Brüssel hücumları arxasında "iki qardaş durur"

Şəklin mənbəyi, Reuters
Çərşənbə axşamı Belçika paytaxtında intiharçı hücumları həyata keçirən Xalid və Brahim əl-Bakraui qardaşları olub, yerli mətbuat xəbər verir.
Polisdəki mənbəyə istinad edən RBTF kanalı Brahimin Brüsselin hava limanında intiharçı hücum törətdiyini bildirir.
Zaventem aeroportunda baş verən qoşa partlayış nəticəsində 14 adam həlak olub.
Bu arada Maelbeek metro stansiyasında 20 adamın ölümünə səbəb olmuş intiharçı hücumu Xalid törədib, məlumatda deyilir.
Brüsseldə 34 nəfərin ölümü, 250 nəfərin yaralanması ilə nəticələn hücumlarla bağlı üç günlük matəm elan olunub.
Çərşənbə günü hücum qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Çərşənbə günü şəhərin Anderlext rayonunda polis tərəfindən həyata keçirilən əməliyyat gedişatında ən azı bir nəfər həbs olunub.
Hərçənd ki, həmin şəxs, daha əvvəl xəbər verildiyi kimi, Najim Laçraui deyil.

Şəklin mənbəyi, AFP
Mətbuatdakı iddialara əsasən hava limanında intiharçı hücumunu Xalid və Brahim əl-Bakraui qardaşları həyata keçiriblər.
RTBF kanalı onların polisə tanış olduğunu bildirib. Polis çərşənbə axşamı səhəri, partlayışdan bir qədər əvvəl, Zaventem hava limanındakı təhlükəsizlik kameralarına düşən üçüncü şübhəlinin axtarışını davam etdirir.
Çərşənbə axşamı günü Zaventem hava limanındakı qoşa partlayışdan təxminən bir saat keçmiş Maelbeek metro stansiyasında üçüncü partlayış baş verib.
Basqına görə məsuliyyəti İslam Dövləti (İD) adlanan qruplaşma öz üzərinə götürüb və partlayışların davam edəcəyi xəbərdarlığını verib.
ABŞ Dövlət Departamenti vətəndaşlarını Avropaya səyahətin “potensial risklərindən” yayınmağa çağırıb.
“Terror qruplaşması Avropanın idman sahələri, turistik məkanları, restoran və nəqliyyatında yenidən bomba hücumu planlaşdırır”, departamentin yaydığı məlumatda deyilir.
Partlayış ötən il Parisdə hücum törətməkdə şübhəli bilinən Salah Abdeslamın yaxalanmasından 4 gün keçmiş baş tutub.

Şəklin mənbəyi, AFP
Yüzlərlə insan çərşənbə axşamı gecəsi Place de la Bourse ərazisinə gələrək hücum qurbanlarının xatirəsinə şamlar yandırıb, yerə güllər düzüblər.
Dünyanın bir neçə ölkəsində həmrəylik simvolu olaraq binaları Belçika bayrağının rəngi ilə işıqlandırıblar.
Bütün Belçika üzrə anti-terror əməliyyatlarına başlanılıb.
Üç şübhəli şəxsin qoşa partlayışdan bir qədər əvvəl Zaventem hava limanında gəzdiyi yerdə görüntüləri yayılıb.
Onlardan ikisi cihazların partlaması nəticəsində ölüb, Belçika prokurorluğu bildirib.
Belçika prokuroru Frederic Van Leeuw deyib ki, papaq və açıq rəngli pencək geyinən adam axtarılır.
“Hazırda axtarışlar ölkənin bir neçə hissəsində aparılır” deyən prokuror sözlərinə əlavə edib ki, Brüsselin Schaerbeek ərazisində yerləşən mənzillərin birində kimyəvi maddələr, partlayıcı qurğular və İD bayrağı tapılıb.
Sözü gedən mənzil həmin 3 şəxsi hava limanına aparan taksi sürücüsünün ifadəsi əsasında aşkar edilib.

Şəklin mənbəyi, Reuters
Aeroportdakı partlayışlar yerli vaxtla 08:00-da baş verib. Şahidlərin ifadəsinə görə, onlar birinci bomba partlayan ərazidən qaçdıqları vaxtda ikinci bomba partlayıb.
Digər bir bomba isə tapılaraq zərərsizləşdirilib.
Zaventem hava limanının rəsmisi, AFP agentliyinə deyib ki, hücumçular bombaları öz çantalarında gizlədiblər.
Belçika rəsmilərinin sözlərinə görə ölənlərin sayı 30-dan çoxdur. Onlardan azı 11 nəfər hava limanında, 20 nəfər isə metro stansiyasındakı partlayışlar nəticəsində həlak olub.
Əksəriyyəti ağır olmaqla 250 nəfərdən çox adam xəsarət alıb.
"Bu matəm günüdür, qara gündür," Belçika Baş naziri Charles Michel deyib. "Mən hər kəsi birlik və əmin-amanlıq nümayiş etdirməyə çağırıram".
ABŞ prezidenti Barak Obama partlayışları "günahsız insanlara dəhşətli hücum" adlandırıb.
Avropa İttifaqı ölkələrinin 28 lideri isə birgə yaydığı məlumatda partlayışların "bizim açıq, demokratik cəmiyyətimizə hücum" olduğunu bəyan edib.
BMT-nin Suriyadakı nümayəndəsi, Staffan de Mistura, deyib ki, hücumlar təcili olaraq Suriyada "müharibə alovunu söndürməyə" ehtiyac olduğunu göstərir.




