Qazaxıstanın hər şeyi olan Nazarbayev həmişə və hər yerdə vardı. İndi o, sadəcə Elbasıdır

Şəklin mənbəyi, AFP
- Müəllif, Aleksey Kalmıkov
- Vəzifə, BBC
Mikki Maus "Disneylend"in hər yerində olduğu kimi, Nursultan Nazarbayev də Qazaxıstanın hər yerindədir. Onun şərəfinə küçə və şəhərlərin adları dəyişdirilib, özünü isə xalqın lideri və millətin atası - Elbası adlandırıblar. Müstəqil Qazaxıstanın ilk prezidenti 1989-cu ildən hakimiyyətdə idi, amma ölkədə genişmiqyaslı etiraz aksiyaları başlayan kimi, həmişə üzdə olan 81 yaşlı ata yoxa çıxdı.
2022-ci ilin ilk günlərində başlayan etirazlar və iğtişaşlar onlarla insanın ölümüylə nəticələnib. Aksiyalar hələ də səngiməyib, amma artıq Qazaxıstanda hakimiyyət dəyişikliyinin sürətlənməsinə səbəb olub. Nazarbayev dövlət idarəçiliyindəki yeganə rəsmi postunu itirib - o, artıq Təhlükəsizlik Şurasının rəhbəri deyil.
İndi Nazarbayev sadəcə Elbasıdır.
Kasım-Jomart Tokayev Şuraya özünü rəhbər təyin edib. Nazarbayev 2019-cu ildə ona prezidentliyini, 2021-ci ildə isə Qazaxıstan Xalqları Assambleyasının sədri və hakim "Nur Otan" Partiyasının rəhbəri vəzifələrini təhvil vermişdi.
Amma Elbası titulu məsuliyyət yaradır və ona görə də hazırda baş verənləri ölkədə hamı Nazarbayevlə, onun ailəsi və yaxın çevrəsiylə əlaqələndirir. Aksiya iştirakçıları "Qoca, get!" şüarını səsləndirir, heykəllərini aşırdırlar. Çünki Qazaxıstanın indiki halı məhz Nazarbayevin "əl işidir" - hazırda bu, böyük ərazisi və ambisiyaları, az sayda əhalisi, region və dünya siyasətinə ondan da az təsiri olan xammal ölkəsidir.
Qazaxıstandakı zəif müxalifətçiliyin və vətəndaş cəmiyyətinin məhv edilməsi, əhalinin sosial rifahında kəskin təbəqələşmənin yaranması məhz onun dövründə baş verib.

Şəklin mənbəyi, Reuters
Ailə, zənginlik və Qərb
Qazaxıstanda təxminən 20 milyon insan yaşayır. KPMG tədqiqatçılarının "Credit Suisse Research Institute" təşkilatına aid məlumatlara əsasən apardıqları hesablamalara görə, ölkə sərvətlərinin yarısı 200-dən də az adamın əlində cəmləşib.
Ölkə əhalisinin cəmi 0,2 faizi milyonerdir. Xaricdə yaşamağa üstünlük verən bu adamlar Qərbi sevirlər, xüsusilə də Londonu.
2008-2015-ci illərdə - Britaniya əliaçıq əcnəbilərə rezident kartı satan dövrdə qazaxıstanlılar "qızıl viza" üçün növbənin ilk sıralarındaydılar. "Chatham House" araşdırma institutunun hesabatında qeyd olunur ki, Qazaxıstanın 200-dən çox milyoneri Britaniyada yaşamaq və vətəndaşlıq almaq hüququ əldə edib.
Onlar böyük həvəslə London mülklərinə sərmayə yatırmağa başlamış və bunula da əvvəl cəmiyyətin, sonra da hüquq-mühafizə orqanlarının diqqətini çəkmişdilər.
Hətta britaniyalılar Nazarbayevin qızı Dariqanın və onun böyük oğlu Nurəli Əliyevin evlərinə və mənzillərinə həbs qoymağa da cəhd etmişdilər. Ancaq bu şəxslər məhkəmədə sübut etmişdilər ki, evləri Dariqanın ərinin - Qazaxıstandakı mövqeyini itirib Avstriya həbsxanasında ölən Rahat Əliyevin qeyri-qanuni gəlirləriylə yox, öz vəsaitləri hesabına alıblar.
"Son illərdə tez-tez Nazarbayevlər ailəsinin Avropada möhtəşəm mülklər aldığı barədə araşdırmalar dərc olunurdu və ola bilsin, Qazaxıstanda xalqın onlara qarşı qəzəbi həm də bundan qaynaqlanır. İndi Nazarbayev o mülklərə görə həm də yüksək siyasi qiymət ödəyir" - ABŞ-ın Qazaxıstandakı keçmiş səfiri William Courtney belə deyir.
Belə xoşagəlməz hallara baxmayaraq Nazarbayevin ailəsi də, ölkədəki elita da həmişə Qərbə tərəf baxırdılar. ABŞ-ın və Avropanın aparıcı qəzetlərində qibtəediləcək bir ardıcıllıqla Qazaxıstanın nailiyyətləri barədə reklam xarakterli böyük məqalələr dərc olunurdu. Ölkənin nəhəng şirkətləri aksiyalarını London birjasına yerləşdirirdilər.
Paytaxt Nur-Sultanı Qərbin məşhur arxitektorlarına tikdirmiş, sonra da məhz o şəhərə məxsus ədalətli məhkəmə sistemi qurub kommersiya, mülki və arbitraj işlərinə baxmaq üçün Britaniyadan yüksək qonorarla hakimlər dəvət etmişdilər.

