Suriya: Rusiya hərbi cinayət barədə ittihamları rədd edib

Şəklin mənbəyi, AFP
Rusiya Suriyada hospitalların bombalanması ilə bağlı hərbi cinayət törətdiyi barədə ittihamları "qətiyyətlə rədd edib".
Kreml sözçüsü Dmitri Peskov deyib ki, "belə iddiaları irəli sürənlər dəlil-sübut təqdim etmək etmək qabiliyyətində deyillər".
Bazar ertəsi günü Suriyada azı 3 hospital və məktəblərə edilmiş raket hücumu nəticəsində 50-dək adam həlak olub.
Fransa və Türkiyənin bildirdiyinə görə, Suriyanın şimalında hospitallara hava zərbəsi müharibə cinayəti hesab edilməlidir.
Bölgədə hospital və məktəblərə raket zərbələri nəticəsində 50 nəfərə yaxın insan həlak olub, BMT bildirib.
Türkiyənin xarici işlər naziri hücumlara görə Rusiyanı ittiham edib.
Bu arada Suriya prezidenti Bəşər Əsəd Suriyada “hərbi əməliyyatların dayandırılması” planına şübhə ilə yanaşdığını bildirib.
Keçən həftə dünya qüvvələri Suriyada bir həftə içində sülhə nail olmaq üçün fəaliyyət göstərməyə razılıq veriblər.

Şəklin mənbəyi, Reuters
Əzəz və ətraf bölgələrdə iki hospital və iki məktəbin vurulmasıyla azı 12 insan həyatını itirib.
Suriyanın şimal-qərbində Maarat əl-Numan şəhərində yerləşən Sərhədsiz Həkimlər Təşkilatı tərəfindən dəstəklənən xəstəxanaya endirilmiş raket zərbələri nəticəsində yeddi nəfər ölüb, səkkiz nəfərsə hələ də itkindir.
Tibbi xeyriyyə təşkilatı hücumları "qəsdən" edilmiş hücumlar adlandırıb.
Bu arada kürd qüvvələri Suriyanın şimalındakı Tal Rifaat şəhərini islamçı üsyançılardan ələ keçiriblər, Suriyada İnsan Haqlarını Müşahidə qrupu bildirib.
Türkiyə baş naziri Ahmet Davutoğlu kürd qüvvələrinin Əzəz ətrafını ələ keçirməyə cəhd edəcəkləri təqdirdə "sərt reaksiya" göstərəcəklərini bildirib.
Həmçinin oxuyun: <link type="page"><caption> Türkiyə Suriya kürdlərinə qarşı hücumları davam etdirir</caption><url href="http://www.bbc.com/azeri/region/2016/02/160214_turkey_shells_kurdish_militia" platform="highweb"/></link>
Davutoğlunun ittihamı
Hava zərbəsi Rusiya və digər dünya dövlətlərinin Suriyada hərbi əməliyyatların dayandırılması barədə razılığa gəlməsindən bir neçə gün sonra baş verib.
Suriyada 5 illik vətəndaş müharibəsi zamanı 250 mindən çox insan həyatını itirib, 11 milyondan çox vətəndaş didərgin düşüb.
Türkiyə baş naziri Ahmet Davutoğlu bildirib ki, Rusiya ballistik raketləri Əzəzdə binaları vurub.
Rusiya ötən ilin sentyabrından bəri prezident Bəşər Əsədi dəstəkləmək məqsədilə Suriyada hava zərbələri həyata keçirir.
Sərhədsiz Həkimlər təşkilatı bildirib ki, üsyançıların nəzarətində olan Maarat əl-Numan şəhərindəki xəstəxanaya bazar ertəsi səhər saatlarında bir neçə dəqiqə ərzində 4 raket zərbəsi endirilib.
Sərhədsiz Həkimlərin Suriyadakı missiyasının rəhbəri Massimiliano Rebaudengo deyib ki, bu səhiyyə strukturuna qəsdən hücumdur və təşkilat bu hücumu qətiyyyətlə pisləyir.
Fevralın 5-də cənub əyaləti Dərada təşkilatın dəstəklədiyi digər xəstəxana hava zərbələrinə məruz qalıb və 6 nəfərin həlak olmasına səbəb olub.
Sərhədsiz Həkimlər təşkilatı Suriyada 150 səhiyyə müəssisəsini dəstəkləyir. Bu ilin əvvəlindən bəri 14-ə yaxın xəstəxana hava zərbələrindən ziyan görüb.




