Suriya: atəşkəs sövdələşməsi "həftəsonu qüvvəyə minə bilər"

Şəklin mənbəyi, Getty
Rusiya ilə ABŞ arasında razılaşdırılmış plan layihəsindən məlum olduğuna görə, Suriyada atəşkəs fevralın 27-dən qüvvəyə minə bilər.
Bu, ötən həftəsonu ABŞ dövlət katibi John Kerry ilə rusiyalı tərəfdaşı Sergey Lavrov arasında keçirilmiş danışıqlardan sonra məlum olub.
Dünya gücləri fevralın 12-də atəşkəsin Suriyada bir həftəyə qüvvəyə minəcəyini bildirsələr də, göstərilmiş müddətin vaxtı çıxdı, lakin atəşkəs qüvvəyə minmədi.
Al-Jazeera televiziya kanalı əldə etdiyi ABŞ-Rusiya sövdələşməsi layihəsinə istinad edərək, atəşkəs barədə ötən bazar günü əldə olunmuş razılığın fevralın 27-ə keçən gecə qüvvəyə minəcəyini bildirib.
Reuters agentliyi Qərb diplomatlarına istinadən, bu atəşkəsin İD qruplaşması və Nusra Cəhbəsi təşkilatına şamil edilməyəcəyini xəbər verib.
Bazar günü ABŞ Dövlət katibi John Kerry Rusiyalı həmkarı Sergey Lavrovla danışıqlardan sonra atəşkəs şərtlərinə dair razılığın əldə edildiyini bildirmişdi.
Məlumatlara görə, Rusiya hava zərbələrinin dəstəyilə Suriyada irəliləyən hökumət qüvvələri Hələb şəhəri ətrafında üsyançılara qarşı hücum əməliyyatını davam etdirir.
Suriyada zorakılıq davam etməkdədir, Homs və Dəməşqdə bazar günü bomba partlayışları nəticəsində, 140 adam həlak olub.
Ölkədə hərbi münaqişə başlanandan 250 min insan həlak olub.
Münaqişə nəticəsində 11 milyon əhali evlərini tərk etməyə məcbur olub, onlardan 4 milyonu xaricə qaçıb, o cümlədən, artan sayda qaçqın Avropaya riskli səfərə çıxır.




