Brüsseldə partlayışlar: ən azı 31 adam həlak olub

Belçika paytaxtındakı aeroport və metro stansiyasında baş verən silsilə partlayışlar nəticəsində ən azı 31 nəfər həlak olub, yerli media xəbər verir.

Hücuma görə məsuliyyəti İslam Dövləti (İD) adlanan qruplaşma öz üzərinə götürüb.

Şəhər merinə istinad edən mətbuat Avropa İttifaqının inzibati binaları yaxınlığında yerləşən Maelbeek metro stansiyasında baş vermiş partlayış nəticəsində ən azı 20 nəfərin öldüyünü bildirir.

Zaventem hava limanında isə qoşa partlayış 11 nəfərin ölümünə bais olub, daha 81 nəfər isə yaralanıb, Belçikanın səhiyyə naziri deyib.

Aeroportdakı partlayışlar yerli vaxtla 08:00-də baş verib. Bundan bir saat keçmiş partlayış metro stansiyasını silkələyib.

Hadisə ilə bağlı şəhərin metropoliten sisteminin işi tamamilə dayandırılıb.

Şəklin mənbəyi, Rozina Sini News

Hökumət insan tələfatı olduğunu təsdiqləyir. Hərçənd ki, bu barədə rəsmi rəqəmlər açıqlanmayıb.

Bundan əvvəl Belçikanın RTBF televiziya kanalı xəstəxanalardakı mənbələrə istinadən 10 adamın həlak olduğunu və 30 nəfərin yaralandığını xəbər verir.

Binada olan adamlar evakuasiya edilib və bütün uçuşlar təxirə salınır. Brüsselə gələn təyyarələr başqa hava limanlarına istiqamətləndirilir.

Brüssel aeroportu xüsusi qərar qəbul olunana kimi bağlıdır, Eurocontrol Avropa dispetçer xidməti elan edib.

Aeroport terminalında partlayışın nəticələri.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Aeroport terminalında partlayışın nəticələri.

Şəklin mənbəyi, Jef Versele PA Wire

Partlayış ötən il Parisdə hücum törətməkdə şübhəli bilinən Salah Abdeslamın yaxalanmasından 4 gün keçmiş baş tutub.

Partlayışlar baş verdiyi zaman aeroportda olan Sky News jurnalisti Aleks Rossi iki “çox güclü partlayış” eşitdiyini bildirir.

“Mən binanın sirkələnməsini hiss etdim. Çoxlu tüstü və toz qalxmışdı. Partlayış səsi gələn istiqamətdə getdim, şok, sarsıntı yaşamış insanlar gördüm”.

“Burada hesab edirlər ki, bu, terror hücumlarıdır, lakin heç bir rəsmi təsdiq olmayıb”.

Belçika terror təhlükə səviyyəsini ən yüksək həddə qaldırıb. Bundan əvvəl Belçikada maksimum terror təhlükəsi səviyyəsi (4-cü) elan olunmuşdu, Frans Press bildirib.

Belçika prokuroru Fredere Van Leeuw hər üç partlayışın "terror hücumu" olduğunu deyib. Prokurorluğun anti-terror bölməsi cinayət işi qaldırıb, prokuror administrasiyasından bildiriblər.

Reaksiyalar

“Bu, qorxaqcasına törədilən hücumdur. Bizim dəyərlərimizə və bizim açıq cəmiyyətlərə hücumdur. Terrorizm demokratiyaya qalib gələ bilməz və bizim azadlığımızı ala bilməz. Biz NATO-nun mənzil-qərargahında təhdid səviyyəsini qaldırmaq qərarına gəlmişik. Biz sayıq qalır və çox diqqətlə vəziyyəti izləyəcəyik”, - NATO baş katibi Jens Stoltenberg bəyan edib.

Fransa prezidenti Francois Hollande ciddi təhlükə ilə üzləşmiş Avropanı həyəti vacib addımlara səsləyib.

“Brüssel hücumları ilə Avropaya zərbə endirilmişdir”, - Fransa prezidentini Frans Press iqtibas edir.

“Xatırlayırsınızmı, Brüssel necə gözəl və rahat yer idi? Lakin bütün bunlar keçmişdədir. İndi o, başqa aləmdədir! ABŞ sayıq və ağıllı olmalıdır”, - ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd, milyardçı Donald Trump öz Twitter hesabında yazıb.