Türkiyə ilə Aİ miqrantlar üzrə planın yalnız ümumi prinsiplərini razılaşdırıblar

Şəklin mənbəyi, Reuters
Avropa İttifaqı ilə Türkiyə liderlərinin Brüsseldə miqrant böhranının həllinə həsr olunmuş sammiti başa çatıb, lakin problem üzrə qərarın qəbul olunması martın 17-18-də keçiriləcək Aİ sammitinədək təxirə salınıb.
Tərəflər birgə planın konkret detallarının uzlaşdırılması və oyrənilməsi üçün vaxt lazım olduğunu bəyan ediblər.
Brüssel görüşündə Türkiyəyə Avropada sığınacaq almamış minlərlə qeyri-leqal miqrantı qəbul edib öz ərazisində yerləşdirmək təklifi müzakirə olunub.
Bunun müqabilində Türkiyə Aİ ilə vizasız rejim tətbiq etmək və Türkiyənin Avropa İttifaqına qəbul olunması məsələsi üzrə danışıqların keçirilməsini tezləşdirməyi istəyib.
Tərəflər bəyan ediblər ki, miqrant böhranının tənzimlənməsinə dair ümumi prinsiplər üzrə razılığa gələ biliblər, lakin konkret həll axtarışı martın 17-də, gələn sammitdə davam ediləcək.
Bundan başqa, sammitin yekunları üzrə qəbul olunmuş bəyanatda deyilir ki, Avropa miqrantların qəbulu üçün əlavə maliyyə yardımı ayıracaq və daha əvvəl bu məqsədlə vəd edilən 3 milyard avronun təqdim edilməsini tezləşdirəcək.
Əvəzində Türkiyə Yunan adaları və Yaxın Şərqdən gələn bütün miqrantları, onların vətəndaşlığından acılı olmayaraq, qəbul etməli, eləcə də artıq Avropa ərazisinə düşmüş və orada sığınacaq almamış bütün miqrantları qəbul etməlidir.
BBC müxbirinin Brüsseldən verdiyi məlumata görə, razılıq əldə olunarsa, Avropaya düşmək istəyən bütün, o cümlədən, suriyalı qaçqınların Türkiyəyə qaytarılması nəzərdə tutulur.
Bunun əvəzində Aİ Türkiyə tərəfindən qəbul olunmuş hər bir suriyalının müqabilində qaçqınlar düşərgəsindən sığınacağa ehtiyacı olan bir suriyalı qəbul edəcək. Ehtimal olunur ki, bu sistemin tətbiq edilməsi qaçqınların qaçaqmalçılar vasitəsilə qeyri-qanuni yollarla Avropaya düşmək həvəsində olanların sayını azaldar.




