"Dərhal azad edin!" Qərbin Navalnı ilə bağlı məhkəmə qərarına reaksiyası

Şəklin mənbəyi, Reuters
Rusiya müxalifət lideri Aleksey Navalnının cəza çəkmə müəssisəsinə göndərilməsi ilə bağlı məhkəmə qərarı ABŞ, Almaniya və Britaniya kimi bir sıra Qərb ölkələrinin sərt reaksiyasına tuş gəlib.
ABŞ-ın yeni Dövlət katibi bəyan edib ki, onun ölkəsi həm Navalnını, həm də aksiyalar vaxtı həbs edilənləri dərhal azad etməyə çağırır.
Almaniya kansleri, Rusiya hakimiyyətini qanunun aliliyi prinsiplərini pozmaqda günahlandırıb.
"Aleksey Navalnıya qarşı çıxarılan hökm, qanunun aliliyinin bütün prinsiplərinə ziddir. Navalnı azad olunmalıdır. Dinc nümayişçilərə qarşı zorakılıq dayandırılmalıdır," - Angela Merkel deyib.
Çərşənbə axşamı günü Moskva məhkəməsi Aleksey Navalnının şərti cəza qaydalarını mütəmadi şəkildə pozduğunu təsbit edərək, "Yves Rocher" işi ilə bağlı 3,5 illik şərti cəzanın həqiqi cəza ilə əvəz edilməsi barədə qərar çıxarıb. Navalnının işinə ilk baxışı zamanı ev dustaqlığında keçirdiyi vaxtı nəzərə almaqla, o, iki il səkkiz ay müddətini ümumi rejimli koloniyada keçirəcək.
Məhkəmə qərarının elanından sonra, Moskvanın Manejnaya meydanına toplaşmağa cəhd göstərən etirazçıların aksiyası polis tərəfindən dağıdılıb. Nümayiş iştirakçılarına qarşı güc tətbiq olunub, onlar arasında həbs edilənlər var.
Kreml aksiyanın dağıdılması barədə qərarı müdafiə edib. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiyada baş verən hadisələr Qərbdə "birtərəfli" işıqlandırılır.
Rusiyada cəzaların icrası üzrə federal nəzarət qurumuna (FSİN) əsasən, mütəmadi qeydiyyatdan keçmək barədə şərti cəzanın tələblərini pozan Aleksey Navalnıya bu barədə dəfələrlə xəbərdarlıq edilib.
Aleksey Navalnı məhkəməyə müraciətində zəhərlənmədən sonra Almaniyada müalicə olunduğu müddət ərzində Rusiyaya gələ bilmədiyini izah edib: "Sizdə mənim ünvanım, əlaqə məlumatlarım var idi. Sizə harada olduğumu söyləmək üçün daha nə edə bilərdim?".
Navalnı yanvarın 17-də Almaniyadan Rusiyaya qayıdan kimi həbs olunub. O, ötən ilin avqustunda Sibirdə zəhərlənmədən sonra Berlində müalicə olunurdu. Onun "Noviçok" sinir-iflic maddəsi ilə zəhərləndiyi təsdiqlənib. Müxalifətçi zəhərlənməsində birbaşa Prezident Vladimir Putini ittiham edib. Kreml ittihamları rədd edir.

