Suriya münaqişəsi: Müvəqqəti atəşkəs qüvvəyə minib

Şəklin mənbəyi, AFP
Suriyada vətəndaş müharibəsinin davam etdiyi 5 il ərzində ilk geniş atəşkəs razılaşması qüvvəyə minib.
Şənbə günü cəbhə xəttlərində əsasən sakitliyin hökm sürdüyü xəbər verilir.
BMT-nin xüsusi elçisi Staffan de Mistura döyüşlərin “sovuşduğunu” desə də, atəşkəsin pozulması ilə bağlı bir insidentin araşdırıldığını qeyd edib.
Atəşkəs rejimi özünü İslam Dövləti adlandıran qruplaşmaya və əl-Qaidə ilə bağlı ən-Nüsrə Cəbhəsinə şamil edilmir.
Atəşkəs rejiminin qüvvəyə minməsindən bir qədər keçmiş hökumətin nəzarət etdiyi Salamiyyə şəhərində hücum baş verib.
Rəsmi mənbələrə əsasən avtomobildə quraşdırılmış bomba partlayışı iki nəfərin ölümünə bais olub.
Hücumun arxasında kimin durduğu naməlum qalır.
Fevralın 22-də Rusiya ilə ABŞ Suriyada hərbi hərəkətlərin dayandırılması üzrə planın razılaşdırıldığını elan ediblər.
ABŞ-Rusiya razılaşmalarının qüvvəyə minməsinə bir neçə saat qalmış müvafiq qətnamə BMT Təhlükəsizlik Şurasının təsdiqini qazanıb.
Suriya münaqişəsi ən azı 250,000 adamın ölümünə səbəb olub və milyonlarla insanı didərgin salıb.




