Suriya: Döyüşən tərəflər atəşkəsə razılaşıb

Suriyada beş ildir davam edən müharibədə 250 mindən çox insan həyatını itirib

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Suriyada beş ildir davam edən müharibədə 250 mindən çox insan həyatını itirib

Suriya hökuməti və əsas müxalifət qruplaşmaları ABŞ-Rusiya sülh planını qəbul edib və şənbə günündən atəşkəsə əməl olunmasına razılıq veriblər.

Hökumətin bildirdiyinə görə, plana uyğun olaraq “döyüşlər dayandırılacaq”.

Lakin müxalifət bildirib ki, atəşkəsi yalnız dinc sakinlərə qarşı mühasirə və hücumların dayandırılması şərtilə qəbul edir.

Razılıq Suriyadakı iki böyük cihadçı qruplaşma, özünü İslam Dövləti (İD) adlandıran qrup və ən-Nüsrə Cəbhəsinə aid edilməyəcək. Ən-Nüsrə əl-Qaidənin bir qoludur.

BMT etiraf edib ki, planı həyata keçirmək çətin olacaq.

Suriyada beş ildir davam edən müharibədə 250 mindən çox insan həlak olub. 11 milyon adam isə evlərindən didərgin düşüb.

Bazar ertəsi ABŞ və Rusiyanın Moskvada açıqladığı razılaşmaya görə, Suriya hökuməti və müxalifət cümə günü günorta saatlarına qədər atəşkəsə əməl edib-etməyəcəklərini bildirməli idilər.