Türkiyədə meşə yanğınları: Azərbaycan Türkiyəyə əlavə heyət və texnika göndərir

Manavgat

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Manavgat

Türkiyədə davam edən meşə yanğınları ilə mübarizədə Azərbaycandan gələn yanğınsöndürənlər də iştirak edirlər. Türkiyə Prezidenti yanğından təsirlənən bölgələri təbii fəlakət zonası elan edib.

Son günlər yaranan 100-ə yaxın meşə yanğınından 88-i nəzarət altına alınıb. Bu barədə şənbə günü ölkənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli deyib.

Anadolu agentliyi xəbər verir ki, Antalya vilayətinin Manavgat bölgəsində yanğınla mübarizə aparan iki işçinin cəsədi tapılıb və bununla da yanğın nəticəsində ölənlərin ümumi sayı 6-ya çatıb.

Şənbə günü Türkiyəyə gələn Azərbaycan Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının ilk qrupu yanğının söndürülməsində iştirak edir.

Azərbaycandan gələn yanğınsöndürənlər

Şəklin mənbəyi, Azərtac

Şəklin alt yazısı, Türkiyəyə gələn Azərbaycan Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının ilk qrupu yanğının söndürülməsində iştirak edir

"Muğla vilayətinin Marmaris bölgəsində işə başlayan yanğınsöndürənlərimiz yanğının ən qaynar nöqtələrindən birində fəaliyyət göstərirlər", - Azərtac hadisə yerində olan müxbirinə istinadən xəbər yayıb.

Yanğının "lokallaşdırılması üçün" yanğınsöndürən helikopterlərdən istifadə olunduğu xəbər verilir.

Azərbaycan Türkiyəyə 500 nəfərdən ibarət şəxsi heyət, helikopterlər, digər lazımi avadanlıq və ləvazimatların çatdırılacağını bildirib. Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının bir hissəsi Türkiyəyə şənbə günü gəlib və növbəti qrupun yola düşəcəyi gözlənilir.

"Yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir", - FHN saytındakı məlumatda deyilir.

Türkiyə Prezidenti yanğınsöndürmə əməliyyatına cəlb edilən Ukrayna, Rusiya, Azərbaycan və "son anda İrandan gələn təyyarələrlə" təyyarələrin ümumi sayının artdığını deyib.

Recep Tayyip Erdoğan, Türk Hava Qurumu (THK) təyyarələri ilə bağlı müzakirələrə də toxunaraq, THK-nın əlində yanğınla mübarizədə "asanlıqla istifadə ediləcək" təyyarələrin olmadığını deyib.

Erdoğan

Şəklin mənbəyi, DHA

Türkiyənin kənd və meşə təsərrüfatı naziri yanğınla mübarizədə irəliləyişin olduğunu deyib. Bekir Pakdemirli Adanada 1, Antalyada 3, Mersində 3, Muğlada 2 və Osmaniyədə 1 yanğının davam etdiyi bildirilir.

Hakimiyyət yanğınların səbəbi ilə əlaqədar istintaqın başlandığını söyləyib.

Marmaris

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Marmaris