Rusiyalı dopinq eksperti: Soçidə dopinq yoxlamasına FSB nəzarət edib

Şəklin mənbəyi, Getty
Rusiya anti-dopinq agentliyinin keçmiş işçisi Vitali Stepanov bildirib ki, 2014-cü ilin Soçi Qış Olimpiadasında Rusiya xüsusi xidmətlərin əməkdaşları anti-dopinq agentliyinin işçiləri kimi qələmə veriliblər.
Vitali Stepanov bunu CBS şəbəkəsinin 60 Dəqiqə proqramına danışarkən iddia edib.
Stepanovun sözlərinə görə, bunu ona Moskva anti-dopinq laboratoriyasının keçmiş rəhbəri Qriqori Rodçenkov deyib.
Rusiya İdman Nazirliyi Soçidə "dopinq nəzarətinin şəffaflığında əmin olduğunu" qeyd edib.
Rodchenkov 60 Dəqiqə proqramı tərəfindən danışdırılmayıb, lakin proqramın jurnalist əməkdaşları onun Stepanovla danışığının səs yazısına qulaq asdığını bildiriblər.
BBC müstəqil olaraq proqramda səslənmiş iddiaların həqiqiliyini yoxlaya bilməyib.
Stepanovun bildirdiyinə görə, Rodchenkov ona deyib ki, FSB Rusiya təjhlükəsizlik xidməti agentləri "Soçi Oyunlarında dopinq nəzarəti rəsmiləri kimi işləyiblər və Soçidə anti-dopinq prosesinin hər addımını nəzarətdə saxlamağa çalışıblar".
Stepanovun sözlərinə görə, ona deyilib ki, Soçidə rusiyalı 4 qızıl medalçı steroidlərdən istifadə edib.
Wada Beynəlxalq anti-dopinq agentliyi yeni iddiaların araşdırıldığını bildirib.
IAAF Beynəlxalq Atletika Assosiyasiyaları İttifaqı Wada komissiyasının "dövlət tərəfindən dəstəklənən" dopinq istifadəsinə dair hesabatından sonra Rusiya idmançılarını beynəlxalq yarışlardan kənarlaşdırıb.
Həmin hesabatda Rodchenkov bu prosesin iştirakçısı kimi göstərilmişdi. Bir müddətdən sonra o, Moskva laboratoriyasının başçısı vəzifəsindən istefa verib.
Stepanov və onun arvadı, idmançı Yuliya Stepanova Almaniya televiziyasının 2014-cü ildə çəkdiyi sənədli filmin əsas iştirakçıları olublar. Onların həmin filmdə dediklərinə görə, Rusiyalı atletlərin "99 faizi" dopinqdən istifadə edib.
IAAF Rusiyanın dopinq əleyhinə mübarizədə kifayət qədər iş görüb-görmədiyini təhlil etmək üçün gələn ay iclas keçirəcək.
Həmin iclasda Rusiya atletlərinin Rio Yay Olimpiya Oyunlarına buraxılıb-buraxılmaması məsələsinə də baxılmalıdır.
Rusiya İdman Nazirliyi rəsmisinin sözlərinə görə, Stepanovun iddiaları ilə bağlı "hərtərəfli araşdırma" aparılıb və Wada ilə Rusiyada "müstəqil və şəffaf dopinq nəzarətinin təmin edilməsi üçün" yol xəritəsi cızılıb.
Nazirlik əlavə edib ki, "Soçidə 2014-cü il Qış Olimpiya Oyunlarında dopinq yoxlamalarına rusiyalı mütəxəssislərlə yanaşı xarici ekspertlər də nəzarət ediblər".




