Navalnın filmində Putini ən çox maraqlandıran nə olub? Ermənistanda koronavirusla mübarizənin səmərəliliyi araşdırılır

Putin

Şəklin mənbəyi, TASS

Navalnının "Putinin sarayı" filmində Putini ən çox maraqlandıran nə olub? Ermənistanda kroronavirusla mübarizə üzrə parlament komissiyası işə başlayıb, Azərbaycanda əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri mənzillə təmin olunacaq, Prezident İlham Əliyev İranın Azərbaycanda səfərdə olan xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Rusiya Prezidenti Vladimir Putin deyib ki, Aleksey Navalnının çəkdiyi filmdə onun marağına yalnız bir məsələ səbəb olub - şərabçılıq.

"Orada gördüyümdən məni maraqlandıran yalnız bir şey oldu - şərabçılıq, biznes kimi deyil, sadəcə, bir fəaliyyət növü kimi. Bu çox yaxşı, nəcib bir fəaliyyət növüdür. <...> Biznes kimi yox, bir fəaliyyət növü kimi bununla məşğul olardım," - Putin Rusiyada qeyd olunan "Tatyana Günü" münasibətilə tələbələrin suallarına cavab verərkən deyib.

"Mənim bir müşavirim var - Boris Titov, o, məşhur Abrau-Dürso şərabçılıq şirkətinin sahibidir.<...> O, indi mənim məsləhətçimdir. İşimi başa vurandan sonra bəlkə onun yanında məsləhətçi kimi işləməyə gedərəm. Ancaq biznesmen kimi yox, bir mütəxəssis kimi - heç olmasa hüquq sahəsinin mütəxəssisi kimi," - Rusiya Prezidenti deyib.

Vladimir Putin Navalnının Youtube və digər platformalarda yayılmış "Putinin sarayı" filmində bəhs edilən Gelencik sarayının ona məxsus olmadığını deyib.

"Bu filmi sadəcə boş vaxtım olmadığına görə izləmədim, köməkçilərim seçdikləri bəzi epizodları mənə göstərib. Dərhal sualınıza cavab verərək demək istəyirəm ki, nə mən, nə də mənim yaxın qohumlarım orada mənim mülküm qismində göstərilən heç nəyə heç vaxt sahib olmayıb və sahib deyilik. Heç vaxt! Orada adı çəkilənlərdən dostum, tanışım var. Lakin elələri də var ki, ümumiyyətlə, tanımıram. Heç vaxt bizneslə maraqlanmamışam, məşğul olmamışam", Rusiya Prezidenti tələbələrin suallarına cavab olaraq söyləyib.

Navalnın filminə Youtube-da ötən həftənin əvvəlində dərc edildikdən sonra bu günədək 86 milyondan çox baxış olub.

Ermənistanda koronavirusla mübarizənin səmərəliliyi araşdırılır

Ermənistan

Şəklin mənbəyi, MOH.AM

Ermənistanda Covid-19-la mübarizənin səmərəliliyini araşdıran parlament komissiyasının ilk iclası mübahisə şəraitində keçib. Buna komissiyanın müxalif üzvləri tərəfindən koronovirusla mübarizə üçün yaradılan səlahiyyətli orqanın fəaliyyətinə qiymət vermək təklifi səbəb olub.

Hakim fraksiyanın üzvləri hesab edirlər ki, onlar hələ ki dünyada modeli mövcud olmayan səmərəliliyə qiymət vermək prosesinə qatılmamalıdır. "Hansı metodika əsasında sözügedən strukturun missiyasının səmərəli olub-olmaması qiymətləndiriləcək?", - iqtidar komissiya üzvü Artak Manukyan sual edib.

Komissiyanın sədri müxalif Firavan Ermənistan fraksiyasının üzvü Arkadi Xaçatryan qeyd edib ki, komissiya iqtisadçı və hüquqşünas ixtisaslı ekspertlərdən ibarətdir; komissiya müvafiq orqanlardan lazımi informasiya tələb edib ala bilər və ekspertlərin rəyinə əsaslanaraq "ən səmərəli qiymətləndirmə meyar və metodologiya" tətbiq etməyə qadirdir.

