Miqrant böhranı: Aİ Balkan marşrutunu bağlamaq istəyir

Şəklin mənbəyi, AFP
Türkiyə və Avropa İttifaqı liderləri Avropada İkinci Dünya Müharibəsindən sonra ən böyük qaçqın böhranını həll etmək üçün Brüsseldə fövqəladə toplantı keçirirlər.
Aİ miqrant axınının qarşısını almaq üçün Balkan yarımadasından şimala gedən yolun bağlanmasını planlaşdırır.
Plana görə Türkiyə iqtisadi miqrantları qəbul edəcək və əvəzində Ankara 3 milyard avro alacaq.
Keçən il Avropaya qayıqlarla bir milyondan çox miqrant daxil olub. Onların əksəriyyəti Türkiyə və Yunanıstandan keçməklə şimali Avropaya üz tutublar.
Təxminən 13 min miqrant Yunanıstanla Makedoniya sərhədində qalıb.
Bazar günü miqrant daşıyan qayığın Türkiyə sahillərində çevriməsilə 25 nəfər həlak olub.
Hər gün minlərlə insan Türkiyədən keçməklə Yunanıstana gəlməkdə davam edir.
Aİ ölkələrinin miqrasiya böhranı ilə bağlı fikirləri haçalanır.
Bir sıra Aİ ölkəsi artıq miqrant axınına qarşı sərhəd nəzarətini gücləndirib.

Şəklin mənbəyi, AFP
Şənbə günü Slovakiyada keçirilmiş seçkilərdə anti-miqrant partiyaları qələbə qazanıb.
Financial Times qəzetinin məlumatına görə, Brüssel Aİ ölkələrində sığınacaq vermək sistemini əsaslı şəkildə yenidən nəzərdən keçirməyə hazırlaşır.
İndi siyasi sığınacaq istəyənlər gəldikləri ilk Avropa İttifaqı ölkəsinə müraciət etməlidirlər.
Bu qayda, ötən il Almaniya kansleri Angela Merkelin öz miqrantlara dair siyasətində ona əməl etməmək qərarından sonra, son vaxtlar işləmirdi.
Bunun əvəzinə ərizələrin mərkəzləşdirilmiş sistem üzrə təqdim edilməsi təklif olunacaq, Financial Times yazır.





