Brüssel: partlayış qurbanlarının vəziyyəti ağır olaraq qalır

Şəklin mənbəyi, Reuters
Çərşənbə axşamı baş verən intihar hücumu nəticəsində reanimasiyaya yerləşdirilən insanların sayı dəyişmədən qalıb, Belçika səhiyyə naziri, Maggie de Block, deyir.
Onun sözlərinə görə, partlayış nəticəsində xəsarət alan 300 insandan 61 nəfərinin vəziyyəti ağır olaraq qalır. Buna görə nazir ölənlərin sayının artacağını istisna etmir.
Bir müddət əvvəl yerli prokurorluq orqanları dörd intihar hücumçusundan ikisinin kimliyini müəyyən edərək onların Khalid və Brahim el-Bakraoui qardaşları olduğunu təsdiq etmişdi.
Digər iki nəfərin isə yalnız adları açıqlanıb. Onlardan biri ölüb, digəri isə axtarışdadır.
Brahim el-Bakraoui özünü Zaventem hava limanında partladaraq 11 nəfərin ölümünə səbəb olub. Khalid isə 20 nəfərin ölümü ilə nəticələnən Maelbeek metro stansiyasında intihar hücumunu həyata keçirib, prokurorluq orqanı deyir.
Təsdiqlənməmiş məlumatda deyilir ki, digər intihar hücumçusu ötən il Parisdə baş verən partlayışla bağlı axtarışda olan cihadçı Najim Laachraoui-dir.
İntihar hücumlarına görə məsuliyyəti İslam Dövləti (İD) adlanan qruplaşma öz üzərinə götürüb.
Avropa İttifaqının daxili işlər və ədliyyə nazirləri partlayışlara cavab verməklə bağlı müzakirələr aparmaq üçün cümə axşamı Brüsseldə görüş keçirəcək.

Xəsarət alanlar 40 millətin nümayəndələridir və onlardan 150 nəfəri hələ də Belçika hospitallarında müalicə alır, Belçika səhiyyə naziri deyir.
Yaralıların çoxu yanıq xəsarətlərindən və ya döyüşdəki qəlpə yaralarına bənzəyən ağır xəsarətlərdən əziyyət çəkir. Ölənlərin sayı hələ də "müvəqqəti" olaraq qalır, səhiyyə naziri deyir.
Nazir əlavə edir ki, xəsarət alanlardan dördü hələ də komadadır deyə onların kimliyini müəyyən etmək olmayıb.
Belçika kral və kraliçası çərşənbə günü hava limanına baş çəkdikdən sonra intihar hücumu nəticəsində xəsarət alan bir neçə nəfərlə görüşüb. Günorta saatlarında bir dəqiqləlik sükut elan olunub.

Şəklin mənbəyi, Reuters
İnsanlar hava limanının terminalından evakuasiya edildikdən sonra polislərin zərərsizləşdirdikləri "ən böyük bomba" başında papaq olan kişinin çantasında olub, Belçika prokuroru deyir.
Taksi sürücüsünün ifadəsi əsasında həmin şəxslərin Schaerbeek ərazisində qaldıqları evə baxış keçirilərkən ordan 15 kiloqram partlayıcı maddə də daxil olmaqla bomba hazırlanması üçün çoxlu materiallar aşkar olunub.
Zibil qutusu yaxınlığında Brahim el-Bakraoui yazdığı məktub aşkar olunub. O yazırdı: "Mən tələsirəm (...) Onlar hər yanda məni axtarır. Mən daha güvəndə deyiləm. Əgər özumu ələ versəm onlar məni həbsxanaya salacaqlar."
Khalid el-Bakraoui Brüsselin Meşə ərazisində mənzil kirayələmək üçün saxta addan istifadə edib, RTBF kanalı polisə istinad edərək məlumat verir.

Şəklin mənbəyi, AFP
Çərşənbə günü Türkiyə bəyan edib ki, Brahim 2015-ci ilin iyun ayında Suriya sərhədində Türkiyə orqanları tərəfindən saxlanılaraq Niderlanda deportasiya olunub.
Belçika isə "onun xarici basqınçı olması ilə bağlı xəbərdarlıqlarımıza məhəl qoymadı", prezident Recep Tayyip Erdoğan deyib.
Belçika Ədliyyə naziri Koen Geens adı çəkilən şəxsin Türkiyədən deportasiya olunduğunu etiraf etsə də, onun potensial terrorçu kimi qeyd olunmasını inkar edib.
Belçika ölkəsində yüksək təhlükəsizlik səviyyəsi elan edib. Beynəlxalq hava limanı Cümə Axşamına qədər qapalı qalacaq.




