Suriyadakı şəhərə hava ilə yardım çatdırmaq cəhdi uğursuz olub

Şəklin mənbəyi, Getty
Suriyada Deyr-əz-Zor şəhərinə BMT humanitar yardımının çatdırılması problemlərlə üzləşib, BMT Ümumdünya Ərzaq proqramının rəsmisi Jan Egeland bildirib.
Təyyarədən atılmış 21 ərzaq qutusundan 4-ü zədələnib, 7 qutu heç kimin nəzarət etmədiyi əraziyə düşüb, daha 10 qutu barədə isə məlumat yoxdur, Reuters agentliyi bildirib.
Paraşütü açılmayan bir neçə ərzaq qutusu böyük sürətlə yerə dəyərək məhv olub.
Egelandın sözlərinə görə, BMT hazırda humanitar yardımın çatdırılması logistikasının hazırlanması üzərində işləyir.
Təşkilat bir daha havadan şəhərə humanitar yardımı atmaq cəhdi göstərmək niyyətindədir.
Ümumdünya Ərzaq Proqramı təşkilatının mütəxəssisləri bundan əvvəl humanitar yüklərin Suriyaya hava yolu ilə çatdırılmasını istisna edirdilər. Və bunu hava məkanından istifadə etmək üçün icazə almağın mümkün olmaması və yerdə işlərin təşkil edilməsinin mürəkkəbliyi ilə izah edirdilər.
Britaniya hökuməti də xəbərdarlıq etmişdi ki, yüklərin havadan atılması çox risklidir və yalnız bütün vasitələr tükəndikdən sonra son vasitə kimi nəzərdən keçirilə bilər.
Lakin BMT-nin fövqəladə yardımlar üzrə əlaqələndiricisi Jan Egeland ötən həftə bəyan etmişdi ki, bu strategiya Deyr əz-Zor şəhərinin ac qalan sakinlərini yedizdirməyin yeganə yoludur.
BMT-nin məlumatına görə, 480 minə qədər suriyalı mühasirə altında olan ərazilərdə qalmaqdadır, ümumiyyətlə isə Suriyanın çətinliklə gedilə bilən bölgələrində təxminən 4 milyon insan yaşayır.





