Suriyada partlayışlar: "140 nəfər həlak olub"

Özünü İslam Dövləti (İD) adlandıran qruplaşma hər iki şəhərdəki hücumları həyata keçirdiyini deyib

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Özünü İslam Dövləti (İD) adlandıran qruplaşma hər iki şəhərdəki hücumları həyata keçirdiyini deyib

Suriyanın Homs və Dəməşq şəhərlərində baş vermiş bir sıra partlayışlar nəticəsində 140 nəfər həlak olub, müşahidə qrupu və dövlət mediası bildirir.

Dəməşqin cənubundakı Səyyidə Zeynəbdə azı 4 partlayış baş verib, 83 insan həyatını itirib, dövlət mediası xəbər verir.

Səyyidə Zeynəbdə şiələrin ən nüfuzlu və müqəddəs saydığı, və Məhəmməd Peyğəmbərin nəvəsinin qəbrinin olduğu bildirilən türbəsi yerləşir.

Daha öncə Homs şəhərində iki avtomobilin partlaması nəticəsində əksəriyyəti dinc sakin olan 57 insan həlak olub, Britaniyada mənzillənmiş Suriyada İnsan Haqlarını Müşahidə qrupu məlumat verib.

Özünü İslam Dövləti (İD) adlandıran qruplaşma hər iki şəhərdəki hücumları həyata keçirdiyini deyib.

Şəklin mənbəyi, AP

Eyni zamanda, ABŞ dövlət katibi John Kerry Rusiya ilə Suriya münaqişəsində qismən barışıqla bağlı "müvəqqəti saziş" üçün razılıq əldə olunduğunu bildirib.

Həmçinin oxuyun: <link type="page"><caption> Kerry: “Suriyada sülhə dair Rusiya ilə ilkin razılıq əldə edilib”</caption><url href="http://www.bbc.com/azeri/international/2016/02/160221_kerry_syria_announcement" platform="highweb"/></link>

Suriya mətbuatı Homs partlayışlarından görüntüləri nümayiş etdirib.

Dövlət xəbər agentliyi Sana yazır ki, azı 83 ölü və 178 yaralı var.

İD-lə əlaqələndirilən Amaq xəbər agentliyi isə bildirib ki, İD yaraqlıları maşınlarda bomba yerləşdirib və partlayıcı kəmərləri hərəkətə gətirib.

Bu rayonda ötən ay intiharçı bomba hücumundan sonra 71 nəfər həlak olub. Həmin hadisəyə görə məsuliyyəti də İD üzərinə götürüb.

Bazar günü baş vermiş partlayışlar əsasən İD-in sünni müsəlman radikallarının qarşı çıxdığı digər İslam dini hərəkatlarının azlıq təşkil edən nümayəndələrini hədəfləyib.

Homs şəhəri 2011-ci ildə prezident Bəşər Əsədə qarşı baş qaldırmış üsyanın ilkin mərkəzlərindən biridir. Lakin indi şəhər hökumət qüvvələrinin əlindədir.

Şəklin mənbəyi, AFP

Hücum şəhərdə əsasən şiə ələvilərin məskunlaşdığı rayonda baş verib. Prezident Əsəd də məhz bu təriqətdəndir. Ərazi dəfələrlə hücumlara məruz qalıb.

Suriyada İnsan Haqlarını Müşahidə qrupu həmçinin bildirib ki, son 24 saatda Hələbdə 50 İD döyüşçüsü Rusiya hava zərbələri ilə dəstəklənən hökumət qüvvələri tərəfindən öldürülüb.

ABŞ dövlət katibi John Kerry mümkün atəşkəs istiqamətində inkişaf barədə "nikbin" danışıb.

O, rusiyalı həmkarı Serqey Lavrovla söhbətindən sonra əlavə edib ki, aralarında hələ də bəzi həll olunmamış məsələlər qalır.

Bu ayın əvvəllərində Suriya münaqişəsində iştirak edən dünya qüvvələri "hərbi əməiyyatların dayandırılması" barədə razılığa gəliblər, amma cümə gününə təyin olunmuş son tarix artıq keçib.

Suriya prezidenti Bəşər Əsəd “Suriyanı xilas edən" adam kimi yaddaşlarda qalacağına ümid etdiyini deyib.