Firavan Ermənistan fraksiyasını təmsil edən Naira Zohrabyan koronovirusla mübarizə ilə bağlı hökumətin fəaliyyətinə dair olan sualın cavabsız qaldığını bildirib.

"Koronavirusla mübarizə fondunun vəsaitləri necə sərf olunub? Nə üçün təcili yardım maşınları çağırışla gecikirdi? İnsanlar niyə evlərində ölürdü [koronavirusdan-red.]? Niyə Covid-19-a qarşı mübarizə üçün yalnız səhiyyə naziri tərəfindən tərtib edilmiş siyahıda göstərilən ayrı-ayrı tibb müəssisələri dövlət sifarişi alırdı? [...] Nə üçün ölüm və koronavirusa yoluxma hallarının sayına görə hələ də dünyada lider ölkələr sırasında qalırıq?", - xanım Zohrabyan araşdırmaya ehtiyacı olan sualları qaldırıb.

Parlament komissiyası ötən il sentyabrım 16-da tərtib olunub. Komissiya 12 millət vəkilindən ibarətdir: 7 nəfəri iqtidar Mənim Addımım fraksiyasından, 3 nəfəri Firavan Ermənistan və 2 nəfəri Zəkalı Ermənistan müxalif fraksiyalarından.

Onlar yeni tipli koronovirusun yayılmasının qarşısını almaq, nəticələrinin mülayimləşdirilməsi və ya ləğv edilməsi üçün Ermənistan Hökuməti və komendaturası tərəfindən görülən tədbirlərin araşdırılması ilə məşğul olmalıdır.

Ermənistan Səhiyyə Nazirliyinin bu günə olan məlumatına görə, Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 166 mini ötüb.

Koronavirus səbəbindən 3047 xəstə ölüb. Daha 753 Covid-19-a yoluxmuş pasiyentin başqa səbəblərdən öldüyü, 154 932 nəfərin sağaldığı deyilir.

Əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri mənzillə təmin olunacaq

Prezident Əliyev

Şəklin mənbəyi, AZERTAG

Əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri mənzillə təmin olunacaq, Prezident İlham Əliyev İranın Azərbaycanda səfərdə olan xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib. Bu gündən Azərbaycanda xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi yumşaldılır. Avropa Navalnının sərbəst buraxılmasını tələb edir və Rusiyanı yeni sanksiyalarla hədələyir - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırılması sərəncam imzalayıb.

Prezidentin sərəncamında 2021-2025-ci illər ərzində Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub.

Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tədbirlər planını təsdiq edib həyata keçirmək tapşırılıb.

Sənədə əsasən, yerli icra orqanları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin edilməli və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidirlər.

İqtisadiyyat Nazirliyinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında Sərəncamıda göstərilən tədbirlər planının həyata keçirilməsi üçün tələb olunan vəsaitin 2021-ci il dövlət büdcəsində dövlət investisiya xərcləri bölgüsünün layihəsində, 2022-2025-ci illərdə isə hər il dövlət büdcəsinin tərtibi prosesində dövlət investisiya xərclərində nəzərdə tutulmasını təmin edilməsi tapşırılıb.

Nazirlər Kabinetinə bu Sərəncamın icrası ilə bağlı görülmüş işlər barədə hər növbəti ilin birinci ayında Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi tapşırılıb.

Cavad Zərif İranın Qarabağda yenidənqurma işlərinə "yardımçı olmaq" istədiyini bildirib

İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib

Şəklin mənbəyi, President.az

"... biz işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olarıq", Prezident İlham Əliyev bazar ertəsi günü İranın xarici işlər naziri Cavad Zərifi qəbul edərkən deyib.

İlham Əliyev söyləyib ki, "yalnız dost ölkələr" Azərbaycanın tərəfdaşı olacaq və əlavə edib ki, İran şirkətlərinin Azərbaycana "yaxın yerləşməsi, logistika və böyük təcrübə" kimi üstünlükləri var.

Cavad Zərif bildirib ki, İran Qarabağda vəziyyətin normallaşmasına "yardımçı olmaq arzusundadır".

