Miqrant böhranı: Aİ fövqəladə yardım planını açıqlayacaq

Şəklin mənbəyi, Reuters
Avropa İttifaqı (Aİ) Yunanıstanın miqrant axınının öhdəsindən gəlmək üçün mübarizə aparması fonunda humanitar yardım üçün yüz milyonlarla avro xərcləməyə hazırlaşır.
Çərşənbə günü təqdim olunacaq planları çərçivəsində Aİ vəsaitləri blokdan kənarda olan ölkələrdəki böhrana kömək edildiyi kimi Avropada da tətbiq olunacaq.
BMT Yunanıstanın sərhədlərində miqrantların artması ilə yaranan humanitar fəlakət barədə xəbərdarlıq edib.
Minlərlə sığınacaq axtaran Makedoniya ilə sərhəddə qalıb.
Avropa İttifaqının icraçı orqanı olan Avropa Komissiyası tərəfindən təqdim edilən plan o deməkdir ki, Aİ yardım agentlikləri ilk dəfə olaraq ayrı-ayrı üzv dövlətlərə pul paylamaqdan fərqli olaraq BMT və Avropa daxilindəki digər qruplarla birbaşa işləyəcək.
Aİ rəsmiləri bildirib ki, yardım planı 300 milyon avroya başa gələcək. Ümumiyyətlə, üç il ərzində bu işə 700 milyon avro ayrılacaq.
Lakin BBC Avropa müxbiri Kris Morris deyir ki, hətta bu cür maliyyələşmə tez tətbiq olunsa belə, Aİ yeni gələnlərin axınını dayandırmalıdır. Bu isə Türkiyə ilə daha sıx əməkdaşlıq deməkdir, müxbir əlavə edir.
Yunanıstan Avropa Komissiyasından 100 min sığınacaq axtarana qayğı göstərmək üçün 500 milyon avro yardım istəyib.
Yunanıstanda 24 minə yaxın miqrantın mənzilə ehtiyacı var və 8 mindən artıq miqrant Makedoniya ilə sərhəddə pisləşən şəraitdə qalıb.
Ötən həftə Makedoniya əfqan miqrantların ölkəyə buraxılmasından imtina edib, suriyalı və iraqlı miqrantların isə sənədləri daha ciddi yoxlanılır.

Şəklin mənbəyi, Reuters
İdomenidə keçid şimal ölkələrinə, xüsusən Almaniyaya olan yollarını davam etdirmək istəyən miqrantların etiraz aksiyalarından sonra bağlanıb.
Sərhədlərin bağlanmasına baxmayaraq, minlərlə miqrant və qaçqın hələ də İdomeniyə gedir.
Düşərgələr dolu olduğundan onların çoxu avtobuslarda və yanacaqdoldurma məntəqələrində gözləməyə məcbur olub.
Bəzi miqrantlar həftədən çoxdur ki, həddən artıq yüklənmiş düşərgədə qalıb.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin fövqəladə koordinatoru Caroline Haga bildirib ki, Yunanıstan hərbiyyəsi İdomeni yaxınlığında daha üç sərhəd düşərgəsi yaradıb, lakin bu düşərgələr də artıq doludur.
Çərşənbə axşamı BMT-nin qaçqınlar agentliyi xəbərdarlıq edib ki, Avropa "böyük humanitar böhranın astanasındadır".
Avropa Şurasının prezidenti Donald Tusk gələn bazar ertəsi Xorvatiya və Makedoniyaya səfər edəcək, sonra isə o, xüsusi Aİ sammiti ərəfəsində Yunanıstan və Türkiyədə danışıqlar aparacaq.