Şəklin mənbəyi, Getty Images
Hətta 2002-ci ildə Avropa çempionatında iştirak etməsi üçün Qazaxıstanın milli futbol komandasını Asiya federasiyasından UEFA-ya keçirmişdilər. Hərçənd indiyə kimi komanda heç bir yarışa qatıla bilməyib.
Yoxsulluq, korrupsiya və illüziyalara vida
Nazarbayevin Qərbdəki dünya nizamına uyğunlaşmaq arzusu onu Özbəkistan, Türkmənistan və Tacikistanın avtoritar rəhbərlərindən fərqlləndirirdi.
Amma siyasətdə və ictimai həyatda idarəetmənin tədricən sərtləşdirilməsi sayəsində Qazaxıstan qarşı düşərgədəki yerini getdikcə daha çox möhkəmləndirdi. Hazırda ölkənin iqtisadi olaraq Çindən, siyasi olaraq Rusiyadan asılılığı yüksələn xətt üzrə artmaqdadır. Son böhrandan da göründüyü kimi, hətta təhlükəsizliyi və əmin-amanlığı da Rusiyanın köməyi olmadan təmin edə bilmir.
Etirazların qətiyyətlə yatıralacağını bildirən Tokayev üsyançıları terroristlər adlandırıb və köməyə xaricdən hərbi qüvvə çağırıb. Hakimiyyət islahatlarla bağlı vədinə əməl etmədən daxili siyasəti daha da sərtləşdirmək yolunu seçsə, yarıvegetarian Nazarbayev dövründəki qərbyönümlülük illüziyaları Elbasıyla birlikdə keçmişdə qalacaq.
"Bizim elita kifayət qədər kosmopolitikdir, Rusiya və Belarusun seçdiyi genişmiqyaslı repressiya və izolyasiya siyasəti onun ürəyincə deyil" - Harvard Universitetinin Devis adına Rusiya və Avrasiya Araşdırmaları Mərkəzinin əməkdaşı Nərgiz Kasenova belə yazır.
Amma ölkə elə bir yerə gəlib çatıb ki, dəyişiklik olmasa, elita bu illüziyalarla vidalaşa bilər.

Şəklin mənbəyi, AFP
"Qazaxıstan ciddi sistem problemləriylə üz-üzədir və onların həllini uzaq gələcəyə qədər təxirə salmaq mümkün olmayacaq. Artıq hər yerdə və hər kəs bunu başa düşür" deyə, Kasenova xəbərdarlıq edir.
Nazarbayev uzun illər boyu xalqa çiçəklənmə vəd edirdi, amma əldə olunmuş uğurlar o qədər də çox deyil. Bu illər ərzində iqtisadiyyat böyüməyə davam edib, ancaq gəlirlər bərabər bölüşdürülməyib. Ölkə əvvəlki kimi xammal ixracından, Çindəki tələbatdan və Rusiyadakı vəziyyətdən asılıdır.
Bu, 2008-ci ildəki maliyyə böhranı zamanı xüsusilə aydın göründü. Ardınca neftin kəskin ucuzlaşması 2009-cu ildə milli valyutanın - tenqenin devalvasiyasıyla nəticələndi. Sonra ikinci devalvasiya baş verdi. Krımın işğalına görə sanksiyalarla üzləşmiş Rusiyada rublun kəskin dəyər itirməsi isə tenqeylə bağlı tədricən enən kurs siyasəti seçilməsinə gətirib çıxardı.
Amma korrupsiyanın miqyası azalmadı. Özünün ilk böyük "Qazaxıstan 2020" planında Nazarbayev ölkəni korrupsiyanın ən aşağı səviyyədə olduğu ilk üç ölkədən birinə çevirməyə söz vermişdi. Amma "Transparency International"-ın Korrupsiya Qavrama İndeksində Qazaxıstan 180 ölkə arasında 94-cü yerdədir - Tanzaniya, Hindistan və Mərakeşdən sonra.
Dəyişikliklərin qaçılmaz olduğunu ekspertlər hələ bir neçə il əvvəl vurğulayırdılar. Nazarbayev prezident kürsüsünü qəfildən Tokayevə güzəştə gedəndə bəziləri varisi"sosial kamikadze" adlandırmışdılar. Onlar hesab edirdilər ki, Nazarbayev qamçılanacaq oğlanı tapıb və kirli işləri ona gördürərək özü xalq atasının yüksək kürsüsündə əyləşəcək.
O vaxtdan keçən iki il yarımlıq müddətin iki ili pandemiyaya təsadüf edib. Koronavirus sosial təminat və səhiyyə sistemindəki çatışmazlıqları üzə çıxardığı üçün rejim daha da sərtləşdirilib. Nəticə etibarilə beyinlərdəki fermentasiya və narazılıq daha da artıb.
Beləliklə, oğlanı döymək vaxtı gəlib çatıb. İndi əsas sual budur - bu rolu kim oynayacaq: Tokayev, yoxsa öz fasiləsiz rəhbərliyi altında Qazaxıstanı təlatümlü 2022-ci ilə gətirib çıxaran adam.