"Biz Sizin dostunuz olmaqdan əlavə, yaxın qonşuyuq və əhalinin qayıdacağı, yenidənqurma işlərinin aparılacağı ərazilərinizin bərpası baxımından digər ölkələr ilə müqayisədə üstünlüyə malikik. Biz o insanları ailə və soydaş hesab edirik. Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub", - İran rəsmisi qeyd edib.

Energetika və nəqliyyat sahəsində əməkdaşlıq

Azərbaycan Prezidenti iki ölkə arasındakı əməkdaşlıqdan "çox məmnun" olduğunu, keçirilən bütün görüşlərin "çox səmərəli" keçdiyini vurğulayıb.

"Biz son bir neçə ildə iki qardaş ölkənin çox yaxın olduğu siyasi sahədə, iqtisadi sahədə, nəqliyyat, enerji sahələrində çox yaxşı nəticələr görürük. Bizim bu gün diqqətimizdə olan Şimal-Cənub nəqliyyat dəhlizi kimi bütün layihələr, enerji infrastrukturu ilə bağlı layihələr uğurla inkişaf edir. Şimal-Cənub nəqliyyat dəhlizi işləyir. Mənə indicə məlumat verilib ki, ötən il yükdaşımaların həcmi demək olar ki, 20 faiz artıb. Bu, çox müsbət nailiyyətdir. Baxmayaraq ki, onu tam şəkildə başa çatdırmamışıq, biz bu istiqamətdə hərəkət edirik", - İlham Əliyev deyib.

Cənab Əliyev söyləyib ki, regionda yeni vəziyyətlə əlaqədar yaranan yeni imkanlar həm özəl investorlar, həm də dövlət qurumları üçün əməkdaşlıq imkanı yaradır.

Prezident Azərbaycan və İran arasında yeni nəqliyyat əlaqələrinin "müzakirə mərhələsində", Xudafərin su anbarı ilə bağlı əməkdaşlıq və elektrik stansiyasının tikintisi ilə əlaqədar gələcək planların isə "çox aktiv fazada" olduğunu bildirib.

"Ümidvaram ki, qarşıdakı bir neçə ildə bu layihəni tamamlaya və hər iki tərəfi yeni elektrik enerjisi istehsalı ilə təmin edə biləcəyik. Həmçinin bizim bir neçə il əvvəl yüksək səviyyədə razılaşdırdığımız layihə - Ordubad və Marazad elektrik stansiyaları ilə bağlı işlər uğurla gedir. Beləliklə, bizim geniş gündəliyimiz var. Bundan əlavə, ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməlqoyma mərasimi keçiriləcək və bir çox digər məsələlər".

İran rəsmisi deyib ki, energetika, yenidənqurma və Qarabağa geri dönəcək əhalinin yaşayışı üçün vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələr ölkəsi üçün "prioritet təşkil edir" və əlavə edib ki, İran şirkətləri "işə başlamağa hazırdır".

Cənab Zərif İranın Azərbaycanla enerji sahəsində əməkdaşlığını genişləndirmək istədiyini bildirib.

"Biz Şimal-Cənub və Cənub-Qərb dəhlizləri çərçivəsində həmin sahələr üzrə işləmək arzusundayıq. Buraya elektrik enerjisinin istehsalı, energetika, "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları ilə bağlı əməkdaşlıq və digər məsələlər də aiddir. Çox şadıq ki, rəsmilərinizin İrana səfərləri zamanı bu layihələr üzrə surətli irəliləyiş əldə olunmuşdur və artıq biz ölkələrimiz arasında daha uzun birgə dostluq sərhədinə sahib ola bilərik".

Azərbaycanda bəzi məhdudiyyətlər götürülür

Bakı Covid karantin

Şəklin mənbəyi, Aziz Karimov/Getty Images

Bu gündən Azərbaycanda xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi yumşaldılır.

Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə verilir:

  • ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, "Mall"ların fəaliyyəti istisna olmaqla);
  • bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);
  • muzey və sərgi zallarının fəaliyyəti;
  • şəhərlərarası və rayonlararası hərəkət.

Azərbaycanda xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib, Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib.

"Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir. Həmçinin sosial məsafə, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etmək zəruridir," - Operativ Qərargahın məlumatında qeyd olunub.

Rusiya sülhməramlıları antiterror təlimləri keçir

Rusiya sülhməramlıları

Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi

Qarabağdakı Rusiya sülhməramlıları müşahidə məntəqələrində xidmət edərkən mütəmadi olaraq antiterror təlimi keçirlər, Rusiya Müdafiə Nazirliyi açıqlayıb.

Qurum bildirib ki, təlim zamanı hərbçilər postların qorunması, hərəkətin dayandırılması üçün yolların bağlanması kimi "həyəcan siqnalı" verilərkən görülən işləri məşq ediblər.

Ermənistan və Azərbaycan arasında sentyabrın 27-də başlayan və 44 gün davam edən döyüşlər noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı birgə bəyanatla sona çatdı. Bəyanata əsasən, Rusiya sülhməramlıları atəşkəsin qorunması üçün Qarabağa yerləşdiriliblər.

Avropa Navalnının sərbəst buraxılmasını tələb edir və Rusiyanı yeni sanksiyalarla hədələyir

Navalnı

Şəklin mənbəyi, Getty Images

Rusiya Qərb ölkələrini müxalifət lideri Aleksey Navalnını dəstəkləyən mitinqləri təşviq etməkdə günahlandırıb.

Rusiyada on minlərlə insan həftə sonu mitinqlərə qatılmaq üçün polislə üzləşib. Müşahidələr göstərir ki, 3500-dən çox şəxs saxlanılıb.

Ancaq Rusiya Prezidenti Vladimir Putinin sözçüsü ertəsi gün yalnız "bir neçə" adamın saxlanıldığını iddia edib.

Avropa İttifaqı xarici işlər nazirləri bazar ertəsi günü Rusiyaya qarşı sanksiyaların artırılması çağırışlarını müzakirə etmək üçün bir araya gəlirlər.

Estoniya, Latviya və Litvanın xarici işlər nazirləri "həbslərdən məsul rus məmurlarına qarşı məhdudlaşdırıcı tədbirlər" tələb edirlər.

Polşa Prezidenti Andrzej Duda da Avropa İttifaqını cənab Navalnının həbsindən sonra Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb.

Vladimir Putinin ən məşhur tənqidçisi cənab Navalnı bir həftə əvvəl Rusiyaya qayıdarkən həbs edildikdən sonra etirazlara çağırmışdı.

Şənbə günü Rusiyada Uzaq Şərq və Sibirdən Moskva və Sankt-Peterburqa qədər 100 şəhər və qəsəbədə nümayişlər təşkil edilib.

Moskvada çevik polis alayının nümayişçiləri döydüyü və sürüdüyü müşahidə olundu.

Müşahidəçilər bildirirlər ki, ölkə miqyasında nümayişlərin miqyası misli görünməmişdi, paytaxtdakı etirazlar isə son on ildə ən böyük etiraz idi.

Nümayişlər zamanı trolleybus sərnişinləri izdihama əl yelləyir, çox sayda avtomobil sürücüsün siqnal səsləri ilə geniş passiv dəstək göstərirdi.

ANAMA-ya mərmi tapılması barədə müraciətlər daxil olur

ANAMA, mərmi, partlayış, mina

Şəklin mənbəyi, ANAMA

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi açıqlayıb ki, 22-24 yanvar tarixlərində Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Qubadlı, Zəngilan, Tərtər, Tovuz rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə 11 müraciət daxil olub.

Agentlikdən bildirib ki, aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 282 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd piyada əleyhinə mina, 19 ədəd tank əleyhinə mina, 2 ədəd bombacıq, 200 ədəd 7,62 mm-lik patronlar, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 8 ədəd partlamış mərmi qalıqları aşkarlanıb.

Qurum qeyd edib ki, əməliyyat-axtarış tədbirləri zamanı 1400 hektara yaxın ərazi yoxlanılıb, 120 km-ə yaxın yol mina və partlamamış hərbi sursatlardan təmizlənilib, 300-ə yaxın tikili yoxlanılıb.