Ermənistanda Paşinyanın Qazaxıstana sülhməramlılar göndərmək qərarı necə qarşılandı?

Paşinyan

Şəklin mənbəyi, Gov.am

Ermənistan Baş naziri Nikol Paşinyanın hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sədri olaraq, Qazaxıstana təşkilatın "sülhməramlı kontingentini" göndərmək qərarı haqqında Facebook hesabında qeydinə sosial şəbəkələrin erməni dilli seqmentində ilk reaksiyalar mənfi olub.

İstifadəçilər Yerevanı başqa ölkənin daxili işlərinə müdaxilə etməkdən çəkinməyə, hadisələri şərh edərkən və ya onlara qiymət verərkən ehtiyatlı olmağa və öz bəyanatları və hərəkətləri ilə Qazaxıstanda yaşayan "minlərlə soydaşlarının" dinc həyatını "təhlükə altına" qoymamağa çağırırlar.

Yerevan

Ermənistanın Qazaxıstanda keçmiş (1993-1999) səfiri Arman Melikyan xəbərdar edir ki, belə qərar qəbul etməzdən əvvəl "yaxşıca fikirləşmək lazımdır".

"Nəzərə alın ki, rus, belarus və erməni silahlı qüvvələrinin bu ölkəyə [Qazaxıstana] yeridilməsi bu ölkənin rus əsilli və rusdilli, belə ki, həmçinin erməni vətəndaşlarına qarşı kütləvi zorakılığa, hətta qırğınlara səbəb ola bilər", - özünün Facebook hesabında Arman Melikyan yazıb.

Jurnalist Gayane Arustamyan olduqca kobud ifadələrlə Ermənistan Baş nazirini Qazaxıstanda yaşayan "minlərlə ermənilərə qarşı poqromlar təhrik etməkdə" günahlandırır. "Erməniləri bütün dünyada qırdırmaq qərarınamı gəlmisən?!", - Paşinyana xitabən Gayane Arustamyan yazır.

Hüquq müdafiəçisi Artur Sakunts isə hesab edir ki, "Ermənistan KTMT himayəsi altında Qazaxıstanda necə deyərlər sabitlik bərpa etmək məqsədilə Putin avantürasına qatılmamalıdır".

"[Ermənistan tərəfindən] Belə bir addım beynəlxalq instansiyalarda Ermənistanın təhlükəsizliyinə təhdid edər. Xalqın belə bir müdrik sözü var: ayağını yorğanına görə uzat", - hüquq müdafiəçisi Facebook səhifəsində qeyd edib.

Daha sonra hüquq müdafiəçisi yazır ki, diktator rejiminə qarşı üsyan qaldıran xalq əleyhinə qoşun çıxarmaq insanlığa qarşı cinayətdir.

"Bu kimi cinayətdə iştirak etmək diktatorluq üsulu ilə idarə olunan ölkə kimi çıxış etmək deməkdir. Ermənistan Respublikası qoşunları yalnız Milli Məclisin icazəsi ilə göndərilə bilər", - Artur Sakunts yazır.

Yerevan

"20 gün bundan əvvəl Tokayev [Qazaxıstan Prezidenti] İlhamı [Əliyev - Azərbaycan Prezidenti] qələbə və tarixi ədalətin bərqərar olması münasibəti ilə təbrik etmişdi, indi onun müraciətinə əməl etmək şərəfsizlik olar", - Mushegh Yekmalyan Facebook hesabında xatırladır.

Jurnalist, siyasi icmalçı Tatul Hakobyan isə Facebook hesabında yazır: "Paşinyanın Qazaxıstana KTMT, o cümlədən, Ermənistan qüvvələrini göndərmək haqqında bəyanatı belə hiddət, qəzəb, həqarət, ayıb və bacarıqsızlıq, acizlik hissləri doğurmazdı, əgər: A. KTMT Azərbaycanın Ermənistan Respublikası ərazisinə soxulmasına hay vermiş olsaydı; B. Tokayev nümayişkaranə Əliyevi təbrik etmiş [ikinci Qarabağ müharibəsində qələbə münasibətilə] olmasaydı".

Bundan başqa Tatul Hakobyan Paşinyanın öz qərarı haqqında Facebook hesabında açıqlamasını "yersiz" hesab edir.

İstifadəçi Vahram Atanesyan Facebook hesabında postunu suallarla başlayır və özü də cavab verir: "Qazaxıstan bizə dost ölkədir? Xeyr. Biz bilirik orada nə baş verir? Yox, bilmirik"

"Lakin, deyəsən, bir şey aydın olur: bu, diktaturaya qarşı xalq üsyanı deyil, milli-ümumtürk ideyaları ilə silahlı dövlət çevrilişi cəhdidir. Belə olan halda, bizim orada nə maraqlarımız var? "Türk dünyası" layihəsinin gerçəkləşməsinə dəstək vermək, yoxsa onun baş tutmamasına yardım etmək? Bir cür anlaşılmaz vəziyyətdir Ermənistanda. Paşinyanı türk maraqlarına xidmət etməkdə günahlandıranlar indi də onu Qazaxıstanın daxili işlərinə qarışdığına görə qınayırlar", - Vahram Atanesyan adlı istifadəçi yazıb.

