Rusiyada etirazlar: "İki mindən artıq" insan saxlanılıb

Etirazçı və polis

Şəklin mənbəyi, AFP/Getty images

Rusiyanın müxtəlif bölgələrində müxalifət lideri Aleksey Navalnını azad etmək tələbiylə keçirilən izdihamlı aksiyalarda saxlanılanların sayı iki mini keçib, hüquq müdafiəçiləri bildirir.

Şənbə günü ilk aksiyalar Rusiyanın şərqində yer alıb. Daha sonra nümayişlər silsiləsi Moskva və Sankt-Peterburq şəhərləri də daxil, Rusiyanın qərbinə yönlənib.

Moskvada nümayişçilər arasında olan cənab Navalnının xanımı Yuliya saxlanılandan bir müddət sonra sərbəst buraxılıb.

Etirazçı

Şəklin mənbəyi, BBC

Hüquq müdafiəçilərinin OVD-info qrupuna əsasən, ölkə üzrə keçirilən mitinqlərdə 2 mindən artıq insan saxlanılıb ki, bu da son illərin ən yüksək göstəricisidir.

Bundan əvvəl ən çox etirazçı - 1769 nəfər - 2017-ci ildəki korrupsiya əleyhinə nümayiş vaxtı saxlanılıb. Təşkilat şənbə günü axşam elan etdiyi rəqəmlərin yekun olmadığını bildirir. Saxlanılanların sayı barədə rəsmi məlumat verilməyib.

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Rusiyada baş verən hadisələri narahatlıqla izlədiyini, kütləvi həbslər, qeyri-mütənasib güc tətbiqi, internet və telefon rabitəsinin kəsilməsinin təəssüf doğurduğunu deyib.

"Bazar ertəsi günü Aİ Xarici işlər nazirləri ilə növbəti addımları müzakirə edəcəyik," - Josep Borrel Twitter-də yazıb.

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X

Etirazçını həbs edən polis

Şəklin mənbəyi, AFP/Getty images

Etirazlara qatılmaq barədə çağırış Aleksey Navalnının həbsindən sonra səslənib.

Ötən ilin avqust ayında sinir-iflic maddəsinin istifadəsiylə həyata keçirilən hücumdan sonra, Almaniyada müalicə olunan Aleksey Navalnı 18 yanvarda Moskvaya qayıdarkən 30 gün müddətinə həbsə alınıb. O, özünə qarşı hücuma görə şəxsən Prezident Putini ittiham edib. Kreml ittihamları rədd edir.

Etirazçı

Şəklin mənbəyi, TASS/Getty Images

Şəklin alt yazısı, Novosibirsk şəhərində aksiya iştirakçısı "Navalniya azadlıq" plakatını tutur
Aleksey Navalnının tərəfdarı saxlanılır

Şəklin mənbəyi, Getty Images

Aleksey Navalnının həbsindən sonra, onun başçılıq etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondu tərəfindən "Putinin sarayı" barədə videoaraşdırma yayılıb. Navalnının sözlərinə görə, Qara dəniz sahilindəki Prezidentə məxsus nəhəng imarətin inşası Vladimir Putinə yaxın sahibkarlar tərəfindən maliyyələşdirilib. Kreml iddiaları "cəfəngiyat" adlandırır.

YouTube-da yayılan video bir neçə gün ərzində 65 milyon dəfə izlənib.

Gelencik şəhərindəki imarət

Şəklin mənbəyi, YouTube/Alexei Navalny

Şəklin alt yazısı, Prezident Vladimir Putinə məsxus olduğu iddia edilən imarət haqqında videoaraşdırma bir neçə gün ərzində 65 milyon dəfə izlənib

Cümə günü Rusiya Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Moskvada və digər şəhərlərdə planlaşdırılan icazəsiz aksiyalarda həm təşkilatçıların, həm də adi iştirakçıların məsuliyyəti barədə xəbərdarlıq edib.

Ötən axşam Baş Prokurorluq bildirib ki, etiraz qatılanlara qarşı üç ildən səkkiz ilədək cəzanı nəzərdə tutan "kütləvi iğtişaşlar" haqqında maddə ilə bağlı ittiham təqdim oluna bilər.

Mitinqə iki gün qalmış təhlükəsizlik qüvvələri bəzi fəalları saxlayıblar.