Şəklin mənbəyi, EPA
Yanvarın 23-də və 31-də Aleksey Navalnının tərəfdarları Rusiyanın bir çox şəhər və bölgələrində onun hüquqlarının müdafəsi məqsədilə icazəsiz kütləvi etiraz aksiyaları keçiriblər.
Həmin etiraz aksiyaları şərhçilər tərəfindən Rusiyada "son illərin ən izdihamlı kütləvi aksiyaları" kimi dəyərləndirlib.
Rusiyanın OVD-Info nəşrinin bildirdiyinə görə, 31 yanvar etirazları zamanı Rusiya boyu ümumilikdə 5,3 mindən çox insan polis tərəfindən saxlanılıb, paytaxt Mosvadada keçirilən aksiyalarda 1,8 min nəfər tutulub.
Ötən gün saxlanılanlar arasında Aleksey Navalnın həyat yoldaşı Yulia Navalnaya da olub. Dünən o, polis bölməsində bir neçə saat saxlandıqdan sonra evə buraxılsa da, bu gün Yuliya Navalnayaya Moskva məhkəməsi icazəsiz etiraz aksiyasında iştirak etdiyinə görə 20 min rubl məbləğində cərimə kəsib.
Şənbə günü həbs olunmuş Aleksey Navalnının mətbuat katibi Kira Yarmış da bu gün həbsxanadan evə buraxılıb - məhkəmə onu doqquz gün müddətinə ev dustaqlığına göndərib.
Navalnının Korrupsiya əleyhinə Mübarizə Fondunun (FBK) digər əməkdaşları da - hüquqşünas Lyubov Sobol, Moskva qərargahının rəhbəri Oleq Stepanov - eləcə də Pussy Riot qrupunun üzvü Mariya Alyoxina, Həkimlər İttifaqının rəhbəri Anastasiya Vasilyeva və Navalnının qardaşı Oleq Navalnı da həbsdən ev dustaqlığına buraxılıblar.
Rusiya boyu 31 yanvar etiraz aksiyaları: yüzlərlə iştirakçı saxlanılıb

Şəklin mənbəyi, Sergei Savostyanov/TASS
Rusiyada bazar günü ölkənin müxtəlif bölgələri və şəhərlərində yanvarın 17-dən həbsdə saxlanılan müxalifət lideri Aleksey Navalnının müdafiəsi məqsədilə kütləvi etiraz aksiyaları keçirilib.
Yanvarın 31-də keçirilən aksiyalara Rusiyanın şərq bölgələrindən start verilib.
Navalnın həbsinə etiraz olaraq Rusiyada kütləvi etiraz aksiyalarının ilk dalğası yanvarın 23-də başlayıb.
Hüquq-müdafiə layihəsi əsasında fəaliyət göstərən OVD-Info nəşrinin məlumatına görə, etiraz aksiyalarının polis tərəfindən dağıdılması zamanı həbs olunmuş iştirakçıların sayına görə yanvarın 31-də rekord vurulub - 4567 nəfər saxlanılıb.
Bir həftə əvvəl, yanvarın 23-də saxlanılanların ümumi sayı 3980 nəfər olub.
Yanvarın 31-də paytaxt Moskva üzrə saxlanılmış etirazçıların sayı da rekord səviyyədə olub - 1450 nəfər.
Moskvada polis tərəfindən saxlanılanların arasında Aleksey Navalnının xanımı Yuliya Navalnaya da olub. Onun vəkili Svetlana Davıdovanın sözlərinə görə, polis bölməsində bir neçə saat saxlandıqdan sonra Yuliya Navalnaya evə buraxılıb.

Navalnının müdafiəsi məqsədilə etiraz aksiyalarının keçirilməsinə Rusiya rəsmilərindən icazə alınmayıb.
Bir gün əvvəl Rusiya güc strukturları ölkə boyu Aleksey Navalnının qərargahının əməkdaşları və digər fəallara qarşı qabaqlayıcı tədbirlər çərçivəsində həbslər və axtarışlar keçirib.

Şəklin mənbəyi, Getty Images
Rusiya paytaxtı Moskvanın mərkəzində "polisin xüsusi sərəncamınadək" piyadaların hərəkətinə məhdudiyyətlər qoyulub, metropoliteninin yeddi stansiyası və bir çox dükanlar bağlanıb, maşınların parklanmasına qadağa qoyulub.
Sosial media kanallarında yayılan məlumatlara əsasən, Moskvada və etiraz aksiyaları keçirilən Rusiyanın digər şəhərlərində aksiya iştirakçılarına qarşı polis qüvvələri güc tətbiq edib, yüzlərlə insan saxlanılıb.








