Miqrant böhranı: BMT Aİ-Türkiyə planından narahatdır

Avropa II Dünya Müharibəsindən sonra ən kəskin qaçqın böhranı ilə üszləşib.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Avropa II Dünya Müharibəsindən sonra ən kəskin qaçqın böhranı ilə üszləşib.

BMT miqrant böhranın radikal yolla çözülməsinə yönəlmiş Aİ-Türkiyə planından narahatlıq bildirərək, onun beynəlxalq qanunvericiliyə zidd ola biləcəyinə diqqəti çəkib.

Plana əsasən, Türkiyədən Yunanıstana gələn bütün miqrantlar geri qaytarılmalıdır, hər bir geri qayıdan suriyalının əvəzinə isə Türkiyədə müvəqqəti məskunlaşan suriyalıya Aİ-də sığınacaq veriləcək.

Bu prinsiplə əlaqədar, BMT Qaçqınlar Agentliyi bildirib ki, xaricilərin ölkədən kollektiv sürətdə çıxarılması “Avropa qanunvericiliyilə ziddiyyət təşkil edə bilər”.

Amnesty International təşkilatı həmin planı sığınacaq almaq hüququna qarşı çıxarılmış ölüm hökmü adlandırıb.

Bazar ertəsi Brüssel sammitində Aİ ilə Türkiyə arasında müzakirə olunmuş sövdələşmə hələlik yekunlaşdırılmayıb - miqrant böhranının həllinə dair danışıqlar martın 17-18-də keçiriləcək Aİ sammitində davam etdirilməlidir.

Tərəflər birgə planın konkret detallarının uzlaşdırılması və oyrənilməsi üçün vaxt lazım olduğunu bəyan ediblər.

Avropa II Dünya Müharibəsindən sonra ən kəskin qaçqın böhranı ilə üszləşib.

Ötən il Aİ-ə 1 milyondan artıq insan qeyri-qanuni daxil olub, onların çoxu qayıqlarla Türkiyədən gəlib.

Miqrantların əksəriyyəti Suriyadakı vətəndaş müharibəsindən qaçan sakinlərdir.

Daha 2.7 milyon suriyalı qaçqın hazırda Türkiyədə müvəqqəti məskunlaşıb.

Türkiyə ilə Aİ arasında miqrant böhranına dair danışıqlar davam etdiriləcək.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Türkiyə ilə Aİ arasında miqrant böhranına dair danışıqlar davam etdiriləcək.

Böhranın öhdəsindən gəlmək üçün "qəti addımlar" atılmasının vacibliyini vurğulayan Aİ rəhbərləri aşağıdakı tədbirlərin görülməsini təklif edirlər:

  • Türkiyədən Yunanıstana qeyri-qanuni gələn miqrantların hamısı Türkiyəyə qaytarılır. Qeyri-qanuni miqrantlar normal tranzit prosedurlardan keçməyən, sənədsiz gələnlərdir.
  • Geri qaytarılan hər bir suriyalının əvəzində, Türkiyədən bir suriyalı Aİ-də yerləşdiriləcək.
  • Aİ Türkiyə vətəndaşları üçün gediş-gəlişin asanlaşdırılmasını sürətləndirəcək. 2016-cı ilin iyun ayına qədər Aİ Türkiyə üçün vizasız rejimin tətbiqini nəzərdən keçirəcək.
  • Aİ Türkiyəyə vəd etdiyi 3.3 milyard dollar maliyyə yardımının ödənişini sürətləndirəcək. Böhranın öhdəsindən gəlmək üçün Türkiyəyə bundan əlavə də maliyyə yardımının ayrılacağı vəd olunub. Türkiyə xəbərlərə görə, Aİ-dən maliyyə yardımını 6 milyard dollaradək artırmağı xahiş edib.
  • Türkiyənin Aİ üzvlüyünə dair danışıqların yeni mərhələsinin başlanması barədə qərarın verilməsinə dair hazırlıq aparılacaq.