Dopinq qalmaqalı: Rusiya əlavə qadağalarla üzləşə bilər

Şəklin mənbəyi, AP
Rusiya idmanında dopinqin sistematik istifadəsi barədə ittihamlar təsdiq olunarsa, bu problemin yeni “sarsıdıcı” həddə çatdığını göstərəcək, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri deyib.
Thomas Bach-ın sözlərinə görə, belə bir təqdirdə sərt maliyyə sanksiyaları, idmançıların və milli federasiyaların diskvalifikasiyası barədə qərar qəbul oluna bilər.
Qalmaqal nəticəsində Rusiya idmançılarının Rio- De-Janeyro Olimpiadasında çıxışları qadağan edilə bilər.
Bu günlərdə Rusiyanın idman naziri dopinq qalmaqalına görə üzrxahlığını bildirib.
Britaniyanın Sunday Times qəzetində dərc olunmuş məqaləsində Vitali Mutko “ciddi səhvlərə yol verildiyini etiraf edir”.
İdman nazirinin sözlərinə görə, Yüngül Atletika Federasiyasının rəhbərliyi, idmançı və məşqçilər “ani uğur naminə idmanın təməlini təşkil edən” antidopinq və dürüst oyun qaydalarını pozublar.
Bu arada Rusiya dövlət qurumlarının himayəsilə idmançıların dopinqdən istifadə etməsi barədə yeni iddialar yer alır.
Ötən həftə Moskva antidopinq laboratoriyasının rəhbəri Qriqori Rodçenkov deyib ki, Soçi Olimpiadasında, qızıl medalçılar da daxil olmaqla onlarla idmançı dopinqdən istifadə edib.
Bundan əvvəl Rusiya antidopinq qurumunun sabiq əməkdaşı məsələ ilə bağlı ABŞ-ın CBS kanalına müsahibə verib. Vitali Stepanov dopinq məsələsinə FSB-nın nəzarət etdiyini bildirib.
Ötən ilin noyabr ayında “dövlət himayəsilə” dopinqin istifadəsində ittiham olunan Rusiyanın Yüngül Atletika Federasiyası İAAF tərəfindən diskvalifikasiya edilib.