Maraqlıdır ki, Ermənistanın KTMT tərkibində Qazaxıstanda "sülhməramlı əməliyyatlarda" iştirak etməsinə və 100 nəfərdən ibarət kontingent göndərilməsinə dair Paşinyanın tərəfdərları nə münasibət bildirir, nə də şərh ediblər.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ictimai TV-yə müsahibədə Ermənistanın bu qərarına bəraət qazandırmağa çalışır. Onun sözlərinə görə, Ermənistanın "yox" deməsi küsmüş yeniyetmə mövqeyinə bənzəyərdi.

"Biz küsmüş yeniyetmə kimi deməməliyik: "Siz bizim üçün nəyi isə etmədiyinizə görə, biz də bunu etmərik". Biz üzərimizə məsuliyyət götürmüşük və, ola bilsin, tarixdə ilk dəfə KTMT mexanizmini tətbiq edib, onun necə işləməli olduğunu nümayiş etmişik. Biz ümid edirik ki, gələcəkdə Ermənistan bu kimi bir vəziyyətə düşsə, müvafiq dəstək alar", - Armen Qriqoryan deyib.

Onun sözlərinə görə, Qazaxıstan prezidentinin müraciəti daxil olarkən, bu ölkədə artıq "inqilabi proseslər deyil, terror aktları baş verirdi".

Erməni dilli Facebook məkanında Ermənistan hökumətinin Qazaxıstanla bağlı konsultasiyalarda və qərarlar qəbul edilməsində iştirakına qarşı deyil, erməni hərbi kontingentin Qazaxıstana göndərilməsinə qarşı sıxış edirlər.

Müxalif "Hayastan" parlament fraksiyasının üzvü Andranik Tevanyan hesab edir ki, Ermənistan KTMT-nin konsensus əsasında Qazaxıstana qoşun yeritmək qərarına mane ola bilməzdi, lakin həmin ölkəyə erməni hərbi qrupun göndərilməsindən çəkinməli idi.

"KTMT-nin qərarına "hə" deyərək, biz həm Ermənistan, həm Artsaxın (Dağlıq Qarabağın) təhlükəsizliyini qoruyan Rusiyaya dəstək vermiş olardıq. Qoşun göndərməyərək isə, biz Qazaxıstan Prezidenti Tokayevə onun 44 günlük müharibə ilə bağlı davranışına cavab verərdik", - Facebook hesabında millət vəkili yazıb.

"Hayastan" fraksiyasının daha bir üzvü Geğam Nazaryan da hesab edir ki, Ermənistan Qazaxıstana KTMT hərbi kontingentinin göndərilməsinə maneələr törətməməli, lakin öz hərbçilərini göndərməkdən qaçınmalıydı.

"Bir sıra məlum səbəblərə görə, biz [müxalif fraksiya] Qazaxıstana erməni hərbçisi göndərməzdik. Birinci səbəb - müharibədən sonra özümüzün sərhədlərin qorunması ilə problemlərimizin olması, müharibədən sonrakı şok vəziyyətdə olmağımız. Və ən əsası - unutmaq lazım deyil ki, Qazaxıstan Qarabağ müharibəsi zamanı açıq şəkildə Azərbaycanı dəstəkləyən ölkələrdən biridir. Noyabrın 9-da isə Qazaxıstan Azərbaycanı qələbə deyilən gün münasibətilə təbrik edib. Biz qərar qəbul edərkən, buna məhəl qoymaya bilmərik", - Nazaryan Facebook səhifəsində yazır.

Hazırda rotasiya əsasında KTMT-də rəhbərlik edən Nikol Paşinyan müsbət qərarı ötən axşam öz Facebook hesabında açıqlayıb.

"Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə bağlı Qazaxıstan Respublikasının təhlükəsizliyi və suverenliyinə təhdidlərə görə KTMT Şurası bu ölkədə vəziyyətin sabitləşdirilməsi və normallaşdırılması məqsədilə Qazaxıstana müvəqqəti olaraq KTMT Kollektiv Sülhməramlı qüvvələrini göndərmək qərarı qəbul edib", - Paşinyan bildirib.

Daha əvvəl Paşinyan KTMT ölkə başçıları ilə Qazaxıstanda yaranmış vəziyyəti müzakirə etdiyini bildirib.

Ermənistan 2022-ci ildən rotasiya əsasında KTMT-də sədrlik edir. KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildirlər.