"Sobsan" boya fabrikindəki yanğın: "Şok vəziyyətindəyik. 400 nəfər işsiz qalıb"

yanğın

Şəklin mənbəyi, FHN

Bakının 7-ci mikrorayon ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğın fabrikə 20 milyon manat zərər verib.

Bunu Sobsan boyanın idarə heyətinin üzvü Namina Ağasızadə BBC News Azərbaycancaya deyib.

Rəsmi məlumata görə, yanğın zamanı FHN-in 5 əməkdaşı xəsarət alıb, 4 nəfərə yerində yardım göstərilib, 1 nəfər isə Toksikologiya mərkəzinə yerləşdirilib.

Sobsan rəsmisi deyib ki, şirkətin yanğın ərazisində olan demək olar ki, bütün emalatxanaları yanıb. Yanğın nəticəsində 400 nəfər işsiz qalıb, o deyib.

Şənbə günü axşam saatlarında Bakının Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində yanğın baş verib, ərtafa kəskin boya qoxusu yayılıb.

Yanğın zamanı 3000 kv.m. ərazinin yandığı bildirilir. Hadisə biri xəstəxanaya yerləşdirilməklə, beş FHN əməkdaşının xəsarət almasına səbəb olub.

Fövqəladə Hallar Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, hadisənin səbəbləri bəlli deyil və məsələ araşdırılır.

"Şok vəziyyətindəyik"

Namina Ağasızadə deyir ki, yanğının baş vermə səbəblərini bilmirlər və hazırda istintaq gedir.

"Demək olar hər şey məhv olub. Növbəti addımımızı bilmirik. Özümüzə gələk, baxaq. Şok vəziyyətindəyik, hər şey bir anda yox oldu".

"Sobsan Azərbaycanın ilk boya fabrikidir, 20 illik, 12 ölkəyə məhsul ixrac etmişik. Yanğın hər boya fabrikinin başına gələ bilər. 30 yanğınsöndürən maşın söndürə bilmirdi o yanğını", o bildirib.

Namina Ağasızadənin sözlərinə görə, işçilərə yanğından mühafizə təlimləri keçirilib.

O, ölüm halının olmamasını "sevindirici hal" kimi dəyərləndirir.

"Ekologiyaya ciddi zərər"

Bu, Bakıda son dövrlərdə yanğın baş vermiş yeganə irimiqyaslı hadisə deyil. Bundan əvvəl, "Eurohome" tikinti malları bazarı, 3-cü mikrorayon bazarı, Sədərək ticarət mərkəzi və digər obyektlərdə yanğınlar baş verib.

Ekoloqlara görə,istənilən belə yanğın ekologiyaya "ciddi zərər vurur".

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sobsan boya fabrikinin yanmasından sonra "havanın çirklənməsi barədə araşdırma aparır". Bu barədə qurumdan BBCNews Azərbaycancaya bildiriblər.

Ekoloq Rövşən Abbasov deyir ki, hər hansı müəssisə yanırsa və atmosferə tüstü daxil olursa, ekologiyaya "çox böyük ziyan dəyir".

"Yanğın zamanı atmosferə toksik mənşəli zəhərli maddələr, kimyəvi tullantılar daxil olur. Məsələn, istənilən bir şeyi yandırsaq, kükürd oksidləri, karbon dioksid, karbon monoksid əmələ gəlir. Bu zəhərli maddələr atmosferə daxil olur. Bunlar çox böyük ziyan vurur. Əlimizdə heç bir ölçü məlumatları olmadığı üçün dəqiq ziyanın hesablanması mümkün deyil".

Onun sözlərinə görə, hadisə baş verən ərazidə ekologiyanın hansı müddətə bərpa olunacağı "yanğının miqyasından və atmosferə nə qədər ziyanlı maddə tullanmasından" asılıdır.

"Atmosferdəki tullantılar təxminən bir həftəyə çəkilib gedir. Bakı küləkli şəhər olduğu üçün külək tullantıları qovub çıxarır. Amma elə bir hadisə baş verə bilər ki, orada çox təhlükəli maddələr olsun və onun təsirləri çox uzun müddət davam etsin".

Cənab Abbasov hesab edir ki, bu cür fabriklər Bakıdan kənarda, insanların az məskunlaşdığı ərazilərdə, "xüsusi sənaye zonasında" inşa edilməlidir.

yanğın

"Havadan nümunələr götürülüb"

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sözçüsü İradə İbrahimova BBCNews Azərbaycancaya deyib ki, elə yanğın baş verən günü əməkdaşları hadisə yerinə gedərək "havadan nümunə götürüblər".

Şənbə günü Bakının 7-ci mikrorayon ərazisində yerləşən boya fabrikinin yanmasından sonra havanın çirklənməsi barədə araşdırma aparır. Bu barədə qurumdan BBC News Azərbaycancaya bildiriblər.

Nazirliyin sözçüsü İradə İbrahimova deyib ki, ərazidə "havadan nümunələr götürülüb".

"Yanğın əlbəttə, ekologiyaya mənfi təsir göstərib. Ən azı qonşuluqda yaşayan sakinlər və ərazi böyük çirklənmə ilə üzləşdi. Dünən bizim mütəxəssislər ərazidə havadan nümunələr götürüb. Nəticələr barədə analizlərdən sonra deyə bilərik,"- o bildirib.