Nikol Paşinyan Ermənistanın Baş naziri seçildi

Baş nazir seçilən Nikol Paşinyanı həmkarları təbrik edib

Şəklin mənbəyi, KAREN MINASYAN/AFP/Getty Images

Şəklin alt yazısı, Baş nazir seçilən Nikol Paşinyanı həmkarları təbrik edib

Ermənistan parlamentinin xüsusi iclasında bu gün baş nazir seçkilərinin ikinci turu keçirildi. Yeganə namizəd olan "Yelk" (Çıxış) fraksiyasının rəhbəri, Vətəndaş Müqaviləsi Partiyasının sədri Nikol Paşinyan baş nazir seçildi.

Onun namizədliyini 59 millət vəkili dəstəkləyib, 42 deputat isə Nikol Paşinyanın əleyhinə səs verib.

Nikol Paşinyan bu vəzifədə Serj Sarkisyanı əvəz edib.

İki prezidentlik müddətindən sonra konstitusiya dəyişikliyi sayəsində daha geniş səlahiyyətlərlə baş nazir vəzifəsinə seçilən Serj Sarkisyan Paşinyanın rəhbərlik etdiyi etiraz hərəkatının təzyiqi altında istefa verməyə məcbur olub.

Bir həftə əvvəl seçkilərin birinci turunda Paşinyan kifayət qədər (53) səs toplaya bilməyib.

Onun rəhbərlik etdiyi "Yelk" və dəstəkləyən Daşnaksutyun və Tsarukyan Bloku fraksiyaları birlikdə parlamentdə 47 səsə malikdir.

Daşnaksutyun fraksiyasının 1 üzvü isə Paşinyanın əleyhinə səs vermişdi.

İkinci turda Serj Sarkisyanın rəhbərlik etdiyi 58 üzvü olan Ermənistan Respublikaçılar Partiyası (ERP) fraksiyası Paşinyanın seçilməsi üçün yetərli sayda səs təmin edəcəyini vəd etmişdi.

Paşinyandan istefa vədi

Daha əvvəl Nikol Paşinyan müəyyən şərtlərin yerinə yetirildiyi təqdirdə vəzifəni dərhal tərk edəcəyini bildirmişdi.

"Əsl demokratik, legitim və şəffaf seçkilərin keçirilməsi üçün şəraitin yaradıldığını görəndə istefaya verəcəyəm".

Bazar ertəsi ABŞ rok musiqiçisi System of a Down qrupunun solisti Serj Tankianın iştirakı ilə keçirilən mitinqdə Nikol Paşinyan özünün seçilməsi ehtimalını 95 faiz kimi qiymətləndirdi.

"Mən Daşnaksutyun, Yelk və Tsarukyan fraksiyalarının rəsmi vədini almışam. Onlar mənim lehimə səs verəcəklər. ERP millət vəkillərinin bir qismi də mənə səs verəcək", - Paşinyan deyib.

O, tərəfdarlarını çərşənbə axşamı səhər saat 11-dən Respublika meydanında toplaşmağa çağırdı.

Bir həftə bundan əvvəl, mayın 1-də seçkilərin 1-ci turu zamanı da on minlərlə insan Respublika meydanında qurulmuş böyük ekranlarda parlament iclasının gedişini izləyirdilər.

Paşinyan mayın 8-də etiraz aksiyaları, yaxud tətil elan edilmədiyini qeyd etsə də deyib: "Sabah qeyri-iş günü elan edirəm. Saat 11-də burada olun, mən də seçkilərdən sonra sizə qatılaram".