdirilməsi ilə bu əlaqələr daha sıx olacaq, ticarət əlaqələri daha da artacaqdı. Təbii ki bundan bəziləri - Rusiya da, Avropa İttifaqı ölkələri də, ABŞ da, Çin də narahat olacaqdılar. Mən bu imperiyaların bu işin içində olduğunu düşünürəm. Əgər əlaqələr bu hadisələr nəticəsində ürkərək zəiflədilərsə, bu, impreriyaların işinə yarayacaq. Onlar bundan istifadə edəcək və bu ölkələrin inkişaf etdirilməsi, böyüməsi, qaynaqlarının dəyərləndirilməsi prosesi daha çox gecikdiriləcək və təxirə salınacaq", hakim partiyanın təmsilçisi iğtişaşların təşkilatçılarının Qazaxıstanın Türkiyə ilə əməkdaşlığını hədəfə aldığını vurğulayıb.