Suriya BMT-ni Türkiyə hücumları ilə bağlı "tədbir görməyə" çağırıb

Şənbə günü Türkiyə şimali Hələb vilayətində irəliləyən kürd qüvvələrini atəşə tutub

Şəklin mənbəyi, afp

Şəklin alt yazısı, Şənbə günü Türkiyə şimali Hələb vilayətində irəliləyən kürd qüvvələrini atəşə tutub

Suriya ölkənin şimalında kürd yaraqlılarına qarşı Türkiyənin hərbi fəaliyyətini pisləyib və bu halı ölkə suverenliyinin pozulması kimi qiymətləndirib.

Ölkə BMT Təhlükəsizlik Şurasına tədbir görülməsi üçün çağırış edib.

"Suriya ərazisini atəşə tutan türk artilleriyası silahlı terror təşkilatlarına birbaşa dəstək olur", Suriya hökuməti BMT Baş Katibinə və Təhlükəsizlik Şurasının Sədrinə məktublarında bildirib.

Şənbə günü Türkiyə şimali Hələb vilayətində irəliləyən kürd qüvvələrini atəşə tutub.

Ankara Suriyadakı kürd yaraqlılarını Türkiyədə muxtariyyət üçün çoxillik kampaniya keçirən qadağan olunmuş PKK-ya müttəfiq hesab edir.

Lakin Birləşmiş Ştatlar və başqaları kürd döyüşçülərini Suriyada özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya qarşı mübarizədə dəstəkləyir.

Məktublar Türkiyəni "türk əsgəri və ya türk muzdluları" olduğu hesab edilən 100-ə yaxın silahlının Suriyaya keçməsinə imkan verməkdə ittiham edir.

"[Suriya] Türkiyənin cinayətləri və hücumlarına cavab vermək və vurulmuş ziyanın ödənilməsini tələb etmək üçün öz qanuni hüququnu dəstəkləyəcək", məktublarda deyilir.

Fransanın Xarici İşlər Nazirliyi də Türkiyə Suriyanın şimalında kürd yaraqlılarına qarşı hücumu dayandırmağa çağırıb.

Son 5 ildə Suriyada vətəndaş müharibəsi nəticəsində azı 11 milyon nəfər didərgin düşüb

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Son 5 ildə Suriyada vətəndaş müharibəsi nəticəsində azı 11 milyon nəfər didərgin düşüb

Rusiya bu arada bəyan edib ki, ABŞ və Rusiya prezidentləri cümə axşamı Münhendə əldə olunmuş sazişin həyata keçirilməsi üçün daha sıx işləməklə bağlı "səmimi və işgüzar" telefon danışığı zamanı razılığa gəliblər.

Suriya prezidenti Bəşər Əsədin müttəfiqi Rusiya ötən ilin sentyabrından Suriyada hava zərbələri həyata keçirir.

Rusiya "terrorçuları" hədəflədiyini deyir, amma Qərb dövlətləri bildirir ki, Rusiya Suriya hökumətinə qarşı olan müxalifət qrupları hədəfə alıb.

Türkiyə Suriyadakı kürd yaraqlılarına qarşı atışmanı şənbə günü başlayıb.

Yaraqlılar Türkiyənin ərazini tərk etmək tələbini rədd ediblər. Onlar bildirirlər ki, əks halda islamçılar geri qayıdacaqlar.

Son 5 ildə Suriyada vətəndaş müharibəsində 250 mindən çox insan həlak olub və 11 milyon nəfər didərgin düşüb. Zorakılıq, həmçinin Avropaya miqrasiya böhranının əsas hərəkətverici qüvvəsi olub.