Miqrantlar Makedoniyada hasarı yarıblar

Makedoniya polisi gözyaşardıcı qazla müqavimət göstərib

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Makedoniya polisi gözyaşardıcı qazla müqavimət göstərib

Makedoniya-Yunanıstan sərhədindəki miqrantlar kustar üsulla hazırlanmış alətlərlə hasarı yarıb keçiblər.

Televiziyada yayımlanmış görüntülərdə miqrantlar İdomenidəki hasarı zorla itələyir, tikanlı məftilləri sökürlər. Makedoniya polisi isə onlara qarşı müqavimət göstərmək üçün gözyaşardıcı qazdan istifadə edir.

Hasarın bir hissəsi tamamilə açılıb. Nə qədər miqrantın daxil olduğu məlum deyil.

Avropanın şimalına getmək istəyən miqrantların əksəriyyəti suriyalı və iraqlı qaçqınlardır.

Sərhədin Yunanıstan tərəfində 6500 miqrantın qaldığı deyilir. Onlardan əksəriyyəti baxımsız şəraitdə bir həftədən çoxdur ki, düşərgələrdə qalırlar.

Makedoniya və bir sıra digər Balkan ölkələri miqrant axınının qarşısını almaq üçün hasarlar tikiblər.

Keçən il Almaniyaya bir milyondan çox qaçqın gəlib.

Miqrant böhranı daha çox Yunanıstana təsir edir. Türkiyədən Avropaya üz tutan miqrantlar Yunanıstandan keçirlər.